85 yaşlı Mariya övladlarının yolunu gözləyir, amma…

0
87

“Həmişə Allahdan bir oğul arzu eləmişəm. Amma Allah mənə 4 qız övladı bəxş elədi. Deyridim, bəlkə oğlum olsaydı o, mənə baxardı”. Bu sözləri bizimlə həmsöhbət olan rus əsilli 85 yaşlı Robetskaya Mariya Titovna  dedi.

Bu yaşlı qadınla Mingəçevir Şəhər Xəstəxanasının qarşısında rastlaşmaq mümkündür.Bu günlərdə Mariya xanımla həmsöhbət olmaq qərarına gəldik. Öyrəndik ki, o, 60 il bundan öncə Belarusdan Mingəçevirə pənah gətirib. Mariya xanım bildirdi ki, Belarusda Oğuz rayonundan olan bir oğlanla tanış olub evləniblər. Evlilikdən 4 qızları dünyaya gəlib. Yoldaşı rəhmətə gedəndən sonra Mariya xanım demək olar ki, tək-tənha qalıb: ”Pensiya yaşım çatanda qızlarım gəlib məni apardılar Belarusa. Elə orada da pensiyaya çıxdım. Daha sonra məni gətirib yenə bu yaşadığım mənzilə yerləşdirdilər. İndi pensiyamı qızlarım alıb yeyirlər. Mənə də deilər ki, gəlib səni aparacayıq. Lakin heç kim gəlmədi”.

Bəs niyə siz gəlib bu xəstəxanaın qarşısında əyləşirsiz? sualımıza Mariya xanım bildirdi ki, burada mənə verilən nəzir pulları ilə dolanıram: ”Mən heç kimdən pul dilənmirəm. Allah buradakı insanlara kömək olsun. Mən bu skamyanın üstündə otururam. Bilirəm ki, Allahın mənə köməyi olacaq. Neyləyim getməyə yerim yoxdur. Öz evimdə də rahat otura bilmirəm. Allah mənə həmişə kömək olub. 5-10 manatla bir təhər dolanıram. Yaşlı adamam. Quru çörəklə də günümü keçirirəm. Amma hələ də qızlarımın yolunu gözləyirəm. Artıq 85 yaşım var. İnanıram ki, övladlarım məni aldatmayıb. Yəqin, gələrlər”.

Esmira Hidayətova, Mingəçevir.