41 fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib

0
36

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təminatı tədbirləri davam etdirilir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Hacıqabul, Ucar, İmişli, Qazax, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam və Zərdab rayonlarında 41 fərdi yaşayış evi həmin kateqoriyalardan olan vətəndaşların istifadəsinə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiyas şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Hacıqabul və Ucar rayonlarında fərdi yaşayış evlərinin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilməsi tədbirlərində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizin dayanıqlı inkişafı proseslərinin güclü sosial siyasətlə tamamlandığını, Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayıb. Nazir müavini bunun nəticəsi olaraq, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını, təkcə bu il həyata keçirilən iki sosial paketin 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olduğunu qeyd edib.

M.Kərimli diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq, sosial cəhətdən həssas qruplarla bağlı sosial proqramlar ildən-ilə geniş miqyas alır. Xüsusilə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərin mənzillə təminatı işləri getdikcə gücləndirilir. Əgər 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil həmin insanlara təqdim edilibsə, bu il 934 mənzil və fərdi yaşayış evinin şəhid ailələri və müharibə əlillərininistifadəsinə verilməsi nəzərdə tutulub. Bu ilin ötən dövründə 300-ə yaxın mənzil və fərdi ev artıq təqdim olunub.

Nazir müavini ümumilikdə indiyə qədər nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6 min 951 mənzilin və fərdi evin verildiyini və bu sahədə tədbirlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyini bildirib. O, yeni fərdi yaşayış evləri ilə təmin edilən vətəndaşları bu münasibətlə nazirlik adından təbrik edib, onlara bu evlərdə daim fərəhli günlər yaşamağı arzulayıb.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan vətəndaşlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmalarından, sosial təminatlarının gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını ifadə ediblər. Onlar göstərilən yüksək qayğıya, eyni zamanda, müasir tələblərə uyğun inşa etdirilmiş fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.