Firdovsi Əliyev: Əkilən ağacların sayı 650 mini ötüb

0
44

Bugünkü ağacəkmə aksiyası dünyada bənzəri olmayan bir tədbirdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü həm indiki, həm də gələcək nəsillərə xidmət edir. Bizim hədəfimiz 650 min ağac idi. Lakin məlumatlar daxil olduqca görürük ki, əkilən ağacların sayı 650 mini də keçib.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev dekabrın 6-da keçirilən mətbuat konfransında deyib.

Nazir müavininin sözlərinə görə, təkcə SOCAR kollektivi aksiya çərçivəsində 100 min ağac əkib: “Onlar gəmi vasitəsilə 12 min ağacı Çilov adasına göndərib və orada əkiblər. Aksiyada 200-dən çox dövlət qurumu və özəl təşkilat iştirak edib. Əkilən ağacların hamısı nazirliyin tinglik təsərrüfatlarında yetişdirilib. Ümumilikdə, aksiya zamanı 37 növ ağac əkilib. Demək olar ki, tədbirimiz yüksək əhval-ruhiyyə ilə yekunlaşıb”.