Qubada “Alimlər fermerlərin yanında”

0
23

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) təşəbbüsü ilə “Alimlər fermerlərin yanında” layihəsinin icrasına başlanıb.

Layihə çərçivəsində ilk sahə nümayişi yanvarın 9-da Qubanın Barlı kəndindəki meyvə bağlarında keçirilib.

Tarla gününün keçirilməsi üçün bağ sahəsinin müəyyən edilməsi “təsadüfi seçim” yanaşmasına əsaslanıb. Məqsəd bağ sahələrində innovativ bitki mühafizə tədbirlərini, budama və gübrələmə metodlarını, həmçinin torpaq analizi və cərgəarası becərmə işlərini fermerlərə əyani nümayiş etdirməklə onların bilik və bacarıqlarını artırmaqdır.

Tədbirdə fitopatoloqlar, aqrokimyaçılar, entomoloqlar və digər ixtisaslı alim və mütəxəssislər, becərmə texnologiyası üzrə kadrlardan ibarət tədqiqat qrupu və yerli meyvəçi fermerlər iştirak ediblər.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, layihənin əsas məqsədi nazirlik tərəfindən son illər həyata keçirilən fermerə yaxınlıq siyasətinin reallaşmasına dəstək göstərməkdən, təsərrüfatçılarla elm adamları arasında münasibətlər yaratmaqdan, təsərrüfatlara gedərək aqrotexniki qulluq, bitki mühafizə, zootexniki, baytarlıq və digər sahələr üzrə tədbirlərin həyata keçirilməsinə kömək göstərməkdən ibarətdir.

Layihənin əsas iştirakçıları Aqrar Elm və İnnovasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 elmi-tədqiqat institutunun, 48 təcrübə stansiyasının və 9 regional aqrar elm və innovasiya mərkəzinin əməkdaşlarıdır.

Tarla günündə mütəxəssislər tərəfindən meyvə bağlarında qış müalicəsi aparılmasının əhəmiyyəti fermerlərə izah olunub, drondan istifadə etməklə xəstəlik və zərərvericilərə qarşı profilaktik çiləmə əməliyyatı aparılıb. Seçilmiş fermerlərin meyvə bağlarında Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun və Quba Regional AEİM-in mütəxəssisləri tərəfindən quru budama işləri aparılıb və iştirakçılar budama prinsiplərini əyani şəkildə mənimsəyiblər.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna məxsus mobil minilaboratoriyadan istifadə etməklə torpaqda NPK-nın (azot, fosfor, kalium), eləcə də PH-ın miqdarı mütəxəssislər tərəfindən yerindəcə təyin edilib və nəticəyə uyğun olaraq gübrə dozası müəyyən edilərək fermerə təqdim olunub.

Layihə çərçivəsində mövsümə uyğun olaraq digər bölgələrdə də kənd təsərrüfatı məhsulları istehsalçıları üçün tarla seminarlarının keçirilməsi nəzərdə tutulur.