Xalq artisti: Muğam Mərkəzi və “Nizami” kinoteatrı Sumqayıta yeni çalarlar əlavə etdi

0
36

“Sumqayıt şəhərinin mədəni həyatını canlandıracaq davamlı infrastruktur layihələrin həyata keçirilməsi davam edir. Belə ki, ölkə Prezidenti İlham Əliyevin Sumqayıta səfəri çərçivəsində daha iki mədəni ocaq – Muğam Mərkəzi və “Nizami” kinoteatrı da istifadəyə verildi. Bununla da şəhərin həyatına yeni çalarlar əlavə olundu. Şəxsən mən onları dövlət başçımızın 70 yaşlı Sumqayıta, Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə yubiley hədiyyələri kimi dəyərləndirirəm”.

Bu sözləri Xalq artisti, “Şöhrət” ordenli xanəndə Mənsum İbrahimov saytımıza açıqlamasında söylədi: “Bəri başdan deyim ki, şəhərin ən gözəl yerində, vətəndaşlar üçün yeni, gözəl bir istirahət zonasında – Sumqayıt Dənizkənarı Bulvar Kompleksində müasir tələblərə cavab verən Muğam Mərkəzinin istifadəyə verilməsi bir daha onu göstərir ki,  xalqımız və dövlətimiz öz milli sənəti olan və UNESKO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınan muğama çox böyük sevgi ilə yanaşır. Yeri gəlmişkən, onu da deyim ki, bu, son 11 ildə ölkəmizdə inşa olunmuş sayca beşinci muğam mərkəzidir. Bildiyiniz kimi, Bakıda, Ağcabədidə, Füzulidə, Ağdamda da Muğam mərkəzlərimiz var. Bu mənada biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Şübhəsiz, xalqın ruhundan süzülən muğamın inkişafı ilə bağlı dövlətin nümayiş etdirdiyi konsepsiya olduqca diqqətə layiqdir”.

Tanınmış xanəndə vurğuladı ki, muğamımıza belə diqqət göstərilməsi həm də bir zərurətdir: “Prezident İlham Əliyevin bildirdiyi kimi, axı muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Son illər istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda qədim və zəngin mədəniyyətimizin vizit kartı hesab olunan muğamımızın təbliğinə də yüksək diqqət göstərilir. Bu baxımdan Muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var ”.

Müsahimizin fikrincə, bu Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər: “Durmadan gözəlləşən Sumqayıt şəhəri mənə də doğmadır. Odur ki, sənət dostlarımla yeni əsrin əvvəllərindən daha müasir şəhərə çevrilməyə başlayan Sumqayıta hər zaman böyük həvəslə gəlirəm. Ötən il bu şəhərdə solo konsertim də uğurla keçib. İndi isə yeni Muğam Mərkəzində bir konsert proqramı ilə çıxış etməyi düşünürəm. Bir də mənə elə gəlir ki, bu Muğam Mərkəzi tezliklə ənənəvi  muğam  televiziya müsabiqələrinin, eləcə də  beynəlxalq muğam festivallarının keçiriləcəyi məkanlardan birinə cevriləcək”.

Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov isə bildirdi ki, bu gün Sumqayıt həqiqətən də özünün intibah dövrünü yaşayır: “Parklar abadlaşır, yeni parklar, bağlar salınır. Yeni sənaye müəssisələri inşa olunur. Son illər şəhərimizdə gedən sürətli abadlıq və quruculuq işləri sumqayıtlıları çox sevindirir. Bu intibahda onun mədəniyyət ocaqları da nəzərdən qaçırılmır. Daha doğrusu,  Prezident İlham Əliyevin rəhbərliyi ilə Sumqayıtda abadlıq və quruculuq işləri digər sahələrlə yanaşı, mədəniyyət sferasını da əhatə edir. Məsələn, Sumqayıt Dövlət Dram Teatrının əsaslı təmiri buna əyani misaldır. Yeri gəlmişkən, elə noyabrın 21-də Prezidenti İlham Əliyevin iştirakı ilə  şəhərimizin 70 illiyinə həsr olunmuş tədbir də Sumqayıt Dövlət Dram Teatrında keçirildi. Prezidentin bu dəfəki gəlişində isə daha bir mədəniyyət ocağı – ən son texnoloji yeniliklərə əsaslanan video və audiosistemlə təchiz olunan “Nizami” kinoteatrının yeni binası istifadəyə verildi ki, bu da  Sumqayıtın mədəni həyatında mühüm hadisədir. Halbuki ötən əsrin 60-cı illərində şəhərin Nərimanov küçəsində tikilmiş “Nizami” kinoteatrı  tamamilə yararsız vəziyyətə düşmüşdü. Bu cür layihələrin həyata keçirilməsi yeni mədəniyyət ocaqlarının yaradılması baxımından şəhərimizdə görülən işlərin ardıcıllığını nümayiş etdirir. Şübhəsiz, bu, şəhər həyatı ilə bağlı mədəni tədbirlərin keçirilməsini daha da stimullaşdıracaq, gənclərin bu tədbirlərdə daha fəal iştirakına təkan verəcək. Eyni zamanda şəhər sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilində, onların müasir kino sənayesinin yeni məhsulları ilə tanış olmasında  mühüm rol oynayacaq. Bir sözlə, Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə görülən işlər nəticəsində Sumqayıt həm gözəlləşir, həm də şəhərimizdə tamamilə yeni infrastruktur yaranır. Mən əminəm ki, bizi qarşıda hələ çox sürprizlər gözləyir. Yəni qarşıdakı illər və növbəti yubileylər Sumqayıtın yeni və möhtəşəm uğurları ilə əlamətdar olacaq. Bütün bunlar həm də dövlət başçısının Sumqayıta və sumqayıtlılara böyük diqqətinin təzahürüdür”.

 Qvami Məhəbbətoğlu