Başçının bayram ovqatlı hesabatı

0
283

 

Dünya Azərbaycanılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Mingəçevir şəhər icra hakimiyyətinin təşəbbüsü ilə bayram tədbiri qeyd edilib. Tədbiri giriş sözü ilə açan Uşaq Gənclər İnkişaf mərkəzinin aparıcıları bayram münasibəti ilə hər kəsi təbrik edib və təbrik üçün sözü Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılova veriblər. Başçı bildirib ki, ölkəmiz  yeni ilin astanasındadır: ”Bir neçə gündən sonra unudulmaz anlarla yadda qalan 2019-cu il tarixə qovuşacaq. Yola saldığımız il respublikamızın həyatında əlamətdar hadisələrlə zəngin olub. Hər şeydən əvvəl Azərbaycanın ev sahibliyi ilə həyata keçirilən möhtəşəm beynəlxalq tədbirlər tarixin yaddaşında əbədi həkk olunacaq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü, Qoşulmama Hərəkatının VIII Bakı Sammiti və s. deyilənləri əyani şəkildə sübut edir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, Qoşulmama Hərəkatının VIII zirvə sammitində Azərbaycan 3 il müddətinə bu hərəkata sədrlik edəcək.

Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı əməli fəaliyyətin nəticəsində mümkün olmuşdur. Məhz buna görə də ölkəmizin beynəlxalq aləmdəki nüfuzu durmadan artır. Bizə inanır və etibar edirlər. Regionun lider dövləti kimi bölgədə həyata keçirilən ən mötəbər tədbirlər Azərbaycanın razılığı ilə həyata keçirilir. Cənab Prezidentin daxili və xarici siyasəti məhz ölkə vətəndaşlarının daha firavan,  məmnunluq hissi ilə yaşamasına yönəldilib. Bu siyasət ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin davamıdır.

 Azərbaycanın iqtisadi qüdrəti artdıqca onun sosial yönümlü tədbirlərinin sayı da artır. Bu gün Azərbaycanda elə şəhər, rayon, kənd, qəsəbə tapmaq olmaz ki, orada abadlıq-quruculuq işləri aparılmasın. 71 illiyini bu yaxınlarda qeyd etdiyimiz doğma şəhərimiz buna əyani nümunədir. Cənab Prezidentimizin tapşırıq və tövsiyələrinə uyğun olaraq Mingəçevirdə park və xiyabanlar, prospekt və küçələr, məhəllə və meydanlar, yaşayış massivləri, çoxmənzilli binalar və fərdi yaşayış evlərinin əraziləri yenidən qurulur, səliqəyə salınaraq müasir görkəm alır.

İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərdiyim bu bir il ərzində əhali ilə keçirilən səyyar görüşlər bizə bu tədbirləri həyata keçirməyə imkan verib. Şəhər sakinləri tərəfindən qaldırılan məsələlər, təklif və iradlar nəticəsində bir sıra yeniliklərə imza atılıb. “Dostluq” parkında uzun illər diqqətdən kənarda qalmış 1,4 hektar ərazinin abadlaşdırılması, burada Dövlət Rəmzləri Muzeyinin, 200 yerlik örtülü səhnənin tikilməsi, uşaqların və yeniyetmələrin istifadəsi üçün mini-futbol meydançasının hazırlanması, eləcə də söhbətgahların, idman qurğularının, digər əyləncə vasitələrinin quraşdırılması, yaşıllıqların salınması böyük razılıq hissi ilə qarşılanmışdır. 


Şəhərin Xaldan şossesi tərəfdən giriş hissəsində 2,4 hektar ərazidə seyrəngahın yaradılması mingəçevirlilər üçün gözəl istirahət məskəni olacaqdır. Şəhərdə nümunəvi məhəllələrin təşkilinə də diqqət artırılıb. Onların sayı 20-dən çoxdur. İstədiyimiz budur ki, hər bir məhəllə nümunəvi olsun. Bunun üçün bütün imkanlardan maksimum istifadə edirik. Təbii ki, birdən-birə şəhərin bütün məhəllə və yaşayış massivlərini nümunəvi hala gətirmək mümkün deyil. Buna baxmayaraq hər bir sahədə işi gücləndirməyə çalışırıq. Qarşımızda mühüm vəzifələr durur. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə yeni-yeni layihələrin həyata keçirilməsinə çalışırıq.


Əziz mingəçevirlilər, əziz məcburi köçkün bacı və qardaşlar, sizlərin hər birini qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə ürəkdən təbrik edir, xoşbəxt həyat, səadət və ən əsası möhkəm cansağlığı arzulayıram. Qədəm qoyduğumuz 2020-ci il hər birimiz üçün düşərli olsun!

Daha sonra tədbirə  Şaxa baba və Qar qızın gəlişi bayram ab-havasını daha da canlandırıb. Mədəniyyət işçilərinin və Uşaq Gənclər İnkişaf mərkəzinin rəqs qrupu bir-birindən maraqlı rəqs nömrələri ilə tədbirə rəngarənglik qatıblar.

Esmira Hidayətova, Mingəçevir