Heydər Əliyev Mərkəzi: Ulu Öndərin unudulmaz xatirəsinə layiq abidə

0
486

Prezident İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli Sərəncamına əsasən inşa olunan Heydər Əliyev Mərkəzini bəziləri dalğaya, bəziləri küləyə bənzədirlər. Bu, təbiidir, çünki hər bir insanın öz fantaziyaları əsasında fikirləri yarana bilər. Hər halda Heydər Əliyev Mərkəzi həm memarlıq, həm də funksional baxımdan fərqlidir. Elə bu səbəbdən bir çoxları qeyri-adi, mürəkkəb quruluşlu Heydər Əliyev Mərkəzinin möcüzə nəticəsində gerçəkləşməsini düşünürlər. Bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınan memar Zaha Hadidin layihəsi əsasında tikilən və unikal arxitektur quruluşa malik Heydər Əliyev Mərkəzi dünya memarlığının incilərindən sayılımaqla yanaşı, həm də paytaxtımızın müasir rəmzlərindən biri hesab olunur.

Binanın quruluşu – yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu, həmçinin bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirir. Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır. Yeri gəlmişkən qeyd edək ki, ulu öndər Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Mərkəzin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyidir. Dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən muzey Mərkəzin modern üslubu ilə həmahəngdir. Bu mənada Heydər Əliyev Mərkəzi bir memarlıq əsəri kimi böyük insan, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə layiq abidədir.

Heydər Əliyev Mərkəzi fəaliyyətə başladığı gündən ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir. Bu da təsadüfi deyildir. Belə ki, tariximizdə misilsiz rol oynamış ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin gələcək nəsillərə çatdırılması xüsusi aktuallıq kəsb edir.

 Heydər Əliyev Mərkəzinin açılış mərasimində Prezident İlham Əliyev Ulu Öndərin Azərbaycan tarixindəki xidmətlərinə və roluna bir daha nəzər salaraq demişdir ki, ümummilli lider istər 70-80-cı illərdə, istərsə də müstəqillik illərində, bir sözlə,  bütün həyatı boyu xalqın rifahı və dövlətin inkişafı naminə misilsiz xidmətlər göstərmişdir. Müasir Azərbaycan dünyada ümummilli lider Heydər Əliyevlə tanınıb. Bu mənada müasir Azərbaycanın tarixinin bütün səhifələrində onun xidmətləri danılmazdır. Elə ölkəmizin bugünkü uğurları, nailiyyətləri, müstəqilliyimizin güclənməsi də ulu öndər Heydər Əliyev yolunun, azərbaycançılıq ideyasının davamıdır.

Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyevin adını daşıyan memarlıq abidəsi kimi ucaldılan Mərkəz ölkəmizin ictimai-siyasi və mədəni həyatında böyük rol oynamaqla yanaşı, beynəlxalq səviyyəli tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin təşkilinin də mərkəzinə çevrilib. Bir sıra beynəlxalq təşkilatlara üzv qəbul olunan Heydər Əliyev Mərkəzi Böyük Britaniya, Fransa, İsrail, İtaliya, Rusiya, Macarıstan, Rumıniya,  Türkiyə, Yaponiya və digər ölkələrdə də bir sıra layihələr həyata keçirib. Belə bir möhtəşəm Mərkəzin yerləşdiyi məkan  eyni zamanda, vətəndaşlarımız, eləcə də Bakıya təşrif buyuran xarici qonaqlar üçün unikal istirahət ocağıdır.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin binasının təməli 2007-ci il sentyabrın 10-da qoyulub, rəsmi açılışı isə 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə olub.

Qvami Məhəbbətoğlu, “İki sahil”