Başçı: “Hər kəs Mingəçevirin ideal bir şəhərə çevrildiyinin şahidi olacaq”

0
477

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı yeni təqvim ilində sakinlərlə ilk görüşünü keçirib. Bu dəfə o, şəhərin Sağ sahil massivinin sakinləri ilə görüşib. 11 saylı məktəbin akt zalında  keçirilən tədbirdə icra başçısı İlham İsmayılov əvvəlcə  ötən ilin nailiyyətlərindən söz açıb. Bildirib ki, 2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq: “Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırmışdır. Bu il iqtisadiyyat artmışdır, iqtisadiyyatın qeyri-neft sektoru 3 faizdən çox artmışdır. Bizim valyuta ehtiyatlarımız bu il 4,5 milyard dollar artmışdır və rekord həddə – 50 milyard dollara çatmışdır. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfədən çox artıqdır. Yəni, bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının dayanıqlılığını ifadə edir. Sənaye istehsalı artmışdır, xüsusilə qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil etmişdir. Kənd təsərrüfatında 7 faiz artım vardır. Yəni, bütün əsas istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafı reallıqdır”.

Daha sonra o, şəhər miqyasında görülən və görüləcək işlərdən danışıb: “Bildiyiniz kimi, Mingəçevirdə müəyyən abadlıq işləri aparılıb. Bu abadlıq işləri şəhərin ən ucqar məkanlarını belə əhatə edəcək. Bununla da  hər kəs  Mingəçevirin ideal bir şəhərə çevrildiyinin şahidi olacaq”. Şəhərin Sağ sahil massivinin diqqətdən kənarda qaldığını vurğulayan başçı artıq bu məkanda da abadlıq işlərinin aparıldığını qeyd edib: “Züleyxa Həsənova küçəsindəki binaların problemləri öz həllini tapıb. Demək istəyirəm ki, digər qaldırılan problemlər də mərhələli şəkildə aradan qaldırlacaq”. Daha sonra başçı tikintisinə bu il başlanacaq Xalça fabrikinin işsizliyin aradan qaldırılmasına öz töhfəsini verəcəyini qeyd edib.

Sakinlərdən Sədaqət Mustafayeva, Qurban Qarayev bundan əvvəlki görüşlərdə qaldırdıqları problemlərin artıq öz həllini tapdığını dilə gətiriblər və buna görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Digər çıxış edən sakinlər hazırda mövcud olan problemləri dilə gətiriblər. Başçı bütün problemlərin tədricən aradan qaldırılacağını vurğulayıb.

Esmira Hidayətova, Mingəçevir