Etimad əlaməti və yaxud dəyişilməz görüş yeri

0
47

1949-ci ildə təşkil olunmuş NATO hazırda, demək olar ki, otuza yaxın  ölkəni özündə birləşdirir. Lakin son illər bu təşkilatın rəsmiləri Rusiya kimi ölkə ilə dünyayüklü hərbi-siyasi məsələləri müzakirə etmək məqsədilə Bakıya üz tuturlar. Bu günlərdə də NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı Ser Stüart Piiçin və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun başçılıq etdikləri nümayəndə heyətləri paytaxtımızda növbəti görüş keçiriblər. Yeri gəlmişkən, xatırladaq ki, 2017-ci ildən başlayaraq Rusiya-NATO hərbi rəhbərliyi məhz bu məkanda görüşürlər. Keçən il üç dəfə belə görüş olub. Bu il isə artıq ikinci görüş reallaşıb. Prezident İlham Əliyevin  sözlərinə görə,  generallar görüş üçün başqa ölkələri də seçə bilərdilər, amma seçimin yenə də Bakının üzərinə düşməsi bu məkanın nəticə verməsi deməkdir. Bu mənada Rusiyanın və NATO-nun ali hərbi komandanlığının Bakıda görüşlər keçirməsi artıq bir ənənəyə çevrilib.

Şübhəsiz, dünyanın güc mərkəzlərinin qlobal geosiyasi məsələlərin müzakirəsi üçün ölkəmizin paytaxtını seçmələri hər şeydən əvvəl, Azərbaycanın önəmli tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malik olması, eləcə də ölkəmizdə sabitliyin, əmin-amanlığın hökm sürməsi  ilə bağlıdır. NATO-nun və Rusiyanın Azərbaycana  böyük önəm vermələrini Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi də dəyərləndirmək olar. Belə ki, NATO-nun,  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmayan, amma ABŞ, Avropa və  Rusiya ilə normal münasibətləri olan, onlarla müxtəlif sahələr üzrə  strateji əməkdaşlıq  edən Azərbaycan balanslı xarici siyasət kursu yeridir. Elə bu kimi səbəblərdən də həm NATO, həm də Rusiya dünyada sülh carçısı kimi sivilizasiyalar, dövlətlər və xalqlar arasında əvəzolunmaz körpü rolunu oynayan Azərbaycana üstünlük verir.

Prezidenti İlham Əliyev noyabrın 26-da NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən demişdir ki, biz Bakıda belə görüşlərin keçirilməsini aramızda olan dostluq və tərəfdaşlıq əlaməti hesab edirik: “Həmçinin etimad əlaməti kimi də qəbul edirik”. Prezident, eyni zamanda xatırlatmışdır ki, Alyansın bir çox proqramlarında iştirak edən Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və hazırda bizim hərbçilərimiz Əfqanıstanda NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edirlər.

Siyasətçilərin fikrincə, sülh və dialoq məkanı kimi növbəti dəfə Bakının seçilməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artırmaqla yanaşı,  Dağlıq Qarabağ münaqişəsi çərçivəsində də ölkəmizin siyasi və diplomatik potensialını artırır. Hətta Ser Stüart Piiç Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb. Yeri gəlmişkən, qeyd edək ki, bu ilin aprel ayında Vaşinqtonda NATO-nun yaranmasının 70-ci ildönümünə həsr olunan iclas çərçivəsində mətbuata açıqlama verən bu qurumun Baş katibi Yens Stoltenberq Azərbaycanın  Alyansın yaxın tərəfdaşı olduğunu, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında əməkdaşlıq etdiyini bildirmiş və üstəlik vurğulamışdır ki, 2017-ci ildə fəaliyyətə başlamış Bakı–Tbilisi–Qars dəmir yolu NATO-nun Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verir.

Rusiyaya gəldikdə isə… Rusiya ilə Azərbaycan arasında həm ənənəvi istiqamətlərdə, həm də yeni istiqamətlərdə əməkdaşlıq gündən-günə genişlənir. Elə bir neçə gün öncə Moskvada regionlararası yubiley forumunun keçirilməsi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya rəsmi səfəri də iki ölkə arasında  münasibətlərimizin yüksək səviyyədə olmasını bir daha təsdiq etdi.

Sonda onu qeyd edək ki, Rusiyanın və NATO-nun ali hərbi komandanlıqlarının  Bakıda keçirdikləri hər bir görüş mühüm hadisədir. Belə ki, bu, regionda, eləcə də bütün dünyada sülh və təhlükəsizliyə xidmət edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”