Özünə inan və inandır

0
169

Son vaxtlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək rütbəli məmurlardan öz fəaliyyətləri barədə ictimaiyyətə məlumat vermələrini tələb etməsi təhsil sahəsində çalışanlara da öz işlərinə yenidən baxmaları istiqamətində ciddi mesajdır. Təhsil həmişə cəmiyyətlərin inkişafında, pillə-pillə yüksəlməsində mühüm rol oynamış, bu gün də əsas təkanverici qüvvə olaraq qalmaqdadır. Dahi N. Gəncəvinin dediyi kimi:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

İstər həmkarlarım, istərsə də məktəb işi ilə maraqlananlarla söhbətlərdə tez-tez mübahisə doğuran məsələlərdən biri repetitorluq, məktəbdən, müəllimlərin nəticələrindən razı qalmamaları olur. Düzünü desəm, uzun illərin müəllimi kimi, hal-hazırda məktəb və müəllimin oz rolunu layiqincə oynaya bilməməsindən həm narahat olur, həm də xəcalət çəkirəm. Oxumaq istəyən şagird niyə on bir il ərzində çalışıb beş imtahanın öhdəsindən gələ bilmir? Üstəlik də niyə hamı ali təhsil almalıdır? Axı məktəb yalnız ali məktəblər üçün tələbə yetişdirən müəssisə deyil. Təssüf  ki, məktəbin fəaliyyətinə qiymət hələ də ali məktəbə qəbul olunanların sayına görə verilir. Məktəb gənc nəsli həyata hazırlamalı, onları cəmiyyətin fəal, kriativ, durmadan inkişaf edən beynəlxalq aləmə inteqrasiya etmək bacarığına malik insanlar kimi yetişdirməlidir. İndi sözün əsl mənasında uşaqlığı əlindən alınmış uşaqların əksəriyyəti bellərində çanta düşüblər repetitor və ya ali məktəblərə hazırlıq kurslarının yollarına. Ötən əsrin 40-cı illərində (II Dünya Müharibəsi illərində) böyümüş insanlar o dövrdə uşaqlıqlarını yaşaya bilmədiklərindən, kiçik yaşlarından arxa cəbhədə, hər cür əzab-əziyyətə dözərək, böyüklərin yerinə çalışmağa məcbur olduqlarından ürək ağrısı, təəssüflə danışardılar. Son illərin uşaqları da sülh və əmin-amanlıq şəraitində repetitor və hazırlıq kursları ucbatından öz uşaqlıq illərini, demək olar ki, yaşaya bilmirlər. Belələri  uşaqlıq illərini həm fiziki, həm də zehni cəhətdən çox yorğun və əsəbi gərginlik şəraitində “yola salırlar”. Bir yandan məktəb, digər yandan da xüsusi hazırlıq verənlər tərəfindən yüklənmiş uşaqlar haldan düşürlər, oynamağa, əlavə bir şey oxumağa imkan tapmırlar. Uşaqlıq illərinin ən məşhur klassik ədəbi nümunələrindən xəbərsiz, müəlliflərin adlarını belə bilməyən nə qədər uşaqlarımız var.  Şagird bəzən o qədər yorğun olur ki, gözləri süzülür, ən sadə bir məsələnin dəfələrlə izah olunmasına baxmayaraq dərk etmir, səhvlərə yol verir, müəyyən kursların keçirdiyi imtahanların nəticələri aşağı olduqda uzun müddət stres altında olurlar. Bu, çox ciddi məsələdir. Sağlam bədəndə sağlam ruh olar klassik deyim sanki hamımızın yadından çıxıb.

***

Bu yaxınlarda BBC radiosunda (“Business Daily” BBC World Service) normal yuxunun biznesə vurduğu ziyan haqqında müzakirəyə qulaq asdım. Səkkiz illik bir araşdırmanın nəticələrinin heç də ürəkaçan olmadığını gördüm. Alimlərin fikirincə, normal yuxu rejiminə əməl edə bilməyən işçilər verimli ola bilmədikləri kimi, biznes üçün də maddi problemlər yaradır. Mütəxəssislər kifayət qədər yuxu ala bilməyən adamları hər gün spirtli içki qəbul edənlərə bənzədirlər. Yuxusuzluq öyrənmə, hafizə, diqqət, əsəb sisteminə mənfi təsir göstərir, üstəlik, immun sistemini iflasa uğratmağa başayır. Təkcə bir gecə 4 saat yatmaq antikanser immun hüceyrələrində 70 faiz azalmaya səbəb olur və insanda tez bir zamanda immun çatışmazlığı yaranır və s. Müasir dünyada az yatmaq sanki bir imic məsələsinə çevrilsə də, ekspertlərin qənaətinə görə, az yatmaq daha çox verimlilik demək deyil. Başımızı yastıqdan əvvəl müasir dünyamızın stresi və qayğıları üstünə qoyduğumuzu da əlavə etsək, yuxunun nə qədər vacib olduğunu daha aydın görərik. Biznes aləmində artıq “Sound sleep is sound business” (Sağlam yuxu sağlam biznes deməkdir) deyimi yaranıb.

