Müharibələrin, silahların ilk qurbanı – ətraf mühit

0
659

baPlanetin çirklənməsinə, ekologiyanın korlanmasına müharibələr, hərbi təlimlər, sınaqlar da öz “töhfəsini” verir. Mütəxəssislərin fikrincə, qədim dövrlərdə baş vermiş müharibələr planetimizin ekoloji durumuna o qədər də təsir etməyib. Lakin sonrakı müharibələr təbiətə, ətraf mühitə amansız divanlar tutub, (Məşhur İsveçrə alimi Jan Jak Babelin hesablamalarına görə, son 600 ildə dünyada 14 min 513 müharibə baş verib). Belə ki, müharibə vaxtı bir çox flora və fauna növləri məhv edilib. Müharibə aparılması vasitələri inkişaf etdikcə isə təbiətə daha ciddi və daha geniş sahələrdə təsir göstərilib.

Elmi araşdırmalara görə, bir tank tırtılının səsindən 50-100 metr məsafədə gül kollarının 70-i, kiçik çay yataqlarından 2-si, bulaqlardan 5-i, davamlı immunitetli ağaclardan 20-si quruyub məhv olur. Havadan atılan kiçikölçülü bombaların təsiri ilə ətraf mühitin normal iqlim şəraiti 16 gündə pozulur, bir hərbi vertolyotun atdığı mərmilərin nəticəsində həmin ərazinin torpaq qatı çat verir və həmin qat bir daha bərpa olunmur, yağış yağarsa 15, yağmazsa 9 gün sonra mərmi düşən zolaq “ölü zona”ya çevrilir, 20 il o yerlərdə heç nə bitmir, ətrafdakı yaşayış məntəqələrində vərəm sindromu 2,5 dəfə artır. Bu isə o deməkdir ki, silahlar da insan kimi təbiəti həmişə “qorxu” içində saxlayır. Onu da qeyd edək ki, saydıqlarımız müharibənin ekologiyaya vura biləcəyi zərərlərin cüzi bir hissəsidir. Lokal müharibələr zamanı bir sıra mühafizə olunan təbii ərazilər hərbi əməliyyatların bir hissəsinə çevrilir, nəticədə onların fəaliyyəti pozulur, planetin bioloji və mədəni müxtəlifliyi azalır, həm də ətraf mühitin məhvinə, yaralanmasına gətirib çıxarır. Qeyd etdiklərimiz yalnız quru üçün deyil, okeanlara da aiddir. Məsələn, kütləsi 100 kiloqramlıq 44 metr radiusunda olan dəniz minasının partlaması zamanı faunanın bütün nümayəndələri məhv olur. Yeri gəlmişkən, iş o yerə çatıb ki, insan heyvanları da müharibələrə alət edir, bu yolla da ekologiyanı pozur. Bununla bağlı bir neçə fakta müraciət edək: 1987-1988-ci illərdə Fars körfəzində baş vermiş İran-İraq müharibəsi zamanı ABŞ hərbi gəmilərini qorumaq, eləcə də körfəzdə böyük təhlükə törədən sahibsiz minaları məhv etmək məqsədilə delfinlərdən istifadə olunub. Bu qeyri-insani hərəkətlər nəticəsində neçə-neçə delfin həmin müharibənin qurbanına çevrilib. 1998-ci ildə Litvanın Klaypeda şəhəri yaxınlığında NATO tərəfindən keçirilən “Baltic Challenge-98” hərbi dəniz təlimlərində də delfinlərdən istifadə edilib. Ötən əsrin 60-cı illərin sonlarında artıq SSRİ-də 50-dən artıq delfinləri tədqiqat mərkəzləri fəaliyyət göstərirdi. Bu ölkədə hətta delfinlərə təyyarədən paraşütlə tullanmağı belə öyrədirdilər. Onu da qeyd edək ki, digər heyvanlardan da bu kimi məqsədlər üçün istifadə olunur.

Ermənistanın işğal etdiyi ərazilərimizdə də ekoloji fəlakət hökm sürməkdədir. Son məlumatlara görə, Qarabağ bölgəsində erməni işğalı altında qalan 269 min hektar meşə sahəsi qəddarcasına qırılıb, həmin ərazilərdə nadir bitki və heyvanat aləmi məhv edilib. Qubadlı və Laçın rayonlarında qırmızı palıdların, Kəlbəcərdəki “Ayı fındığı meşələri”nin yerində boş ərazi qalıb. Xatırladaq ki, işğal altındakı ərazilərimizdə 247 min 352 ha meşə sahəsi qalıb ki, bu da Ermənistanın bütün meşələrinin 55 faizindən çoxdur. Bu meşələrdə 152 ağac növü, 13 min 200 hektara yaxın qiymətli meşə sahəsi mövcud idi. Ermənilər təkcə 2006-cı ildə 63 min 500 hektar ərazini yandırıb, külə döndəriblər. Yanğınlar zamanı həmin ərazilərin faunası və florası kütləvi surətdə məhv edilib. Həmin ərazilərdə məskunlaşmış müxtəlif növ heyvan və quşlar öz yuvalarından didərgin düşüblər. Bu isə o deməkdir ki, müharibə yalnız insanları deyil, digər canlıları da məcburi köçkün vəziyyətinə salır.

