Bir gündə şəhid olan 14 şəhidin anım mərasimi keçirilib

0
137

 1994 -cü il yanvarın 4-də Ağdam-Füzuli yolunu bağlamaq tapşırığı alan dəstə tapşırığa uyğun olaraq öncədən müəyyən olunan yerə çatır. Səhəri gün ermənilərin həmin istiqamətdə daha çox qüvvə yığması aşkarlanır. Ermənilərin dəstə üzvlərinin orada olmasının aşkar edilməsi ilə başlayan atışma bir neçə saat davam edir. Qeyri-bərabər qüvvələr nisbətində gedən döyüşdə düşmən tərəfdən xeyli canlı məhv edirlər. Həmin döyüşlərdə Etibar İsmayılov düşmən tərəfdən gələn zirehli texnikanın altına özünü ataraq məhv edir. Yalnız bundan sonra mühasirədən çıxa bilirlər. Bu sözləri Qaraş Əliyev adına Hindarx qəsəbə 3 saylı ümumi orta məktəbin direktoru Kəmalə Zeynalova həmin hadisə ilə bağlı təşkil olunan tədbirdə bildirib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Tədbir iştirakçıları ilk olaraq Milli Qəhəman Etibar İsmayılovun qəsəbə 1 saylı orta məktəbin qarşısındakı büstü önünə gül dəstələri qoyublar. Daha sonra Şəhidlər xiyabanına gələn iştirakçılar respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının məzarları üzərinə tər çiçəklər qoyub, xatirələrini ehtiramla yad ediblər. Çıxış edənlər həmin günün dəhşətlərindən söz açıblar.

Qeyd edilib   ki, həmin döyüşdə yəni, 1994-cü il yanvarın 4-də mühasirəyə düşən dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü düşmən tankının altına atan Etibar İsmayılov onu ekipajla birlikdə məhv edib, özü də şəhidlik zirvəsinə ucalıb. Mühasirəni yarmağa müvəffəq olan əsgərlərimiz həmin döyüşdə xeyli itKi veriblər. Həmin şəhidlərimizdən 14-ü bir qəsəbənin sakinləri olublar. Tədbir iştirakçıları bildiriblər ki, onların əziz xatirəsi tək bu gün deyil, hər zaman ürəklərdə əbədi olaraq yaşayacaq.

Esmira Hidayətova, Ağcabədi