Ekspert: Aqrar sığortanın tətbiqi ərzaq təhlükəsizliyinə töhfə verəcək

0
87

Bu günlərdə Nazirlər Kabineti beynəlxalq təcrübəyə əsaslanaraq aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı Qərar imzalayıb. Bu Qərar aqrar sahədə çalışanlara nələr vəd edir?

Ekspert Nicat Nəsirlinin fikrincə, ölkənin kənd təsərrüfatında sığorta sisteminin işləməməsi regionlarda istehsalçıların iqtisadi aktivliyinə ciddi zərbə vurur, fermerlər arasında psixoloji inamsızlıq sindiromunu getdikcə dərinləşdirirdi: “Digər tərəfdən, unutmayaq ki, qlobal iqlim dəyişmələri, eləcə də bu kimi digər amillər də ilk növbədə əkinlərə təsir edir. Nəticədə kənd yerlərində yaşayan əhalinin əli işdən soyuyur, urbanizasiya prosesi güclənir, idxala daha çox vəsait xərcləyirik. Bütün bunlar da fikrimcə, həmin sahəni tənzimləyən qanunun olmamasından irəli gəlirdi”.   Müsahibimiz, həmçinin vurğuladı ki, hazırda sayı on milyon nəfərdən çox olan əhalimizin 47 faizi kənd yerlərində yaşayır, ölkədə məşğul əhalinin 36 faizi aqrar sahənin payına düşür, 863 min ailə  çörəyini torpaqdan çıxarır.

“Müasir iqtisadi münasibətlərdə sığorta mədəniyyətdir” sözləri ilə söhbətini davam etdirən ekspert bildirdi ki, sığorta pərakəndə xarakter daşıyan aqrar istehsalı stabilləşdirən iqtisadi alətdir: “Zənnimcə, atılan bu addım nəticəsində sözügedən Qərarda qeyd edilən məhsulların istehsalında xeyli artım müşahidə olunacaq. Bu həm də bazarda qiymətlərin sabitləşməsinə müsbət təsir edəcək. Digər tərəfdən, həmin məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini də azaldacaq, yəni, fermerlərin himayəsini gücləndirəcək. Üstəlik, urbanizasiyanın qarşısı alınacaq, yeni iş yerlərinin açılmasına imkan yaranacaq. Bir sözlə, həm əhali, həm də dövlət bu prosesdən mənfəət əldə edəcək”.

Müsahibimizin sözlərinə görə, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahəsində tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işin mərhələli həyata keçirilməsi qərara alınıb: “Belə ki, ilkin mərhələdə ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq sığorta olunacaq. Heyvandarlıq sahəsində isə sığorta məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsinə nail olmaq üçün 1-7 yaşadək südlük inəklər və camışlara şamil ediləcək. Üstəlik, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə balıqların sığortası da təmin olunacaq.  Şübhəsiz, sığorta olunacaq kənd təsərrüfatı məhsullarının artımı həm də ərzaq təhlükəsizliyinə öz töhfəsini verəcək. Adları çəkilən məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və riskin 50 faizini öz üzərinə götürəcək. Burada qarşıya qoyulan əsas məqsəd ilk olaraq bitkiçilik və heyvandarlıq məhsulları istehsalçılarına təbii fəlakətlər zamanı onlara dəyə biləcək maddi zərərlərdən təminat verməkdir. Şübhəsiz, bu addım kənd təsərrüfatı sahəsində daha böyük dönüş yaratmağa da imkan verəcək. Yəni,  hesab edirəm ki, görülmüş bu kimi işləri, eləcə də islahatları nəzərə alsaq, kənd təsərrüfatında artım daha da yüksələcək”.

Qeyd edək ki, bu ilin  iyununda aqrar sığorta ilə bağlı Qanun qəbul edilib. Avqustda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb və 2020-ci il üçün fonda Dövlət büdcəsindən 5 milyon manat ayrılıb. Xatırladaq ki, “Aqrar Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.        

Qvami Məhəbbətoğlu, “İki sahil”