“Koroğlu”nu sevən fransız general, yuxusu qaçan sovet lideri, bir tablonun sirri

0
296

O, ilk dəfə Bakıya 1944-cü ilin 27 noyabrında gəlir. Amma Bakıdan əvvəl Tehrana uçmalı olur. Sonra hərbi təyyarə onu yenidən Bakıya gətirir. Moskvaya Stalinlə görüşə getməzdən əvvəl bir neçə gün Bakıda qalır. İndiki Neftçilər prospektində, Qız Qalasının yaxınlığındakı məşhur “Hacınskinin evi”ndə.

Şəhərlə qısa tanışlıqdan sonra Bağırovdan xahiş edir ki, “Koroğlu” operası barədə eşidib, ona baxmaq istəyir. Bağırov da Üzeyir bəyi yanına çağırıb, onun xahişini çatdırır. Bu zaman Üzeyir bəy operanın hansı dildə səsləndiriləcəyini soruşur. M.C.Bağırov isə “Bura Azərbaycandır və təbii ki, opera da Azərbaycan dilində səsləndiriləcək” – deyir.

Buradan xüsusi zirehli qatarla Moskvaya yola düşür. Bakı o qədər xoşuna gəlir ki, yenidən bura gəlmək barədə Stalinə müraciət edir və növbəti gəlişində yenə də “Hacınskinin evi”ndə qalır.

Sonuncu dəfə 1958-ci il iyunun 10-da Bakıda olur. Fransa neftçilərinin nümayəndə heyəti ilə Azərbaycana səfərdə.

Bakı və Azərbaycan onu əbəs yerə belə bərk cəlb etmirdi. Burda, daha dəqiqi, Şəkidə onun dostu yaşayırdı. Partizan dostu Əhmədiyyə Cəbrayılov. Hə, yəqin bildiniz söhbət kimdən gedir. Düz 61 il bundan əvvəl, yanvarın 8-də Fransa Beşinci respublikasının ilk prezidenti seçilmiş əfsanəvi Şarl de Qolldan. O de Qoldan ki, SSRİ-yə səfərlərinin birində Şəkinin Oxud kəndində qan qardaşı adlandırdığı Əhmədiyyəni tapdırmış, onu xüsusi təyyarə ilə Moskvaya gətirtmişdi. O vaxtkı sovet rəhbəri Brejnevin belə yuxusunu qaçırmışdı bu əhvalat. Çünki Baş katib Əhmədiyyə tapılmayanacan yuxu yatmamışdı. Nəhayət, ona məruzə etmişdilər: “Armed”, “Xarqo” ləqəbli Əhmədiyyə Cəbrayılov Azərbaycan SSR-nin Şəki rayonunun Oxud kəndində yaşayır.

Əslində bu tarixçə barədə çox yazılıb. Bu tarixi gündə başqa məqamdan söhbət açmaq fikrindəyik. Müəllifi Ənvər Əliyev olan “Şarl de Qoll və Üzeyir Hacıbəyli “Koroğlu” tamaşasında. Bakı, 1944-cü il” adlı bir əsərdən.

Çox maraqlı tablodur. Rəsmdə Bakının Opera və Balet Teatrı təsvir edilir. Lojada əyləşən Üzeyir Hacıbəylinin sağ tərəfində de Qoll, sol tərəfində isə Əzizağa Əzizbəyovdu. Əzizağa Əzizbəyov həmin vaxt Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləyirdi. De Qollu da Bakıda hər yerdə o müşayiət edirmiş.

Arxa planda görünən, ayaq üstə dayanan isə de Qollun yavəridir. Qarşı planda “Koroğlu” operasının kütləvi səhnəsi təsvir edilib. Yeri gəlmişkən, bu əsər mərhum Ramazan Xəlilovun sifarişi ilə çəkilib Bəs Ramazan Xəlilov kimdir? Hə, Xəlilov rəsmdəkilərin birinə yaxın adam idi. O, Üzeyir bəyin baldızı oğluydu. Əsər məhz onun tapşırığıyla 1991-92-ci illərdə Ənvər Əliyev tərəfindən fırçaya alınır. Şarl de Qoll obrazını yaratmaq üçün rəssama xeyli foto gərək olur. Ramazan Xəlilov Fransadan de Qollun yüzlərlə fotosunu gətizdirir. Onların çoxu indi Üzeyir Hacıbəyovun ev muzeyindədir.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev yazdıqlarından:

“Fransalı qonağın Bakıda keçirdiyi günlərdən söz açan tədqiqatçılar onun “Koroğlu” operasına baxış zamanı operanın müəllifi Üzeyir bəylə tanış olduğunu bildirirlər. Elə rəssam Ənvər Əliyevin çəkdiyi tabloda da həmin məqam öz əksini tapıb. Dahi bəstəkar operasının məzmununu de Qolla izah etmək istərkən o, “Koroğlu” dastanı ilə tanış olduğunu bildirir. Rəssam bu tarixi görüşün təbiiliyinə nail olmaq üçün generalla bəstəkarı lojada təsvir etmiş və səhnənin də bir hissəsini kompozisiyaya daxil etməklə hadisənin məkan konkretliyini əyaniləşdirmişdi. Rəng təzadları ilə məkandakı işıqlandırmanın özünəməxsusluğunu qabardan rəssam, bununla da teatrla bağlı görüntünün reallığına nail olmuşdu.

Səmimi keçən görüşdə qonaq tamaşadan məmnun olduğunu söyləyir. Həmçinin de Qoll ötən əsrin əvvəllərində Fransa mətbuatında tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği ilə bağlı danılmaz fəaliyyət göstərən Ceyhun bəy Hacıbəyli barədə Üzeyir bəylə danışır. Onun sayəsində 1925-ci ildə bəstəkarın “Arşın mal alan” operettasının fransız dilinə çevrilərək Parisdə tamaşaya qoyulması barədə də bilgili olduğunu qeyd edir. Daha sonra onlar birgə foto çəkdirirlər”.

Bəs həmin foto hardadı? Elə bunun özü də maraqlı araşdırmanın mövzusudur.

Lent.az Səbuhi Məmmədli