Cavad xanın xatirəsi anılıb

0
123

Gəncədə şəhər ictimaiyyətinin iştirakı ilə Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın anım mərasimi keçirilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cavad xan türbəsinin önündə təşkil olunub.

Mərasimdə çıxış edənlər 1747-1804-cü illərdə Gəncə xanlığının keçdiyi tarixi inkişaf yolunu, XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarını bürüyən dərin sosial-iqtisadi, siyasi böhranın köklərini və xanlıqların üzərini alan işğal təhlükəsini tarixi faktlarla iştirakçıların diqqətinə çatdırıblar. Bildirilib ki, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Vətənin azadlığı və istiqlaliyyəti uğrunda son anadək mərdliklə mübarizə aparıb, imperiya qoşununun əsgərləri ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Çar imperiya qoşununun çoxsaylı həmlələrindən sonra Gəncə şəhəri 1804-cü il yanvarın 4-də işğal edilib. Gəncənin yadellilərdən müdafiəsində Cavad xanın oğlu Hüseynqulu bəy, ailə üzvləri və 1500 nəfərədək gəncəli mətanətlə vuruşaraq şəhid olub, 17224 nəfər dinc sakin əsir götürülüb.

Çıxışlarda diqqətə çatdırılıb ki, Cavad xan çar imperiyası qoşunlarına qarşı mərdliklə mübarizə apararaq, Azərbaycanın qəhrəmanlıq tarixinin şanlı səhifələrindən birini yazıb. Odur ki, düşmən əsarətinə qarşı əyilməzlik və mübarizlik rəmzi kimi Cavad xanın xatirəsi nəinki gəncəlilər, eləcə də bütün Azərbaycan xalqı tərəfindən böyük hörmət və ehtiramla anılır.

Tədbir çərçivəsində Gəncə Dövlət Dram Teatrının kollektivi Cavad xana həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirib.

Çıxışlardan sonra mərasim iştirakçıları Cavad xanın türbəsini ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Cavad xanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. 2004-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xanın məzarı üzərində tarixi üslubda türbə inşa olunub, Gəncənin ən qədim küçə və qəsəbələrindən birinə onun adı verilib.