“Qarabağ” Bakıda da meydan sulayacaq

0
194

Bəli, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” “Dnepr”i qəbul edəcək. Əvvəla onu deyək ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Dnepr” yaralı halda Bakıya gəlib. Belə ki, “Dnepr” Ukrayna çempionatının 10-cu turunda Kiyev “Dinamo”sunu qəbul edib. Və cari mövsümdə keçirdiyi 9 oyunda məğlub olmayan Dnepropetrovski təmsilçisi öz meydançasında Kiyev klubuna böyükhesabla məğlub olub — 0:3. Bu məğlubiyyətdən sonra “Dnepr” ikinci pilləyə yuvarlanıb, daha doğrusu “taxt”dan salınıb. Odur ki, həmin komanda daha yüksək səviyyədə “Qarabağ”ı məğlub etməklə məğlubiyyətin acısını həm komanda rəsmilərinə, həm də azarkeşlərinə unutdurmaq niyyətindədir. Hətta “Dnepr”in futbolçusu Artyom Fedetski belə deyib: “Bizi ancaq “Qarabağ”la görüş düşündürür. Qarşımızda duran əsas məsələ “Qarabağ”la səfər oyunudur. Azərbaycana yalnız qələbə üçün gedirik. Əgər Avropa Liqasında mübarizəmizi davam etdirmək istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik”. (Bir daha xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə “Dnepr”ə 1:0 hesabı ilə qalib gəlmiş “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb). Təbii ki, onun komanda yoldaşları da belə düşünürlər. Bu mənada Bakıdakı oyunun daha gərgin keçəcəyi gözləniləndir. Bunu “Qarabağ”ın rəsmiləri, o cümlədən komandanın baş məşqçisi Qurban Qurbanov da yaxşı bilir və bunu dəfələrlə etiraf edib.

Bu yazımda sabah keçiriləcək yarışla bağlı bəzi yazarlar kimi “Qarabağ”ın məşqçisinə məsləhətlər vermək niyyətində deyiləm. Hər şeydən əvvəl, belə düşünürəm ki, onun mənim və yaxud mənim kimilərin məsləhətlərinə əsla ehtiyacı yoxdur. Heç şübhəsiz ki, o, digər baş məşqçilərdən fərqli olaraq, öz işini yaxşı bilən, daim öz üzərində çalışan bir mütəxəssisdir. Bu yerdə idman aləmində kifayət qədər tanınmış Valeri Lobanovskinin bir kəlamını xatırlatmaq istərdim. O deyir ki, yaxşı məşqçi o deyil ki, əlində olan futbolçulara uyğun taktika qursun. Yaxşı məşqçi o kəsdir ki, öz futbol fəlsəfəsindən geri çəkilməsin və bu fəlsəfəyə uyğun futbolçular axtarsın, öz taktikasını təkmilləşdirsin. Bir daha yeri gəlmişkən, əgər fikir vermisinizsə, istər bizim bəzi yerli, istərsə də bəzi xarici mütəxəssislər nədənsə “Qarabağ”ın uğurlarına kölgə salmağa cəhd edirlər. Məsələn, elə “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib ki, oyundan öncə Kiyevdə ot örtüyünün sulanmağını xahiş etdik, lakin istəyimiz qəbul olunmadı. Məğlubiyyətin yeganə səbəbinin bu olduğunu demirəm. Ancaq futbolda belə kiçik amillər də nəticəyə təsir edir. Bazamızda hər məşqdən öncə meydança sulanır. Belə olanda oyun sürətli gedir, topla rahat davranmaq olur”. Yəni bu tanınmış mütəxəssis məğlubiyyətin səbəbini meydanın sulanmadığında axtarmağa cəhd edib. Amma “Qarabağ” həmin sulanmamış meydanda sözün yaxşı mənasında elə meydan suladı ki, nəinki Miron Markeviç hətta bütün Avropa bu oyundan danışdı. Ümid edirik ki, Qurban Qurbanovun yetirmələri Bakıda da Kiyevdəki kimi təkcə meydan sulamayacaqlar, üstəlik, at da oynadacaqlar.

Zənnimcə, bu oyunda “Qarabağ”ın tək bir şeyə ehtiyacı olacaq. O da azarkeşlərə… Mənə görə, azarkeşlərimiz də futbol tariximizin “Qarabağ”namə”sini yazmış “Qarabağ”dan öz dəstəklərini əsirgəməyəcəklər və onu qələbəyə səsləyəklər. Çünki onlar da yaxşı başa düşürlər ki, “Qarabağ”ın qrup mərhələsinə yüksəlməsi məhz bu oyundan asılıdır. Bir də “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin sözü olmasın, axı indi bütün dünya Azərbaycanın “Qarabağ” klubundan danışır: “Biz artıq dünyanın nəzərində “Qarabağ”ı almışıq”. Dünyanın nəzərini aşmaq üçün isə “Qarabağ” qrupunda minimum ikinci yeri tutmalıdır.

Eh, gör mən də nə ilə futbolseverləri yoruram e… Onsuz da “Qarabağ” sözünü öz oyunu ilə deyəcək də… Mənə, sadəcə, elə boş-boş qırıldatmaq qalacaq.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here