Sılahlar da ekologıyanin qənımınə çevrılıb…

Müharibədə digər silahlardan istifadə də böyük fəsadlar əmələ gətirir. Xirosimaya atılan bomba nəticəsində 200 mindən çox insan həlak olmadımı? Şəhərin 40 faizi külə dönmədimi? Qalan ətraf mühit isə tanınmayan dərəcədə eybəcərləşmədimi? Çernobıl, Fukusima kimi atom elektrik stansiyalarındakı qəzalar insanlığa dəhşət, fəlakət yaşatmadımı? Onların hər birinin təbiətə, ətraf mühitə vurduğu zərbələr isə ölçüyəgəlməzdir. Bu kimi hesablamalar indi də davam edir. Bəli, artıq xeyli vaxtdır ki, kimyəvi silahlar da ekologiyanın qəniminə çevrilib. 1960-cı illərdə ABŞ hərbi qüvvələrinin həmlələrindən sonra Vyetnam cəngəlliklərində kəskin yarpaq tökümü başladı. Bu da səbəbsiz deyildi. Belə ki, orada istifadə olunmuş zəhərləyici maddələr bitkilərin yarpaqsızlaşmasına və geniş ərazilərdə onların tamamilə məhvinə səbəb olub. Bu isə bütün təbii ekosistemlərə mənfi təsirini göstərib. Məlumata görə, nəticədə ölkənin meşələrinin 12%-i, otlaq sahələrinin 40%-i və kənd təsərrüfatı sahələrinin 5%-dən çoxu məhv edilib. 150 quş növündən cəmi 18-si qalıb, həşəratların, demək olar ki, hamısı sıradan çıxıb, bir çox bitkilər bioloji növ kimi məhv olub. 1,6 milyon vyetnamlının sağlamlığına bilavasitə zərər dəyib. 7 milyondan artıq insan kimyəvi silahlardan istifadə edilmiş rayonları tərk edib. Məhz bu hadisədən sonra ətraf mühitin müharibələrin ən müqavimətsiz və ilk qurbanı olması məsələsi beynəlxalq səviyyədə aktuallaşıb. Digər tərəfdən, hər bir ölkənin silahlı qüvvələrinin fəaliyyəti müxtəlif silah növlərini sınaqdan keçirdikdə, həmçinin köhnəlmiş silahlar və döyüş sursatlarını məhv etdikdə torpaqdan, akvatoriyadan, hava boşluğundan istifadə edərkən ekoloji problemlər yaranır.

Heç kim üçün sirr deyil ki, bu gün qlobal silahlanma Yer kürəsinin ekoloji cəhətdən fəlakət həddinə çatmasına səbəb olub. Vəziyyət o həddə çatıb ki, artıq ucsuz-bucaqsız okeanlar, Yer kürəsini əhatə edən atmosfer (Alman astronomu Mixaelya Osvaldonun proqnozuna görə, hazırda insan əlləri ilə yer ətrafı orbitdə 330 milyon obyekt quraşdırılıb. Bu cür obyektlərin çoxluğu qənaətinə gəlincə, atılan tullantıları hesablasaq, yer ətrafı orbitdə kosmik çirklənmələrin həcmi daha çox təşkil etdiyini görərik), insanları günəşin zərərli ultra-bənövşəyi şüalarından qoruyan böyük ozon qatı, hətta yaşamımızı təmin edən torpaq belə zəhərlənib. Bir sıra bitki növlərinin və heyvan nəsillərinin yoxa çəkilməsini isə söyləmək artıqdır. Bununla bağlı bir müddət öncə Rusiya kosmonavtlarının biri hətta belə bir açıqlama ilə çıxış etmişdi ki, insanlar mütləq yaxın gələcəkdə başqa bir qalaktikada yaşamağa planet tapmalıdırlar, çünki Yer kürəsi insanlar tərəfindən ölümə məhkum olub…

Bu cür təsvır olunub

Məlumat üçün bildirək ki, hazırda dünyanın müxtəlif ölkələrinin arsenallarında olduqca çoxlu miqdarda nüvə silahları var. Hesablamalara görə, bu silahlərın ümumi gücü 1945-ci ilin avqustunda Xirosima və Naqasakiyə atılan bombaların gücündən bir neçə milyon dəfə güclüdür. Bu isə o deməkdir ki, indi mövcud olan nüvə silahlarının gücü planetimizdəki canlıları bir neçə dəfə məhv etmək üçün kifayət edər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Vaşinqtonda keçirilmiş “Dünya nüvə müharibəsindən sonra” adlanan konfransda bu dəhşətli müharibənin törədəcəyi fəlakətli nəticələr bu cür təsvir olunub: zəhərli qazlar və tüstü ilə müşayiət olunan kütləvi yanğınlar; günəş işığını udaraq yer səthini qaranlıqlaşdıran süni buludların yaradacağı “nüvə gecəsi” planetdə radiasiya balansının pozulması; temperaturun 40-50 dərəcə aşağı düşməsi və nəticədə “nüvə qışı”nın yaranması; sağ qalan insanların və digər canlıların kütləvi şəkildə məhv olması və s. digər fəlakətlər. Belə bir müharibənin doğuracağı nəticələr isə Yer kürəsinin asteroidlə toqquşması zamanı meydana çıxa biləcək fəlakətlərlə müqayisə olunur.

Azərbaycan

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırladı:

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here