Humanizmə sadiqliyin təsdiqi

0
166

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə dövlət qayğısının yeni təzahürü

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının ailə üzvlərinin, eləcə də Qarabağ müharibəsi əlillərinin rifahının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən sosial siyasət bu gün də yüksək səviyyədə davam etdirilir.

Bu qəbildən olan vətəndaşlara ilin əvvəlindən bəri 700 mənzil və fərdi ev verilib. İlin sonunadək daha 234 mənzil və fərdi evin təqdim olunması planlaşdırılır. Yeri gəlmişkən qeyd edək ki, indiyədək şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ümumilikdə 7500-dən çox mənzil və fərdi ev, 7 minə yaxın minik avtomaşını verilib.

Dövlətimizin başçısı yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşündə demişdir: “Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin. Bu, bizim siyasətimizdir, bu, bizim yolumuzdur, biz bu yolu gedirik”. Dekabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 96 mənzilin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması bu vədin də yaxın illərdə reallaşacağından xəbər verir.

Prezident həmin tədbirdə bildirmişdir ki, müharibədə vuruşmuş və əlil olmuş vətəndaşlar üçün şəraitin yaradılması bizim mənəvi borcumuzdur: “Gələn il ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur, yəni, bu ildən fərqli olaraq iki dəfə çox”. Prezident  İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 24 dekabr 2019-cu il tarixli Sərəncamı da bu siyasətin uğurla davam etdirilməsinin yeni təzahürüdür. Sərəncamda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə 20 milyon 610 min manatın ayrılması tapşırılır ki, bu da respublikamızın bölgələrində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni fərdi yaşayış evlərinin tikintisi işlərinin uğurla davam etdirilməsinə təminat verir. Məlumatlara görə,  şəhid ailələri arasında təqribən 2 mindən çox vətəndaş mənzil növbəsindədir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevin daim həssas qruplara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğı göstərdiyini məmnunluq hissi ilə vurğulayırlar. Məsələn, II qrup Qarabağ əlili, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, şəxsən mən bir qazi kimi torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailələrinə, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə dövlət səviyyəsində göstərilən bu qayğını yüksək qiymətləndirirəm: “Buna görə dövlət başçımıza, eləcə də şəhid ailələrinə, müharibə əlillərinə həmişə himayədarlıq edən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Şübhəsiz, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzillə təminatı sahəsində görülən işlər ölkəmizdə aparılan güclü sosial siyasətin daha bir nəticəsidir. Yeri gəlmişkən, fəxrlə bildirmək istəyirəm ki, aparılan islahatlar sayəsində ölkəmizin iqtisadi göstəriciləri gündən-gündən artır. Prezidentimiz də əldə edilmiş əlavə gəlirləri  sosial sahəyə yönəldir. Onu da deyim ki, bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, şəhid ailələrinə, müharibə əlillərinə bu qədər qayğı göstərir. Bu mənada onlar hər zaman dövlətin yanlarında olmasını daim hiss edirlər. Şübhəsiz, bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizmə sadiqlik ənənəsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təsdiqidir”.

Qvami Məhəbbətoğlu, “İki sahil