BMU-da bayram tədbiri keçirilib

0
52

                                

          Bakı Mühəndislik Universitetində (BMU) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunan bayram tədbiri keçirilib.

        Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov həmrəylik gününün əhəmiyyətini diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə imzaladığı Fərmanla Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunduğunu xatırladan rektor, bu bayramın dünya üzrə sayı 50 milyonu ötən bütün azərbaycanlıların bayramı olduğunu bildirib. Ümummilli Liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının ilk qurultayının keçirildiyini, onun Sərəncamıyla Diasporla İş üzrə Dövlət Komitəsinin yaradıldığını sözlərinə əlavə edən H.Məmmədov Ulu Öndərin siyasətinin, həmçinin onun diaspora ilə bağlı ideyalarının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.

          H.Məmmədov 2019-cu ilin Azərbaycan üçün uğurlu olduğunu, Prezident İlham Əliyevin müasir yanaşmalara əsaslanan mükəmməl islahatlar konsepsiyası nəticəsində həm daxili və həm də xarici siyasətdə ciddi uğurlara imza atıldığını deyib. İl ərzində həyata keçirilən islahatları nəzərə çatdıran H.Məmmədov bildirib ki, 2019-cu il davamlı inkişaf dövrümüzün növbəti parlaq səhifəsi kimi tarixə düşəcək. Rektor il ərzində digər sahələrdə olduğu kimi təhsil sahəsində də ciddi nailiyyətlərə imza atılıdığını, eyni zamanda müəllimlərin əməkhaqqlarının, tələbə təqaüdlərinin artırıldığını vurğulayıb.

          Başa vurmaqda olduğumuz ilin BMU üçün də uğurlu il olduğunu bildirən H.Məmmədov universitetin professor-müəllim heyətinin və tələbələrinin əldə etdiyi nailiyyətlərə toxunub. Çıxışının sonunda rektor universitet kollektivini bayram münasibətilə təbrik edib, xoş sözlərini çatdırıb.

        Sonra tədbirdə BMU-nun Bədii yaradıcılıq bölməsinin təşkilatçılığı ilə tələbələrin ifasında mahnılar səsləndirilib, rəqslər və səhnəciklər nümayiş olunub.