Bəs, rəhmətlik M. Ə. Sabir demişkən, “bu boyda, bu boyda” məktəb şagirdlərini, onların valideynlərini repetitor və hazırlıq kursu axtarmağa vadar edən nədir, bu problemin həlli mümkündürmü?

El məsəlində deyildiyi kimi, min dərdin min bir dərmanı var. Problemin kökündə əsas səbəb kimi müəllimin özünə inamını görürəm.

Özünə inam həyatın bütün sahələrində, o cümlədən, pedaqoji fəaliyyətdə də mühüm əhəmiyyət kəsb edir. Digər sahələrdən fərqli olaraq, pedaqoji işdə özünə inam ikitərəflidir, o, həm öyrədən – müəllim, həm də öyrənən – şagirdlər üçün vacibdir. Özünə inam hər iki tərəfin uğur əldə etməsi üçün şərait yaradır, əslində bu məqsədə aparan əsas yol funksiyasını oynayır.

***

Getdiyi yola yaxşı bələd olmayan sürücü ilə uzun müddət eyni yolun yolçusu olan digər bir sürücünün özünə inamı arasındakı ciddi fərqi sübut etməyə ehtiyac yoxdur. Pedaqoji prosesdə uğur qazanmanın birinci amili  də müəllimin  özünə inamıdır. Öyrətdiyi mövzuya hakim olmayan, onunla bağlı hansı problemlərin yarana biləcəyini təxmin edib, hazırlaşmayan müəllim elə getdiyi yola yaxşı bələd olmayan sürücüyə bənzəyir. Öz biliyinə, pedaqoji ustalığına güvənməyən, illərin təcrübəsindən lazımi nəticə çıxarıb, zənginləşməyən müəllim dərsdə özünü Sirat körpüsündən keçirmiş kimi hiss edir. Sirr deyil ki, heç kəs üç-beş il ərzində kamilləşmir. Digər tərəfdən, gördüklərini, yaşadıqlarını adi bir hadisə kimi qəbul edib, “öz oxu ətrafında” dövr etməklə də işinin  ustası olmaq mümkün deyil. Müəllim işi nəsil-nəsil dəyişməyə məhkum bir prosesdir. Müəyyən bir resept hazırlayıb onu bütün illərə, həmin illərin bütün siniflərinə tətbiq etmək utopiya olar, pedaqoji elmin məhvinə gətirib çıxarardı. Özünə inanmayan müəllim dərs dediyi uşaqları da inandıra bilməz. Ayağını yerə arxayın basmayan adam yaxşı yeriyə bilmədiyi kimi, büdrəyib yıxılmağa da çox yaxın olur. Özünə inamı olmayan müəllim dərs boyunca stress altında olur, sinfə hakim ola bilmir, intizarla  zəngi gözləyir ki, canını qurtarsın. Özünə inamı olan müəllim sinfə həvəslə daxil olur, dərs zamanının uzanmasını istəyir, şagirdlər də dərsin başlanmasını sevinclə, bitməsini isə təəssüflə qarşılayırlar. Qarşılıqlı anlaşma, hörmət, etibar və sevgi atmosferində keçilən dərsin ləzzəti uzun müddət yaddaşlarda yaşayır. Sözümüzə qüvvət olaraq, təxəllüsü, “Artur dayı” ilə tanınan Artur Stanley Maksvelin (1896 – 1970) hekayələrindən birindən bir epizodu ixtisarla birlikdə oxuyaq:

İllər əvvəl bir fermerin Atlantik okeanı sahillərində təsərrüfatı vardı. Uzun müddət elan verərək işçi axtarmışdı. Adamların əksəriyyəti Atlantik sahillərində işləmək istəmirdilər. Onlar Atlantik sahillərində tüğyan edib binalar və məhsula böyük ziyan vuran tufanlardan qorxurdular. Nəhayət, işləmək istəyən bəstəboy, orta yaşı atlamışbir nəfərdən yaxşı təsərrüfat işçisi olub-olmadığını soruşur. Adam cavab verir: – Necə deyim, külək əsəndə yatmağı bacarıram. 

Bu cavab qarşısında çaşqın qalsa da, köməyə böyük ehtiyacı olan fermer həmin adamı işə götürür. İşçi təsərrüfatda dan yeri söküləndən qaş qaralanacan çalışır və sahibkar onun işindən razı qalır.

