Azərbaycan-Rusiya əməkdaşlığının yeni dinamikası

0
97

Son illər Rusiya-Azərbaycan münasibətlərinin inkişafı kulminasiya nöqtəsinə çatıb desək, səhv etmərik. İki ölkə arasında bütün sahələr – iqtisadiyyat, siyasət və humanitar istiqamətlər üzrə əlaqələrin genişlənməsi də bunu sübut edir. Türkiyə-Rusiya-Azərbaycan və İran-Rusiya-Azərbaycan kimi əməkdaşlıq formatlarının yaradılmasında da ölkəmizin kifayət qədər rolunu vurğulayan mütəxəssislər artıq Rusiya-Azərbaycan münasibətlərinin ikitərəfli formatın hüdudlarından kənara çıxaraq beynəlxalq səviyyəyə yüksəldiyini, bu mənada Cənubi Qafqazda Rusiyanın strateji müttəfiqinin əslində Azərbaycan olduğunu bildirirlər.

Bəli, iki ölkə arasında iqtisadi əlaqələr də gündən-günə genişlənir. Belə ki, dekabrın 9-da Pirallahı Sənaye Parkının daha bir rezidenti – dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi “R-Pharm”ın açılışı oldu. Hacıqabul Sənaye Məhəlləsində “Penopleks SPB” şirkətinin İzolyasiya Materiallarının İstehsalı Zavodunun, eləcə də “Zabrat” aeroportunun ərazisində Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməlqoyma mərasimləri keçirildi. Elə həmin gün Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclası çərçivəsində daha 3 sənəd imzalandı. Bütün bunlar isə Azərbaycanla Rusiya arasında əməkdaşlığın çox gözəl göstəriciləridir. Şübhəsiz, bu yeni müəssisələr, eləcə də imzalanan yeni sənədlər gələcəkdə iki ölkə arasındakı iqtisadi münasibətlərə, həmçinin Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olan Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsinə  töhfəsini verəcək.

Şübhəsiz, bu kimi uğurların təməlini Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyevin birgə səyləri təşkil edir. Belə ki, onların arasında daha etibarlı xarakter daşıyan münasibətlər bərqərar olub ki, bu da bütün sahələrdə qarşılıqlı fəaliyyətə güclü təkan və dinamika verir. Bircə faktı qeyd edək ki, ötən ilin əvvəlindən bugünədək Prezident İlham Əliyevlə Vladimir Putin doqquz dəfə görüşüblər. Həmin prosesdə iki ölkə arasında əlaqələrin möhkəmlənməsində daha səylə çalışan, bu yaxınlarda Rusiyanın “Dostluq” ordeninə layiq görülmüş  və respublikamızın müasir beynəlxalq imicini yaratmış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da əməyi danılmazdır.

Prezident İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən demişdir ki, həm Rusiyadan Azərbaycana, həm də Azərbaycandan Rusiyaya çoxmilyardlıq investisiyalar, ilk növbədə, bizim bir-birimizə etimadımızın, həmçinin Rusiyada da, Azərbaycanda da yaxşılaşmaqda olan əlverişli investisiya mühitinin göstəricisidir. Bu aspektdən çıxış etsək, bu uğurları həm əməkdaşlığımızın məntiqi davamı, həm də  ölkəmizdə həyata keçirilən islahatların konkret nəticələri kimi dəyərləndirmək olar.

Qeyd edək ki, hazırda Azərbaycanda dünyanın ən böyük dövlətlərindən olan Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dolları, Rusiya tərəfindən isə Azərbaycana 4,9 milyard dollar sərmayə yatırılıb. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 19 faiz, bu ilin 10 ayında isə 23 faiz artıb. Ən mühüm məqam isə bundan ibarətdir ki, təhlillərə görə bu potensialdan hələ tam şəkildə istifadə edilməyib. Belə ki, mövcud dinamikanı daha 2-3 dəfə artırmaq mümkündür. Bütün bunlar isə o deməkdir ki, strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətləri hazırda iqtisadi sahədə də olduqca mühüm mərhələyə qədəm qoyub. Şübhəsiz, Azərbaycan və Rusiya arasında daha da genişlənməkdə olan  münasibətlər  regionumuzda sülhün, təhlükəsizliyin də qarantı rolunda çıxış edəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”