”Hər barmağım mənim üçün bir gözdür”

0
233

Bəzən insan elə möcüzələrlə rastlaşır ki, bu möcüzələri izləmək elə özü insanın nəyə qadir olduğunun sübutu olur. Saytımızın növbəti qəhrəmanı da bir çoxlarımıza dərs olacaq bir ömür yaşayır, özü də dünya işığına həsrət. Bu 54 yaşlı iki gözdən əlil Mingəçevir sakini İlqar Səbzəliyevdir. 22 il öncə bir iş qəzası sonucu hər iki gözünün işığını itirən İlqar deyir ki, bu hadisəyə qədər elektirik peşəsi ilə məşğul olub. Gözlərinin nurunu itirsə də, öz peşəsinə sonsuz sevgisi və həyata bağlılığı onun qaranlıq dünyasına işıq salıb. Bütün əngəllərə baxmayaraq peşəsini davam etdirməyə qərar verib: ”Biz əlil deylik, mən özümü əsla əlil saymıram. Allah mənə hər şey verib. Qurban olum Allaha. Elə bu istedadı da Allah verib mənə. Gözlərimi alsa da, əllərimi ki verib. İndi mənim 10 gözüm var. Bayaqdan iki idi, indi 10 gözüm var. Hər bir barmağım mənim üçün bir gözdür”.

Fiziki cəhətdən tam sağlam insanlar var ki, cəmiyyətin heç bir işinə yaramırlar. Fiziki qüsurlu olmaq əllilik deyil. Ən əsası insanın ruhu əlil olmasın.

Elə müsahibimiz İlqar  usta da  deyir ki, əlillik o deyil ki, hansısa fiziki qüsurla yaşayasan. Onun fikirincə əlil o şəxslərdir ki, insanlara heç bir xeyri, səmərəsi olmaya. Onu da əlavə edir ki, insan elə yaradılıb ki, onun qarşısında heç bir fiziki maneə dayana bilməz. Yetər ki, istək olsun.

“İş görəndə elə bilirəm ki, mən görürəm. Görmədiyimi hiss eləmirəm. Yəni o da Allahın bir qismətidir. Mənim əsas görən barmaqlarımın uclarıdır”.

Bütün müasir elektirik avadanlıqlarını təmir etməyi bacaran  müsahibimiz dolanışığını da elə bu yolla tapıb. Öz qaranlıq dünyasından zövq alıb yaşamağa çalışır. Maraqlısı odur ki, gözlərinin işığını itirəndən bəri belə demək mümkünsə çox inqilablar olub. Yəni 1997-ci illə müqayisədə indiki cihaz və avadanlıqlar texniki quruluşuna görə tamamilə  dəyişib. Amma İlqar usta barmaqlarının ucu ilə yeni avadanlıqları tanıya bilib: ”Düzdür, mən görən vaxtı belə məişət avadanlıqları olmayıb. Mən bunları heç görməmişəm. Amma buna baxmayaraq yavaş-yavaş bunları təmir etməyi bacarıram. İndi daha çox bu yeni avadanlıqlar gətitilər. Hətta mən evin elektirik xətlərini də çəkirəm”.

Onu da qeyd edək ki, usta görməyənlər üçün xüsusi səsli  tester cihazı da düzəldib. Hazırda İlqar ustanı Mingəçevir Az.Dress qəsəbəsində hamı yaxşı tanıyır. Bir sözlə, yaşamaq üçün görmək yetərli deyil. Yetər ki, səni görsünlər. Usta bizimlə müsahibəsində onu da da dedi ki, əvvəllər görməyə çox can atırdım. Amma indi heç də görmək istəmirəm: ”Çünki mənim qaranlıq dünyamdakı insanlar məni yaxşı başa düşür. Mən öz hisslərimlə həyatın ancaq gözəlliklərini görürəm və hər şeyə rəğmən həyatı rəngarəng hiss edirəm,  gülləri çox sevirəm, bir sözlə,  qaranlıq dünyam mənim günahımın məhsulu deyil. Mən qaranlıq dünyamı işıqlandıraraq xöşbəxt oldum. Bu gün isə daha xöşbəxtəm ki, sizlərin yaddaşından çıxmıram yenə məndən müsahibə alırsınız”.

Esmira Hidayətova, Mingəçevir