İcra başçısı mingəçevirlilərə müraciət etdi

0
319

Noyabrın 15-də 9 nömrəli tam  orta məktəbin akt zalında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Rəsul Rza küçəsi 18,25, Sabir küçəsi 1,3,6, M.Maqomayev küçəsi 10,12,14 saylı binaların sakinləri ilə səyyari görüş keçirdi. İlk öncə  İcra Hakimiyyətinin başçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən işlərdən, iqtisadi islahatlardan, dünya dövlətləri tərəfindən tanınan, həmçinin bir sıra tədbirlərə evsahibliyi edən Azərbaycanın qüdrətinin günbəgün artmasından bəhs etdi. Bildirdi ki, bu səyyar görüşlərin keçirilməsində məqsəd görülən işlərlə bağlı əhalini məlumatlandırmaq və sakinləri narahat edən problem və çətinlikləri öyrənərək onların həlli yollarını təmin etməkdir.  

Çıxış edən sakinlər şəhərdə həyata keçirilən quruculuq işlərini təqdir edərək şəhər rəhbərinə fəaliyyətində uğurlar arzuladılar. Görüşdə sakinlər yaşıllıqların suvarılmamasından, mənzillərin istilik sistemi ilə təchiz olunmamasından, vaxtı keçmiş qurumuş ağacların budanmamasından və digər problemlərdən  də danışdılar.

  Şəhər rəhbəri müvafiq təşkilat rəhbərlərinə tapşırıqlarını verərək bu və digər işlərin mərhələ-mərhələ həll olunacağını bildirdi. Sonra isə başçı sakinlərə, o cümlədən bütün mingəçevirlilərə belə bir müraciət etdi: “Mingəçevirin gözəlliyini, səliqə-sahmanını hamılıqla qorumalıyıq. Bura bizim şəhərimizdir, yaradılan gözəllikləri, yaşıllıqları, park və digər istirahət məkanlarını,  uşaq əyləncə qurğularını qorumaq, təmizliyə nəzarət etmək hər bir şəhər sakininin vəzifəsidir.”

Esmira Hidayətova, Mingəçevir