Bir gecə sahildən gələn küləyin uğultusu fermeri yuxusundan oyadır. O, yatağından sıçrayıb, fənəri qapıb işçisinin yatdığı tikintilərə tələsir. O, yatmaqda olan adamı silkələyib qışqırır: – Qalx! Tufan gəlir! Külək uçurmadan bağlanmalı şeyləri bağla! O bəstəboy adam çevrilib qətiyyətlə deyir: – Xeyr, cənab. Mən sizə dedim axı mən külək əsəndə yatmağı bacarıram.

İşçinin cavabından qəzəblənən fermerin beynindən onu yerindəcə güllələmək keçsə də, tufana hazırlaşmaq üçün bayıra tələsir və təəccübünü gizlədə bilmir. Ot tayaları tarpaulinlə örtülmüşdü.  İnəklər mərəkə, toyuqlar hinə salınmış, qapıları da cəftələnmişdi. Panjurlar, hər şey möhkəm bağlanmışdı. Heç nə uçurula bilməzdi. Fermer işə götürdüyü adamın nə demək istədiyini indi başa düşür, özü də külək əsdikcə yatmaq üçün yatağına qayıdır. (https://personal-development.com)

 Deməli, rahat yaşamaq istəyirsənsə hər hansı bir işə qabaqcadan hazrlaşmalısan.  Dərsə hazırlaşmaq, gündəlik yazmaq bəzi müəllimlərə ağır gəlir, bəziləri də onu artıq, gərəksiz bir şey, müəllimin vaxtını alan əlavə yük hesab edir. Gündəlik müəyyən mənada dərsin ssenarisidir. Mükəmməl ssenarisiz tamaşa ağlabatmaz olduğu kimi, gündəliksiz dərsin də uğurlu olması inandırıcı deyil, xüsusilə də pedaqoji fəaliyyətə başlayan gənc müəllimlər üçün. 

Gündəlik müəllimin sinifdə məlum vaxt ərzində şagirdləri ilə görəcəyi işin planı – qarşıya qoyduğu məqsədə arzuladğı kimi nail olmaq üçün düşünülmüş fəaliyyətlər sistemi, yol xəritəsidir. Adi məişət işi olan bazarlığa əlində alacağı şeylərin siyahısı liə getməyən adam nə qədər yaddaşına güvənsə də, bazarlıqdan qayıdandan sonra ən azı bir-iki şeyi almağı unutduğuna görə təəssüf hissi keçirir, o ki qaldı strateji əhəmiyyətli bir iş olan dərs demək üçün məktəbə hazırlıqsız getmək.

***

Bilirik ki, şagird məktəbə öyrənmək, biliklərin əsaslarına yiyələnmək ümidi ilə gəlir. Hər cür şəraitin olduğu məktəbdə onun heç nə qazanmadan evə dönməsi, bir qədər sərt formada desək, qiymətli vaxtını öldürməsi, bir tərəfdən şagirdin, digər tərəfdən də müəllimin valideyin və dövlət qarşısında günahıdır. Dövlət və valideyin biz müəllimlərə ən qiymətli varlığını etibar edir. Vətəndaş mövqeyi, vəzifə məsuliyyəti, peşə təəssübkeşliyi və pedaqoji mərifəti lazımı səviyyəyə yüksəltmədən bu məsələləri həll etmək çox çətindir.

Dövrümüz hər kəsdən gördüyü iş haqqında hesabat vermək vaxtının yetişdiyini göstərir. Söhbət hesabat xatirinə hesabatdan deyil, görülmüş işə ilk növbədə işi görənin obyektiv qiymət verməyi bacarmasından gedir. Söz yox ki, qiymət vermək çətin işdir. Düzgün, real qiymət adama qol-qanad verdiyi kimi, yanlış dəyərləndirmə də zərəsiz ötmür. Ona görə də məktəb və müəllim şagirdləri qiymətləndirdikləri kimi, gördükləri işin nəticəsinə görə özlərinə qiymət verməyi bacarmalı və dərs dedikləri şagirdləri də özlərinə qiymət verməyə alışdırmalıdırlar. Hər bir şagird müəllimin qiymətinə münasibət bəslərkən bu suallara cavab axtarsa daha yaxşı olar: mən dərsi layiqincə dinləyib öyrənməyə çalışmışammı, fərdi və ya qrup çalışmalarında iştirak etmişəmmi, mövzunun qaranlıq yerləri haqqında müəllimə sual verib aydınlıq gətirməsini xahiş etmişəmmi, sinif yoldaşlarımın verdiyi sualları şərh edərkən müəllimə diqqətlə qulaq asmışammı və s.

