Milli-mənəvi dəyərlərə bağlılıq

0
76

Prezident İlham Əliyev 2020-ci ili ölkəmizdə “Könüllülər İli” elan edib. Bununla bağlı imzalanan Sərəncamda deyilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Yeri gəlmişkən qeyd edək ki, bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib. Belə ki, 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi respublikamızda könüllülük fəaliyyətinin inkişafında önəmli rol  oynayıb. Məhz bundan sonra ölkəmizdə könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoyub. 2012-ci il dekabrın 29-da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı zamanı bir qrup “ASAN könüllüsü” ilə görüşən Prezident İlham Əliyev onlara  xeyir-duasını verib. Bu gün ölkəmizdə “Gənc Könüllülər”, “ASAN Könüllülər”,  “BİR Tələbə-Könüllülər”, “Aqrar İnkişaf Könüllüləri”, “KOB Könüllüləri”, “Miqrasiya Könüllüləri”, “Ədliyyə Könüllüləri”, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında müxtəlif könüllülər təşkilatları uğurla fəaliyyət göstərirlər.

Bu mənada hazırda könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata, gənclərimizin isə həyat tərzinə çevrilib desək qətiyyən səhv etmiş olmarıq. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində də könüllülər əvəzsiz rol oynayıblar.

İndi bu və ya digər tədbiri, eləcə də xidməti könüllülərsiz təsəvvür etmək mümkün deyil. Onların əsas məqsədi vətəndaş məmnunluğuna nail olmaqdır. Könüllülər, sözün həqiqi mənasında, bu missiyanı uğurla yerinə yetirirlər. Elə buna görə də dövlətimizin başçısı onların fəaliyyətini həmişə yüksək dəyərləndirib. Məsələn, ötən il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında bu məsələyə toxunan Prezident gənclərin fərdi inkişafına təkan verən, onlarda sosial məsuliyyət hissini artıran könüllülərin alqışa layiq olduğunu bildirməklə yanaşı, bu hərəkatın xüsusi əhəmiyyət kəsb etdiyini də vurğulamışdır: “Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayırlar… Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər. Özəl sektora da tövsiyəm bundan ibarətdir”. Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində də bu məsələni bir daha gündəmə gətirmişdir: “Hesab edirəm ki, bizim bütün dövlət təşkilatlarında könüllülər fəaliyyət göstərməlidirlər”.

Artıq könüllülərin xalqı məmnun etmək faktları da göz qabağındadır. Məsələn, indiyədək 30 milyondan çox vətəndaşın müraciətinin daxil olduğu “ASAN xidmət”in fəaliyyətindən vətəndaşların məmnunluq faizi 100 faizə yaxındır. Bu, onu göstərir ki, bu hərəkat doğrudan da böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb. Bütün bunlar isə hər şeydən əvvəl, Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə könüllülük fəaliyyətinin inkişafına göstərdikləri yüksək diqqət və qayğının nəticəsidir.

Şübhəsiz, 2020-ci ilin ölkəmizdə “Könüllülər İli” elan edilməsi hazırda uğurla davam edən struktur və kadr islahatlarına da yeni nəfəs verməklə yanaşı, daha böyük nailiyyətlərin qazanılmasına da yeni imkanlar yaradacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”