Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçiriləcək

0
31

Noyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə III Çay, Çəltik, Sitrus Festivalı keçiriləcək. Festival səhər saatlarında şəhərin Heydər Əliyev xatirə parkında başlayacaq və günboyu davam edəcək.

Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədiləcək parkda “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi – Lənkəranın düyüsü”, “Sitrus bağlarının möcüzəsi”, “Gözəlliyi damla-damla topladıq”, “Qonaq evin ruzi-bərəkətini artırar” “Lənkəranın şirnisi – ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılacaq.

Vitrinlərdə isə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək, yerli müəssisələr, fermerlər, turizm obyektləri tərəfindən iştirakçılar üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunacaq.

Festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksəkkeyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Apolla” “Campo” və sair düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim ediləcək.

Bədii özfəaliyyət kollektivləri ədəbi-bədii kompozisiyalarla çıxış edəcək, rəngarəng musiqi nömrələri ifa olunacaq, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar nümayiş etdiriləcək.azərtac