2019: Qubalılar üçün yaddaqalan il

0
56

Yola saldığımız il ölkəmizin hər yerində olduğu kimi, Quba rayonunun da iqtisadi, sosial, mədəni həyatında əlamətdar hadisələrlə yadda qalacaq. Mövcud faktlar 2019-cu ili Qubanın ən yüksək  iqtisadi inkişaf dövrü kimi xarakterizə etməyə imkan verir.  Məsələn, bu il bağlardan 125 min tona yaxın  meyvə toplanılıb. Halbuki ötən il bu göstərici 115,8 min ton idi.

Bu il rayonda 28101 ton buğda, 4718 ton apra istehsal olunub ki, bu da əvvəlki ilki göstəricilərldən çoxdur. Yeri gəlmişkən qeyd edək ki, bu artımlarda dövlət qayğısı da önəmli rol oynayıb. Belə ki, 2019-cu ildə rayonda 9574 nəfər fermerə 1 milyon 563 min manat subsidiya verilib.

2019-cu ildə Qubada yüz illərin arzusu da reallaşıb. Rayonun Qonaqkənd qəsəbəsinə müasir standartlara cavab verən 46 kilometr uzunluğunda yol çəkilib, üstəlik, bu yaşayış məntəqəsi “mavi yanacaq”la təmin olunub. Bu il, həmçinin Alpan, Susay, Kürkün kəndlərini rayon mərkəzi ilə birləşdirən yollar da asfaltlanıb. Hazırda Susay-Xınalıq istiqamətində alternativ yolun çəkilişi davam edir. 2019-cu ildə Bakı-Quba yolunun 151-ci kilometrliyindən başlayaraq, Cağacuqdan  Talabıqışlaq-Xaroşa-Talabı-Töhmər-Qamqam kəndləri istiqamətində avtomobil yolunun tikintisinə də start verilib.

Rayonda yaşayış məntəqələrinin qazlaşdırılması işi də uğurla davam etdirilib. Küpçalqışlaq, Əliməmmədoba, Hacıhüseynli, Çaydüzü, Təngəaltı, Afurca, Xırt, Künxırt kəndləri, Gənclər və Qonaqkənd qəsəbələri, eləcə də Dəvədabanı yaşayış massivi  “mavi yanacaq”la təmin edilib. Qazdan istifadə edən abonentlərin sayı 28 min 500-ə çatdırılıb. Şübhəsiz, bütün bunlar modern inkişaf və müasirləşmə siyasətinin əyani təzahürü və əhaliyə dövlət qayğısının bariz nümunələridir.

2019-cu ildə ölkə Prezidentinin Sərəncamına əsasən inşa olunmuş Alekseyevka kənd tam orta məktəbi, həmçinin Nütəh və Çarxaçu kəndlərində modul tipli yeni məktəb binaları istifadəyə verilib. Bundan başqa, Birinci Nügədi kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 792 şagird yerlik məktəb binasının, Zərdabi qəsəbəsində isə 850 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb. Eyni zamanda, daha 13 ucqar kənddə modul tipli məktəblər quraşdırılmaqdadır.

Bu gün Quba şəhəri də abadlaşır, öz füsunkarlığını artırır. Dövlət Bayrağı Günü və Konstitusiya Günü ərəfəsində şəhərin bir vaxtlar “Qubernator bağı” adlandırılan 28 May Mədəniyyət və İstirahət Parkının açılışı buna əyani sübutdur. Yeri gəlmişkən, uzun illər gözlənilən və şəhərin hərtərəfli inkişafına töhfə verəcək Quba şəhərinin təsdiq olunmuş Baş Planının təqdimatı da keçirilib. Üstəlik, cari ildə Quba şəhəri ilə İsrail Dövlətinin Maalot-Taşiha şəhərləri arasında “Qardaşlaşmış şəhərlər”  əlaqələrinin yaradılması barədə saziş imzalanıb. Bu günlərdə isə Quba şəhəri ilə Ukraynanın Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqaviləyə imza atılıb.

2019-cu ildə rayonda mədəni-kütləvi tədbirlərin sayı da çox olub. Təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, oktyabrın 12-də diplomatik nümayəndəliklərin təmsilçiləri və çoxlu sayda digər qonaqların iştirakı ilə Quba şəhərində keçirilən VI Alma Bayramı geniş rezonans doğurub. Ümumiyyətlə, belə tədbirlər və digər sosial layihələr rayona turist axınını da artırıb.

Bütün bunlar isə o deməkdir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Qubanı da dinamik inkişaf yoluna çıxarıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”