“Mən həmişə göz oğrusu olmuşam”

0
57

 

Bir vaxtların məşhur sənət növlərindən sayılan dəmirçiliyə indi maraq azalıb. Hazırda Azərbaycanda dəmirçiliklə məşğul olan şəxslər barmaqla sayılacaq qədərdir. Rayonlarda isə demək olar ki, bu sənətlə məşğul olanların da sayı azalıb. Növbəti qəhrəmanımız Mingəçevirdə dəmirçi kimi tanınan 63 yaşlı Saday İsgəndərovdu.

Usta Saday 50 ilə yaxındır ki, dəmirçiliklə məşğuldur. Saday İsgəndərov əslən Laçın rayonundandır. Ermənilər torpaqlarımızı işaql etdikdən sonra Mingəçevirə ailəsi ilə pənah gətirən usta Saday elə özünün deiyi kimi dəmirçilik sənətini də bu bölgəyə  gətirib: ”Mən bu sənəti Qarabağdan gətirmişəm. Özüm Laçın rayonunda yaşamışam, daha sonra Xankəndidə də yaşadıqdan sonra ermənilərin çirkin əməlləri bizi yurd –yuvamızdan perik saldı. Bu sənət mənə ata-babalarımdan keçib. Mən orta məktəbdə oxuyanda yaxşı oxumadığıma görə atam özü ilə məni dəmirçi dükanına gətirib bu sənəi mənə öyrədib. Daha sonra məni ustad yanına şəyird qoydu. Sənətin bütün incəliklərini öyrəndim. Ustam məndən razılıq edəndə əlini başıma çəkərdi. İndi o gündən bu günə qədər bu peşəni davam etdirirəm. Hələ gənc yaşlarımdan hörgüdür, suvaqdır nə desən hamsını edirdim. Ancaq sonuncu məhəbbət bunda qaldı – dəmirdə. Bu şah əsərdi. Tələsmək sevmir, bu sənət elədir ki, dəqiqliyi sevir, xətkeşi, sevir. Rəssam sənətidir, elə bil ora nə çəksən görünür”.

Usta Saday deyir ki, dəmir işi həm də imkan verir ki, usta özünü ifadə edə bilsin. Hərənin bir təxəyyülü bir xəyal dünyası var. Amma əsl sənətkar öz gizli dünyasının bəzəklərini əl işinə yansıda bilsin. Saday usta onu da deyir ki, hər bir sənətin şablonu, standartı var. Əsl usta kimdənsə öyrənər, amma öz yaradıcılığını ona əlavə edər: ”Heç kim ana bətnidə öyrənmir. Döğulmuşuq, görmüşük biz də ustalardan. Usta nə deməkdir-sənətkar. Amma əsl usta göz oğrusu olmalıdır. Usta hərdən öz bildiyinin hamsını öyrətmir, amma mən həmişə göz oğrusu olmuşam”

Qeyd edək ki, ustanın düzəltdikləri sobalar, borular, əyri və dirsəklər və onlarla tikinti və məişət hissələridir. Hər sənətin öz çətinlikləri var deyən müsahibimiz  dəmir işində diqqətli olmaq mütləqdir dedi. Çünki bu işin alətləri çəkiclər,qayçılar, kəlbətinlər, zindanlar, xam mal isə almaz kimi kəskin lövhələrdir.

Ustaya iş zamanı hansısa xəsarət aldığını soruşduqda bildirdi ki, barmağını əzməsən usta olmazsan axı? Gərək o çəkic barmağını partlada ki, usta olasan. Dülgərin barmağı yoxdursa, deməli dülgərdi. Bunlar bir az unutqanlıqdan olur.

10 –dan artıq yetirməsi olan usta deyir ki, günümüzdə bizim düzəltdiyimiz hissələrə maraq azalıb: ”Çünki indi hər şey hazır satılır. Amma buna baxmayaraq, az da olsa tələbat var. Nə qədər ki,təlabat var o zaman  bu sənət də yaşayacaq”.

Esmira Hidayətova, Mingəçevir