Kristina Kox kosmosda ən uzun müddət qalan qadın astronavtdır

0
150

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) nümayəndəsi Kristina Kox Beynəlxalq Kosmik Stansiyada fasiləsiz ən uzun müddət fəaliyyət göstərən qadın astronavt hesab olunub. AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, dekabrın 29-da onun kosmosda missiyasının 289-cu günü tamam olub. Kristina Kox bu il martın 14-də stansiyaya çatıb.

Qadın astronavt telekanala müsahibəsində bildirib ki, onun rekordu elmi nöqteyi-nəzərdən də mühümdür. Belə ki, qarşıdakı illərdə Aya və Marsa planlaşdırılan pilotlu missiyalar üçün insan bədəninin mikroqravitasya şəraitinə nə qədər davam gətirəcəyini müəyyən etmək vacibdir.

Bundan əvvəl kosmosda ən uzun müddət qalan qadın astronavt titulu ABŞ nümayəndəsi Peqqi Uitsona məxsus olub. O, Beynəlxalq Kosmik Stansiyada 288 gün fəaliyyət göstərib.

Gənc qızlara məsləhət verən Kristina deyib ki, onlar uğur qazanmaq üçün məhz qorxduqları işin qulpundan yapışsınlar. “Kosmosa uçuş sizi qorxuda bilər, amma qorxu hissi özü sizin bu işə marağınızın göstəricisidir. Əgər əvvəllər ağlınıza belə gəlməyən sahədə böyük uğura nail oldunuzsa, onda qazanacağınız mükafat da daha böyük olacaq”, -deyə astronavt qeyd edib.

NASA məlumat verib ki, Kristina Koxun kosmosda missiyası 2020-ci ilin fevralınadək uzadılıb. Beləliklə, qadın astronavtın yeni rekordu 328 gün ola bilər. Hazırda kosmosda NASA-nın daha bir qadın astronavtı – Cessika Meir fəaliyyət göstərir.