Ermənistan reallığı nə qədər tez anlasa…

0
125

2019-cu il ölkəmiz üçün uğurlu il oldu. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatlar sosial-iqtisadi sabitlik və inkişafı təmin etməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin artmasına da münbit zəmin yaratdı. Təəssüf ki, bütün bu uğurlarla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  danışıqlar prosesinin gedişində ciddi irəliləyiş olmadı. Bu da il ərzində Ermənistanın münaqişə ilə bağlı çox ziddiyyətli, anlaşılmaz, bir-birini təkzib edən  cəfəng bəyanatlar səsləndirilməsi ilə bağlı oldu.  Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağı “müstəqil dövlət” kimi qələmə verərək Azərbaycanın bu dırnaqarası “müstəqil dövlət”lə danışıqlar aparmasını istədi. Şübhəsiz, bu, danışıqlar prosesinin tamamilə pozulması, mahiyyətcə onun dayandırılması cəhdi idi. Beynəlxalq aləm də Ermənistan rəhbərliyinin təxribatçı bəyanat və hərəkətlərə əl ataraq sülh prosesini pozmaq üçün ardıcıl cəhdlərinin şahidi oldu. Halbuki  Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb və bu müddət ərzində  danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılıb. Odur ki,  beynəlxalq qurumlar bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədilər. Nəticədə danışıqların Azərbaycan və Ermənistan arasında aparılması, danışıqlar prosesinin və formatının dəyişdirilməməsi bir daha təsdiqləndi.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu problemdən danışarkən bir daha bildirmişdir ki, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir: “Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır” deyən Prezident, həmçinin bir daha vurğulamışdır ki, Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Yeri gəlmişkən qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir, həmin sənədlərdə açıq-aydın göstərilir ki, işğalçı Ermənistan işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Üstəlik, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Bütün bunlar isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə yönəlmiş Azərbaycanın haqlı mövqeyinə dəstəyi daha da artırmışdır.

Bütün bunları nəzərə alan dövlətimizin başçısı dünya miqyasında aparılan düşünülmüş siyasət  nəticəsində Dağlıq Qarabağ probleminin də çözüləcəyini bildirmişdir: “Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə bu il böyük addımlar atılmışdır”. Bu sözlərlə Prezident İlham Əliyev münaqişənin həllinin necə nəticələnməli olduğunu da birmənalı şəkildə  göstərmişdir.

Buradan belə nəticəyə gəlmək olar ki, tarixin son dərəcə mürəkkəb mərhələsində uğurlu müstəqil xarici siyasət həyata keçirən Azərbaycan Ermənistana bir daha mesaj göndərdi ki, işğalın davam etdirilməsi və status-kvonun saxlanılması münaqişənin həlli deyil və bu, heç vaxt işğalçı ölkənin arzuladığı siyasi nəticəni verməyəcəkdir. Odur ki, Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməli və qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmalıdır.

Qvami Məhəbbətoğlu,“İki sahil”