“Otello əfsanəsi” bu dəfə də festivaldan əliboş qayıtmadı

0
35

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları 11-15 noyabr tarixlərində Rusiyada keçirilən 39-cu ÜDKİ (ВГИК) Beynəlxalq Tələbə Festivalında iştirak edib.

Azərbaycanlı tələbələrin festivalda iştirakı ADMİU və ÜDKİ arasında bu ilin mart ayında imzalanmış, iki ali təhsil müəssisəsi arasında təhsil, elm və yaradıcılıq sahəsində əlaqələrin qurulmasını nəzərdə tutan qarşılıqlı əməkdaşlıq müqaviləsinə əsasən baş tutub. 

Bolqarıstan, Polşa, Slovakiya, Rusiya Dövlət Teatr Sənəti İnstitutu, S.Gerasimov adına ÜDKİ, Moskva Bədaye Teatrının məktəb-studiyası, Şukin və Şepkin məktəblərinin tələbələrinin iştirakı ilə hazırlanan filmlərin və tamaşaların nümayiş olunduğu festivalda ADMİU ölkəmizi V.Şekspirin pyesinin motivləri əsasında hazırlanmış “Otello əfsanəsi” tamaşası ilə təmsil edib. Mistik ballada janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada SABAH qruplarında IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış ediblər. 

Tamaşa 39-cu ÜDKİ (ВГИК) Beynəlxalq Tələbə Festivalının festivalın tərkib hissəsi olan 15-ci Beynəlxalq teatr yarışması çərçivəsində noyabr ayının 14-də yerli vaxtla saat 16.00-da ÜDKİ-nin səhnəsində nümayiş olunub. Tamaşada Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin nümayəndələri – baş katib Nigar Axundova, humanitar məsələlər üzrə məsləhətçi Zaur Paşayev iştirak edib.

Qeyd edək ki, “Otello əfsanəsi” bu ilin mart ayında Rusiya Teatr Sənəti İnstitutunda keçirilən “QİTİS – ustad dərsi” festivalında “Ən orijinal tamaşa” seçilib. Otello rolunun ifaçısı, SABAH tələbəsi Ziya Ağa isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə mükafata layiq görülüb.

ADMİU SABAH qruplarının “Otello əfsanəsi” bu dəfə də festivaldan əliboş qayıtmayıb. Dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş münsiflər heyətinin qərarına əsasən, “Otello əfsanəsi” tamaşası “Dünya klassikasının yozumunda milli yanaşma”, “Klassik dünya ədəbi motivlərinin çevik təcəssümü” nominasiyaları üzrə qalib olub.