Tək səbir gətirməmək mümkün deyil: hə… hə… HƏPçi…

0
31

Ciddi korrupsiya əməllərinə görə həbs edilmiş sabiq səhiyyə naziri Əli İnsanov Prezidentin əfvi nəticəsində  azadlığa çıxan kimi özünü Müsavat Partiyasının qərargahında siyasi partiya liderlərinin iştirakı ilə keçirilən dəyirmi masaya yetirdi. Bununla da o, ölkədə xaos yaratmağa cəhd göstərməkdən, beynəlxalq qurumlara donoslar göndərməkdən başqa heç bir işlə məşğul olmayan radikal müxalifətin “güc”ünə “güc” qatmaq niyyətində olduğunu açıq-aydın bəyan etdi. Onlar Əli İnsanovu “ağsaqqal” kimi  qarşıladılar və ondan “ağır top” kimi istifadə edəcəklərini düşündülər. Halbuki həbs olunana qədər Əli İnsanov həmin “liderlər”i faşist adlandırmaqla yanaşı, onlara edam cəzası, güllələnmə də tələb edirdi. Şübhəsiz, Əli İnsanov oraya vaxtilə onlara qarşı etdikləri hərəkətlərinə görə üzrxahlığa, öz iyrənc istəklərini gerçəkləşdirməyə təşrif buyurmuşdu. Lakin müxalifət liderlərinin özü kimi xalq arasında heç bir nüfuzunun olmadığına, müxalifətin ondan yalnız pul kisəsi kimi istifadə edəcəyinə bir daha əmin olduqdan sonra Əli İnsanov bu niyyətindən əl çəkdi və çoxdan bəri üzərində baş sındırdığı yeni bir sevdaya baş vurdu.

…Xalq arasında nüfuzu olmayan, öz əqidəsinə dönük çıxan, liderinə, komandasına xəyanət edən, nazir olarkən İrəvana səfəri zamanı ermənilərlə qol qaldırıb oynayan Əli İnsanov bu günlərdə yeni siyasi təşkilat təşkil etdiyini, özünü zorən siyasətə gətirdiyini bəyan etdi. Özü də ona nə ad versə yaxşıdır? Nə qədər gülməli olsa da Haqq və Ədalət Partiyası (HƏP). İstər-istəməz belə bir sual ortaya çıxır: görəsən, həbs olunana qədər bir çox insanların taleyi ilə istədiyi kimi oynayan Əli İnsanov nə vaxtdan haqq və ədalət carçısı olub? Əgər olubsa, niyə bundan indiyədək kimsə xəbər tutmayıb? Bu mənada demək olar ki, həmin “ideya” onun xəstə təxəyyülünün məhsuludur desək, səhv etmərik.

Yeri gəlmişkən, onu da qeyd edək ki,  yeni yaradılacaq partiyanın Təşkilat Komitəsinin üzvlərinin əksəriyyəti sabiqlərdən ibarətdir. Bu mənada həmin təşkilatı sabiqlərdən ibarət truppa da adlandırmaq olar. O sabiqlər ki, onlar da Əli İnsanov kimi iqtidara qarşı kin-küdurətləri ilə fərqlənənlərdir. Amma bir Allah şahiddir ki, iqtidar Əli İnsanov, eləcə də həmin sabiqlər üçün nələr edib? Bəli, onlar bir zamanlar uzun müddət bu dövlətdə, bu hakimiyyətdə, hökumətdə təmsil olunublar. Amma iç üzləri açılan kimi iqtidar əleyhinə nağıllar danışmağa başlayıblar. Məsələn, bir zamanlar səfir olmuş və büdcəni “diplomatik xərclər” adı altında talayan İsfəndiyar Vahabzadə belələrindən biridir. Şübhəsiz, indi o, vəzifəsiz qalmasının davasını edir. Elə bu fakt bir daha sübut edir ki, Əli İnsanov öz ətrafına özü kimi nankorları toplayır. Yəni onu dəstəkləyənlər elə öz əqidəsində olanlar, cılız ambisiyalarının girdabında boğulanlar, nankorluq edənlərdir. Xaricə qüvvələrə, o cümlədən Qərbdəki erməni lobbisinin dəstəyinə ümid bəsləyən bu əli insanovlar elə bilirlər ki, Azərbaycandakı birlik və sabitliyə zərbə vura, ölkəmizin imicinə xələl gətirə biləcəklər. Lakin unudurlar ki, xalq-iqtidar birliyi onların da xəyallarını havaya sovuracaq. Çünki xalqımız ölkədəki sabitliyi, təhlükəsizliyi, inkişafı yüksək qiymətləndirir. Üstəlik, ölkədə qarşıdurma yaradaraq inkişafa, əmin-amanlığa əngəl törətməyə çalışanları lənətləyir və onlara xalq-iqtidar birliyi ilə cavab verir. Şübhəsiz, o yerdə ki ambisiya var, o yerdə ki eqoist maraqlar var, orada heç vaxt ümumxalq maraqlarından söhbət gedə bilməz. Bir də xalq yaxşı dərk edir ki, heç bir siyasi lider keyfiyyətinə malik olmayan Əli İnsanov gerçəkləşdirə bilmədiyi yarımçıq siyasi ambisiyaların qisasını almağa çalışan intiqamçı fiqurdur. Bu mənada təşkil etmək istədiyi də qisas mexanizmidir.

Yeri gəlmişkən, müşahidələr göstərir ki, heç bu təşkilata meyil edənlər də yoxdur. Amma fakt budur ki, Əli İnsanovun ideyası gülüş hədəfinə çevrilib. Bu da olduqca anlaşılandır. Axı  xəstə həkimdən dərman istəməzlər… Odur  ki, Əli İnsanovun partiyasının flaskoya uğrayacağına, necə deyərlər, ölü doğulacağına elə indidən şübhə etməmək olar. Bu yerdə isə bir tək səbir gətirməmək mümkün deyil: hə… hə… HƏPçi…