2019: Mədəni hadisələrlə zəngin il

0
40

2019-ci il ölkəmizin mədəni həyatında əlamətdar hadisələrlə zəngin olub. Hər şeydən öncə qeyd edək ki, İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi fəlsəfi görüşləri ilə kamil insan simvoluna çevrilmiş böyük ideallar şairinin bəşəri fikirlərini dünyaya çatdırmaq üçün yeni imkanlar açdı. Belə ki, yubiley ili çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda layihələr həyata keçirildi; müstəsna əqidə və iradə sahibi kimi tanınan  İmadəddin Nəsiminin əsərləri müxtəlif dillərə tərcümə edilərək nəşr olundu, yaradıcılığına dair tədqiqatlar aparıldı və s. Bu mənada biz bu il də Azərbaycan ədəbiyyatının və mədəniyyətinin qədim köklərə malik olduğunu, həmçinin bəşərililiyini bir daha dünyaya nümayiş etdirdik. Yeri gəlmişkən qeyd edək ki, böyük mütəfəkkirin 650 illiyi münasibəti ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkmək təşəbbüsünü də bu ilin əlamədar hadisələri siyahısına daxil etmək olar. Çünki bu nəcib addım böyük söz ustadının xatirəsinə ehtiram olmaqla yanaşı, həm də təbiətə sevgi və qayğı deməkdir.

Bu il ölkəmiz mədəniyyətlə bağlı mötəbər beynəlxalq tədbirlərə də ev sahibliyi etdi. Belə ki, bu ilin mayında Bakıda 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumda çıxış edən Prezident İlham Əliyev dünyanı insanlar üçün ən təhlükəsiz məkana çevirmək məqsədi ilə ölkələri sülhü, dinlərarası harmoniyanı, mədəni dialoqu gücləndirməyə çağırdı. İyunun 30-dan iyulun 10-dək respublikamızda reallaşan növbəti mötəbər tədbirdə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) müəyyən çətinliklərə baxmayaraq, Dünya Mədəni İrs Siyahısına daxil edildi. Şübhəsiz, bu, mühüm nailiyyət olmaqla yanaşı, Azərbaycanın mədəniyyət siyasətinin yüksək səviyyədə təntənəsi idi. Bu mənada artıq Şəki şəhəri təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə məxsusdur. Bütün bunlar həm də UNESKO ilə ölkəmiz arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsindən xəbər verir. Bu nailiyyətlərin əldə olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın UNESKO-dakı nüfuzu da mühüm rol oynayıb. Bu, həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun, ölkəmizə göstərilən yüksək etimadın örnəkləridir.

Qeyd edək ki, başa çatmaqda olan oktyabr ayında Bakı şəhəri UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edildi. Məlumat üçün bildirək ki, bu şəbəkə inkişafını musiqi, sənət, sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət üzərində quran şəhərləri bir araya gətirir. Ümumilikdə bu şəbəkəyə 246 şəhər daxildir.

2019-cu il mart ayının 1-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə ölkəmizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirilən görüş dövlətin mədəniyyətimizə gerçək münasibətini ortaya qoymaqla yanaşı, bu sahənin inkişafında yeni üfüqlərin açılmasına da vəsilə oldu. Belə ki, həmin görüşdə qaldırılan məsələlərin, demək olar ki, hamısı həllini tapdı. Dövlət Musiqili və Dövlət Rus Dram teatrlarına “akademik” statusu verildi. Ondan çox görkəmli xadimin (Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi, Cəfər Cabbarlı, İsmayıl Şıxlı, Hüseyn İbrahimov, Soltan Hacıbəyov, Əminə Dilbazi, Tofiq Tağızadə və Hacıbaba Hüseynov və s.), həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileylərinin qeyd olunmasını da ölkə rəhbərliyinin milli mədəni yaddaşa ehtiramın bariz nümunəsi kimi dəyərləndirilməlidir. Görkəmli sənət adamlarının – şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESKO səviyyəsində keçirilməsi isə Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir. Qeyd edək ki, bu il Nəsiminin yubileyi Parisdə – UNESKO-nun mənzil-qərargahında da qeyd olunub.

Bu il, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı,  Bakı Beynəlxalq Caz Festivalı da  maraqla qarşılandı.

Bəli, başa çatmaqda olan 2019-cu il də “Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir” deyən ulu öndər Heydər Əliyevin mədəniyyət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu isə o deməkdir ki,  mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramları həqiqətən ölkəmizdə mədəniyyətin tərəqqisinə stimul yaradıb. Bu mənada əminliklə demək olar ki, 2020-cı il də mədəni hadisələrlə yaddaqalan il olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”