Peşəkar müəllim də özünə qiymət verməyi bacarmalıdır: dərsimi planlaşdırarkən şagirdlərimi gözümün önünə gətirə bilmişəmmi, dərsimi planlaşdırdığım kimi keçə bildimmi, hansı cəhətlər nəzərdə tutduğum kimi alınmadı, bu dərsi daha başqa cür necə planlaşdırardım, mənimsəməni yoxlaya bildimmi, öyrətdiklərimin yaddaşlarda uzun müddət qalacağına əminəmmi, mən özüm şagirdlərimin yerinə olsaydım bu dərsdən razı qalardımmı, özümə qiymət olaraq on baldan neçə yazardım və s. Mənə qalsa, hər sinifdə təkliflər qutusu yerləşdirməyin də vaxtı çatmışdır. Ümidvaram ki, ölkəmizin dinamik inkişafı yaxın gələcəkdə internet üzərindən bütün tədris müəssisələrində istənilən dərsin valideynlər və müvafiq qurumlar tərəfindən canlı olaraq izlənilməsi imkanı yaradacaq.

Dərsə hazırlaşmaq dərsin uğurlu olmasını təmin edir, çünki o, müəllimdə özünə inam yardır. Kitabın qulu olmaq müəllimi hörmətdən salır. Dərslikdən istiqamət götürüb mövzunu özününküləşdirmək müəllim fəaliyyətinin əsas qayəsi olmalıdır. Müəllimin kriativliyi onun mövzunu qarşısındakı sinfin səviyyəsinə uyğun şəkildə təqdim edib, qazanılan müsbət nəticəyə şagirdləri ilə birlikdə özünün də sevinməyi bacarmasındadır. Başdansovdu, əks əlaqə yaratmadan, öyrənənlərin fəallığını təmin etmədən keçilən dərsin hansı səmərəsindən danışmaq olar? Sağlam olmayan kərpicləri üst-üstə qoymaqla möhkəm divar hörmək olmaz.

Bu yazını qələmə aldığım günlərin birində, axşam Xəzər TV-nin “Ay Zaur” verilişinə baxdım. Verilişin qonağı xalq artistimiz Aftandil İsrafilov idi. Əvvəldən axıradək çox maraqlı söhbətdə qəribə bir faktın şahidi oldum. Gözəl sənətkarımız notu bilmədiyini səmimiyyətlə etiraf etdi. Yazdığı musiqi nümunləri beyindən ürəyə, ürəkdən də barmaqlarına süzülürmüş. Bu, kriativlik, özünə inam, öz qabiliyyətinə güvənməyin ən gözəl nümunəsidir.

Özünə inam haqqında belə bir zarafat da var: Soruşurlar ki, niyə amerikalılar demək olar ki, hər şeydə birincidirlər? Maraqlı cavab verirlər: Çünki “AMERICAN” sözündə “I CAN” (“Mən bacarıram”) cümləsi durur.

***

Öyrənmək və dərsdə iştirak etmək ayrı-ayrı məsələlərdir. Dərs prosesində diqqətini öyrənməyə yönəltməyən, kifayət qədər səy, həvəs və enerji sərf etməyən şagird nə öyrənə bilər? Repetitor və ya hazırlıq kurslarına arxayın olan şagird çox vaxt “dərsdə özünə əziyyət vermir”. İllər boyunca müəllimlər dərs dediyi şagirdlərin onların öyrətdikləri bilik və bacarıqlarla birbaşa ali məkətəbə daxil olmaları ilə həm özləri sevinib, həm də valideynləri sevindiriblər. Mənə elə gəlir ki, bu gözəlliyi bir daha görmək üçün tədris proqramları, dərsliklərin sadələşdirilməsi günün tələbinə çevrilib. Ölkəmizdə təhsilin və dərsliklərin pulsuz olduğu halda, ailələrin oxumaq istəyən övladları üçün özləri müəyyən məhrumiyyətlərə dözərək, ailə büdcəsindən illərlə repetitorlara, müxtəlif kursların bahalı nəşrlərinə xeyli vəsait sərf etməsi heç insafdan deyil. Dərsliklər elə tərtib olunmalıdır ki, şagirdlər özləri də oxuyub anlaya, öyrənə bilsin. Özünü təhsil öyrənəndə daha güclü motivasiya, özünə inam yaradır və o, öyrəndiklərini uzun müddət yadında saxlaya bilir. Öyrənmək o qədər fərəhverici olmalıdır ki, həm öyrətmək, həm də öyrənmək sevinc mənbəyi olsun, nə oxumaq istəyən şagirdlər zehni, fiziki yüklənməyə, nə də valideynlər əlavə maddi əziyyətə məruz qalsınlar. Uşaqlar öz uşaqlıq illərini lazımınca yaşaya bilsin, yalnız müxtəlif dərsliklər deyil, dünya və milli elm, mədəniyyət xəzinəsindən xəbərdar ola bilsinlər. Heç kəsin ürəyindən dahi Sabirin təbirincə desək, belə bir təəssüf hissi keçməsin:

Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!

Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!

Rahib Alpanlı