2019: Yaddaşlara əbədi həkk olunan il

0
302

Daha bir ili geridə qoyuruq. Qarşıdan Yeni il gəlir. Maraqlıdır, görəsən 2019-ci il  yaddaşlarda necə qalacaq? “İki sahil” qəzeti bir neçə həmsöhbətinin simasında bu suala aydınlıq gətirməyə çalışıb.

Milli Məclisin deputatı Azər Badamov:

-2019-cu il yaddaşlara qızıl hərflərlə yazıldı. Belə ki, ölkəmizdə daha sürətli inkişafa nail olmaq, zamanla, müasir çağırışlarla ayaqlaşmaq üçün kadr və struktur islahatları kompleks xarakter aldı. Hətta bu, dövlət idarəetməsinin bütün qollarını əhatə etdi. İl ərzində bütün sahələr üzrə əldə edilmiş nailiyyətlər də həmin islahatların nə qədər səmərə verdiyini bir daha ortaya qoydu. Belə ki, 2019-cu ildə ümumi iqtisadi artım 2 faizdən çoxdur. Ancaq qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb. Sevindirici haldır ki, qeyri-neft sənayesində belə artım 14 faizdir, kənd təsərrüfatında isə iqtisadi artım 7 faizdən çoxdur. Bu mənada 2019-cu il mənim yaddaşımda hər şeydən əvvəl ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrin həyatda öz əksini tapması ili kimi həkk olundu. Uğurlarımıza digər aspektlərdən də baxaq: noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Bununla da dörd il bundan əvvəl təməli qoyulmuş TANAP Avropa sərhədinə çatdı. Şübhəsiz, həmin gün bir tarixi gün kimi yaddaşıma yazıldı.

2019-cu ildə beynəlxalq münasibətlər sistemində mövqelərimiz daha da möhkəmləndirildi. Bu il həm də mənim yaddaşımda dövlət başçımızın Nikol Paşinyanın timsalında dünya ermənilərinə verdiyi “Valday” dərsi kimi qaldı. Yəqin xatırlayırsınız, bu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak edən İlham Əliyev Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı populist fikrinə tutarlı cavab verdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”.

Şəxsi həyatıma gəldikdə isə… 2020-ci il 9 fevralda keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən 51 saylı Qusar seçki dairəsindən namizədləyim irəli sürülüb. Bu etimada görə mənsub olduğum partiyaya, onun rəhbərliyinə minnətdaram.

“Tərəqqi” medallı fermer İldırım Məmmədov:

– 2019-cu il bütövlükdə aqrar sahədə çox ciddi işlərin görüldüyü bir il oldu. Məsələn, aqrar sığorta fermerlərimizi ən çox narahat edən məsələlərdən biri idi. 2019-cu ildə aqrar sığorta sisteminin modeli quruldu. Şəxsən mən bunu aqrar sahədə qazanılan ən böyük uğurlardan biri hesab edirəm. Niyə görə? Hər mövsüm fermer təsərrüfatlarına demək olar ki, böyük həcmdə ziyan dəyir. Bunun əsas səbəblərindən biri də, təbii fəlakət faktorları idi. Sığorta sistemi bitkiçilik və heyvandarlıq məhsulları istehsalçılarına təbii fəlakətlər zamanı onlara dəyə biləcək maddi zərərlərdən təminat verəcək. Odur ki, həmin məsələnin öz həllini tapması bu il məndə xoş ovqat yaratdı. Onu da qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində 2019-cu ildə aqrar sektor da keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu.

Xalq artisti Kazım Abdullayev:

Bildiyiniz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunmuşdu. Bu il çərçivəsində Azərbaycanın böyük şair və mütəfəkkirinin 650 illiyi istər ölkə daxilində, istərsə də bir sıra xarici ölkələrdə yaddaqalan tədbirlərlə qeyd edildi. Üstəlik, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə mütəfəkkir şairin 650 illiyi münasibəti ilə bir gündə 650 min ağac əkildi. Bütün bunlar mənim yaddaşıma əbədi həkk olundu. Yaddaşımda qalan daha bir hadisədən də söz açmaq istərdim. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2019-cu il mart ayının 1-də ölkəmizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdülər. Həmin görüşdə qaldırılan məsələlərin hamısı müsbət həllini tapdı.

2019-cu il mənim üçün də uğurlu oldu. Belə ki, mən məhs bu il Xalq artisti kimi yüksək ada layiq görüldüm. Yeri gəlmişkən, əməyimə verilən bu yüksək dəyərə görə Prezidentimizə, həmçinin mədəniyyət və incəsənətimizin himayadarı sayılan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm.

Qarabağ qazisi, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev:

– Bu il  şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin mənzil-məişət məsələlərinin həlli daha çox diqqət mərkəzində oldu. Belə ki, 2019-cu ildə bu kateqoriyalardan olan vətəndaşlara 934 fərdi ev və mənzillər verildi. Şübhəsiz, mənzillə təmin olunanların hər birinin sevinci mənim sevincimdir. Bu mənada demək olar ki, 2019-cu ilin  hər günü yaddaşıma əbədi həkk olundu desəm, səhv etmərəm.

Onu da bir daha vurğulamağı özümə borc bilirəm ki, bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, şəhid ailələrinə, müharibə əlillərinə bu qədər qayğı göstərir. Fürsətdən istifadə edərək xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında böyük qələbə sevincini yaşamalarını arzulayıram. İnşallah, o gün də uzaqda deyil”.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nizami Babaşov: 

-2019-cu ildə respublikamızda həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoydu. Özü də bu islahatlar xalqın rifahının daha da yaxşılaşmasında önəmli rol oynadı. Təkcə bu il 4 milyon 200 mindən çox insan geniş sosial paketlə əhatə olundu. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz, müavinətlər 2 dəfə çoxaldı. Bu il, həmçinin orta əməkhaqqı 35 faiz artdı. 2019-cu ilin iqtisadi mənzərəsi Azərbaycanın qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyən bir ölkə olduğunu bir daha nümayiş etdirdi.

Futbol üzrə beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev: 

-2019-cu ildə ölkəmizdə çox önəmli hadisələrlə zəngin oldu. Mən bir idmançı kimi yalnız onlardan biri barədə söz açmaq istəyirəm. Mayın 29-da Bakı UEFA Avropa Liqasının “Celsi”-“Arsenal” komandalarının final oyununu keçirməklə daha bir tarixə imza atdı və bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan ən mötəbər tədbirləri və  beynəlxalq miqyaslı idman yarışlarını da yüksək səviyyədə keçirməyə qadirdir. Bununla da antiazərbaycan qüvvələrin, xüsusilə ermənipərəst dairələrin fikirləri alt-üst olundu. Halbuki onlar həmin  final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi əleyhinə çıxaraq bu nüfuzlu tədbirin baş tutmaması üçün müxtəlif fitnə-fəsada əl atırdılar. Şübhəsiz, bu hadisə mənim həyat kitabımın 2019-cu il fəslində qızıl hərflərlə həkk olundu. Sevinirəm ki, “Avropa-2020”nin 3 qrup və 1 final oyunu da respublikamızda təşkil olunacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”