Təxribatçılıq, terror ermənilərin ana siyasətini təşkil edir

0
51

Ötən əsrin 80-ci illərində ətrafına Aqanbekyan, Şahnazarov, Balayan kimi kimi siyasi diversantları toplayan Mixail Qorbaçovun həyata keçirdiyi “yenidənqurma”dan “ruhlanan” erməni millətçiləri Sumqayıtda baş qaldırdılar. Təəssüf ki, o zamankı respublika rəhbərliyi bu məsələyə çox biganə yanaşdı, nəticədə yaranmış vəziyyət tamamilə nəzarətdən çıxdı; ermənilər əvvəlcədən hazırladıqları məkrli planlarından birini 1988-ci il fevralın 28-29-da öz ssenariləri əsasında bu şəhərdə həyata keçirməyə nail oldular. Belə ki, milliyyətcə erməni, iki dəfə məhkum olunmuş və heç yerdə işləməyən, amma xaricdən maliyyələşdirilən “Paşa” ləqəbli Eduard Robertoviç Qriqoryan iki qardaşının da təmsil olunduğu quldur dəstəsi ilə on nəfərə yaxın ermənini öldürdü. Azərbaycanlılar öz həyatlarını təhlükə altında qoyaraq həmin millətçilərin, separatçıların digər ermənilərə qarşı törətdikləri qətliamın miqyasını azaltmağa çalışdılar. Lakin erməni millətçiləri bu hadisələrdən öz məqsədləri üçün istifadə edərək Azərbaycana qara yaxmağa başladılar.

Yeri gəlmişkən, qeyd edək ki,  Sumqayıtın 70 illiyi ilə bağlı tədbirdəki çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev demişdir ki, Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi: “Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir”. Dövlətimizin başçısı, həmçinin Sumqayıt hadisələrinin ulu öndər Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra  baş verdiyini də vurğulamışdır: “Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi”.

Qriqoryan sərbəst buraxıldı, Əhməd Əhmədov isə…

Doğrudur, bu hadisədən sonra təsdiq edilmiş dəlillər əsasında Qriqoryan həbs edildi. Lakin ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərildi və orada sərbəst buraxıdı. Amma ermənilərə xidmət edənlər  heç nədən xəbəri olmayan, günahsız Əhməd Əhmədova heç bir tutarlı dəlil-sübut olmadan hadisələrin təşkilatçısı damğası vuraraq güllələnməyə məhkum etdilər. Şübhəsiz, bu faktları erməni daşnaklarının tapşırıqlarını Sumqayıtda canla-başla yerinə yetirmiş Qriqoryana verilən dəyər kimi xarakterizə etmək olar. Halbuki arxiv sənədlərinə görə o zamankı SSRİ DTK-sında Qriqoryan və digər təşkilatçılar haqqında kifayət qədər məlumat da vardı.

Digər tərəfdən, o zaman Sumqayıt şəhərində güc strukturlarının hərbi və silahlı qüvvələri olduğu halda hadisələrin qarşısının alınması istiqamətində heç bir addım atılmadı. Sadəcə, bu məsələyə laqeydlik göstərildi.

İmperiyanın marağında olan terror aktı

Bu məqamda Respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədovun 1988-1993-cü illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin sədri vəzifəsində çalışmış, hazırda təqaüddə olan və Ukraynada yaşayan polkovnik Vladimir Lebedevdən müsahibəsindəki bəzi nüanslardan da söz açmaq yerinə düşərdi. O deyir ki, ümumiyyətlə, təxribatçılıq ermənilərin ana siyasətini təşkil edir: “Fikir verin, Moskvada erməni terrorçuları, millətçiləri metronu partlatdılar. Bunu bütün SSRİ bilirdi. Lakin cinayətkarları ifşa edib, ictimaiyyətə çatdırmaq qəti qadağan olunmuşdu. Terrorçuların biri Yerevanda nəşr olunan “Pravda Armenii” qəzetinin baş redaktorunun oğlu idi. Kremldə, kəşfiyyat orqanlarında erməni millətindən olan vəzifəli şəxslər çox idi. Onlar da kimə, necə və nə cür təsir etməyi yaxşı bacarırdılar”.

