Dəmir yolu şəbəkəsi genişləndirilir

0
46

Ölkəmizin nəqliyyat sisteminin əsas qollarından biri sayılan dəmiryol nəqliyyatı hazırda özünün inkişaf dövrünü yaşayır. Bu da Prezident İlham Əliyevin təşəbbüsü ilə həmin sahənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü layihələrlə, tədbirlərlə əlaqədardır.

Respublikamızda beynəlxalq əhəmiyyətli dəmir yollarının çəkilməsi ilə yanaşı, yerli əhəmiyyətli xətlərin çəkilməsinə, həmçinin onların yeni avadanlıqlarla təchizatına, modernləşdirilməsinə də xüsusi önəm verilir. Məsələn, Bakı-Sumqayıt dəmir yolu xətti bərpa olunaraq yeni qatarlarla təchiz edilib. Bakı-Gəncə dəmir yolunda da həyata keçirilən yenidənqurma işlərindən sonra müasir tipli qatarlar bu xətt üzrə sərnişin daşıyır. Yeri gəlmişkən qeyd edək ki, Bakı-Gəncə dəmir yolu xətti Ağstafa şəhərinədək uzadılır. Artıq bu istiqamətdə işlər başa çatmaq üzrədir. Məqsəd Qərb bölgəsi üzrə sərhədyanı rayonların sərnişinlərini mənzil başına rahat çatdırmaqdır.

Gələn il 43 kilometr uzunluğunda olacaq Ləki-Qəbələ dəmir yolunun istifadəyə verilməsi də planlaşdırılır. Şübhəsiz, böyük turizm mərkəzinə cevrilən Qəbələyə qonaqların rahat gediş-gəlişi üçün bu marşrutun böyük əhəmiyyəti var.  Məlumdur ki, Qəbələyə bir yol var – Şamaxı-Qəbələ yolu.  Bu baxımdan Ləkidən Qəbələyə dəmir yolunun çəkilməsi xüsusi əhəmiyyət daşıyır. Yolun gələn ilin yay mövsümünə qədər istifadəyə verilməsi gözlənilir. Bundan başqa, Xaçmaz rayonu ərazisindən Qusar rayonuna – dünyanın ən böyük qış-xizək istirahət mərkəzi olan Şahdağa da dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bu dəmir yolunun çəkilməsi isə yaxın illərdə reallaşacaq. Amma hazırda Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti qaneedici səviyyədə deyil. Bu da “Şimal-Cənub nəqliyyat dəhlizi” ilə böyük həcmdə yüklərin daşınmasına və günün tələbləri səviyyəsində sərnişinlərə xidmət göstərilməsinə imkan vermir. Odur ki, cənab Prezidentin tapşırığına əsasən həmin yolun modernləşdirilməsi prosesinə başlanılıb.

Paytaxt qəsəbələrini şəhərin mərkəzi  ilə bağlayan şəhərətrafı dəmir yolunun tikintisi, modernləşdirilməsi də uğurla həyata keçirilir. Xatırladaq ki,  Prezident İlham Əliyev mayın 21-də yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olarkən demişdir: “Calışırıq, maksimum nə mümkündürsə edək ki, insanlar daha da yaxşı yaşasınlar, maddi rifah artsın, dolanışıq daha yaxşı olsun. Ona görə bu istiqamətdə bundan sonra da addımlar atılacaq”. Atılır da… Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı dediklərimizin əyani sübutudur. Qeyd edək ki, Bakı sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt sərnişin-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi dəmir yolu xəttinin ümumi uzunluğu 191,6 kilometrdir. Aparılan yenidənqurma işləri çərçivəsində Zabrat-1, Məmmədli dayanacaqları, Pirşağı və Zabrat-2 stansiyaları yenidən qurulub. Açılış mərasimində dövlətimizin başçısı demişdir ki, gələn il artıq Sumqayıt-Pirşağı dəmir yolu birləşəcək və beləliklə, dairəvi yol formalaşacaq. Gələn ilin investisiya proqramında yenə də əlavə vəsait nəzərdə tutulacaq ki, biz dəmir yolu şəbəkəsini genişləndirək”.

Dövlət başçısı, həmçinin vurğulamışdır ki, dəmir yolu bizim iqtisadi gücümüzü artırır: ”Azərbaycan bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevrilir, eyni zamanda, bu, vətəndaşların rahatlığı üçün çox böyük əhəmiyyət daşıyır”. Bütün bunlar isə bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində həqiqətən də Azərbaycan vətəndaşı dayanır.

Qvami Məhəbbətoğlu, “İki sahil”