Mübariz İbrahimovun adını daşıyacaq mini-stadion tikmək fikrindəyəm

0
50

Vətən uğrunda canlarından keçmiş şəhidləri, eləcə də döyüşlərdə qəhrəmanlıq göstərmiş qaziləri yaddan çıxarmaq mümkün deyil. Biz də bu amalla şəhidlərimizi anır, qazilərimizlə görüşür, onların fikirlərini ictimaiyyətə çatdırırıq. Budəfəki həmsöhbətimiz ehtiyatda olan cavuş, II qrup Qarabağ müharibəsi əlili Cavid Səlimovdur.

Cavid Səlimov 1992-ci il Sabirabad rayonunun Qaragüney kəndində anadan olub. Qaragüney 1 saylı kənd tam orta məktəbini bitirəndən sonra hərbi xidmətə yollanıb. Həbri xidmətdən sonra bir müddət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında çalışıb. 2016-cı il sentyabr ayından isə Müdafiə Nazirliyinin  “N” saylı hərbi hissəsində xidmətini davam etdirib. 2018-ci ildə cəbhənin Ağdam istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minaya düşüb və sol ayağını dizdən aşağı itirib. 2019-cu ildə ordu sıralarından tərxis olunub. Özü də Prezident təqaüdçüsüdür.

Bəri başdan qeyd edək ki, o, hazırda doğulub boya-başa çatdığı Qaragüney kəndində yaşayır. Bakıya protezini dəyişdirməyə gəlmişdi. Elə onunla paytaxtda görüşdük. İlk sualımızı cavablandıran həmsöhbətimiz bildirdi ki,  mən də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sayəsində yüksək texnologiyalı, daha doğrusu, aktiv vakum sistemli protezlə təmin olunmuşam: “Onu da deyim ki, bu protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq bir-birinə maksimum uyğunlaşır. Bu mənada protezi amputasiya olunmuş ayaq hissəmin davamı kimi hiss edirəm. Hətta sərbəst formada velosiped də sürə bilirəm”.

Daha sonra həmsöhbətimiz bekarçılığı sevmədiyini, rayonda əkin-biçinlə məşğul olduğunu vurğuladı: “Əldə etdiyim qazancla kəndimizdə Milli Qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyacaq mini-stadion tikmək fikrindəyəm. Artıq bu məqsədlə torpaq sahəsi də ayrılıb. Güman edirəm ki, bu arzumu gələn ilin yayınadək reallaşdıracağam. Stadiona Mübariz İbrahimovun adının verilməsi təsadüfi deyil. Bildiyiniz kimi, cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov bizim  qəhrəmanlıq rəmzimizdir. Mən də öz kumirimin adını bu yolla əbədiləşdirmək istəyirəm. Onu da deyim ki, o, şəhid olanda mən 4 gün idi  hərbi xidmətdə idim”.

Müsahibimiz, həmçinin vurğuladı ki, ümumiyyətlə, çalışıram hərbi xidmətdə olanlarla tez-tez görüşüm: “İnşallah, bu il dekabrın 31-də ön cəbhədəki bir qrup əsgərimizlə görüşəcək və onlara hədiyyələr də təqdim edəcəyəm”. C.Səlimov gənclərimizin vətənpərvərlik ruhunda yetişmələri üçün daha səylə çalışmaq fikrindədir: “İstəyirəm ki, kənd məktəbimizdə şagirdlərimiz hərbin sirlərinə bir qədər dərindən yiyələnsinlar. Bu məqsədlə hərbi hazırlıq dərslərində iştirak etmək niyyətindəyəm. Güman edirəm ki, bizim kimilərin dərslərdə işirakı şagirdlər üçün daha maraqlı olar”.

Həmsöhbətimizin fikrincə, ərazi bütövlüyümüzün bərpa olunması təkcə ordunun deyil, bütün ölkə vətəndaşlarının qarşısında dayanan əsas vəzifədir: “Döyüş qüdrətini artıran Azərbaycan Ordusu Ali Baş Komandanın əmrini istənilən vaxt yerinə yetirməyə hazırdır. Buna heç kəsin şübhəsi yoxdur. Sağlamlığımda problem olmasına baxmayaraq, şəxsən mən də o zaman ön cəbhədə olmaq arzusundayam. Yeri gəlmişkən,  ordumuz Aprel döyüşlərində düşmənə bir daha gücünü göstərmişdir. Bu mənada Azərbaycanın müasir hərb tarixində Aprel döyüşlərinin əhəmiyyəti böyükdür. Bu, hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki qəhrəman əsgər və zabitlərimiz əlverişsiz mövqelərdən irəliləyərək çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmiş, minlərlə hektar ərazini nəzarət altına almışlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

 Whatsappla göndər Facebookda paylaş Twitterdə paylaş