Daha sonra konkret olaraq Sumqayıt hadisələrindən söz açan Lebedev vurğulayıb ki, bu məsələdə xaricdə yaşayan erməni lobbisi, Ermənistanın xüsusi xidmət orqanları və “Daşnaksütun” partiyasının üzvləri məharətlə işlədilər, üstəlik, montaj olunmuş, təxribat xarakterli görüntüləri Fransada yaydılar. O, həmçinin 1991-ci ilin yanvar ayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sabiq əməkdaşı A.Kiçixin Moskvada nəşr olunan “Stolitsa” jurnalındakı yazısına əsasən bildirib ki, biz Sumqayıt, Uzen və Oşda qanlı hadisələrin baş verəcəyi haqqında məlumatlı idik: “Bu haqda SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə məlumat verdik. Onlar da Mərkəzi Komitəni xəbərdar etdilər. Bizim bütün yazılı və şifahi məlumatlarımız Mərkəzi Komitənin divarları arasında sükutla qarşılanırdı”.

1988-ci il fevral hadisələrindən sonra M.Qorbaçov yüksək dairələrdə Sumqayıt faciəsinə siyasi qiymət verilməsinin də qarşısını aldı. Məgər bütün bunlar Sumqayıt hadisələrinin törədilməsində sovet rəhbərliyinin hansı dərəcədə maraqlı olduğunun bariz sübutu deyilmi? Bu isə o deməkdir ki, ermənilərin Sumqayıtda törətdikləri cinayətləri ermənipərəst mövqeyi ilə seçilən imperiya da dəstəkləyib. Bu mənada Sumqayıt hadisələrində M.Qorbaçov əsas fiqurlardan biri olub. Bir sözlə, Sumqayıtda ermənilər tərəfindən ermənilərə qarşı törədilmiş cinayətin qeyri-obyektiv siyasi-hüquqi qiymətləndirilməsi də sözün həqiqi mənasında Kremldəki ermənilərlə M.Qorbaçovun işbirliyinin nəticəsi  kimi dəyərləndirmək olar.

Yeri gəlmişkən onu da qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Sumqayıt hadisələrinin yenidən araşdırılmasına başlanıldı. Araşdırmalar bir daha sübut etdi ki, 1988-ci ildə işin istintaqı tam, hərtərəfli və obyektiv araşdırılmamış, hadisələrin əsl mahiyyəti gizlədilmiş, cinayətlərın bütün iştirakçıları, əsasən də təşkilatçıları müəyyən edilməmiş, hadisələrin başvermə səbəbləri və şəraiti aydınlaşdırılmamışdır. Bu isə bir daha onu göstərir ki, Sumqayıt hadisələri M.Qorbaçov və onun ətrafındakı erməni şovinistləri tərəfindən hazırlanmış bir ssenari olub.

Faktlar bir daha təsdiqləyir

Siyasətcilərin fikrincə, Sumqayıt hadisələrinə təhlil edəndə bir də belə qənaətə gəlmək olur ki, erməni separatçıları və terrorçuları Sumqayıtda öz xalqının nümayəndələrinə qarşı sözün əsl mənasında qətliam törətməklə respublikamıza qarşı aparılacaq informasiya mübarizəsinin arsenalını formalaşdırmağa çalışdılar. Belə ki, ermənipərəst qüvvələr Sumqayıtda törətdikləri hadisələrdən sonra Sovet İttifaqının və xarici ölkələrin mətbuatında öz ideyalarına uyğun məqalərər dərc etdirdi, radio və televiziya kanallarında fikirlər səsləndirdilər, üstəlik, azərbaycanlıların zalım, qəddar, qaniçən obrazını yaratmağa çalışdılar. Bununla da o illərdə öz mənfur niyyətlərini, o cümlədən Dağlıq Qarabağda törətdiklərini ört-basdır etməyə nail oldular. Elə 1988-ci ilin fevralında Sumqayıtda iğtişaşların törədilməsinin əsas səbəblərindən də biri məhz bu idi. Halbuki erməni şovinistləri özləri də yaxşı bilirlər ki, Sumqayıt şəhərinin simasında Azərbaycana qara yaxmaq, ləkə vurmaq istəkləri tamamilə əsassızdır. Bir də yaxşı dərk edirlər ki, indiyədək heç bir qüvvə həqiqəti üstələyə bilməmişdir. Həmin hadisələrin ermənilərin özləri tərəfindən törədilməsini isə o zaman da, elə indi də ortada olan əlahəzrət faktlar bir daha təsdiqləyir.

Qvami Məhəbbətoğlu, “İki sahil”