Liderlər autsayderlərə qarşı

0
420

Oktyabrın 2-də Topaz Premyer Liqasının 11-ci turunun oyunları keçiriləcək. Lider “Qarabağ” öz meydanında “Araz Naxçıvan”ı qəbul edəcək. “İnter” “Sumqayıt”la, “Neftçi” isə AZAL-la qarşılaşacaq. Bu turdan sonra milli komandanın toplanışı üçün çempionatda yenə uzunmüddətli fasilə yaranacaq.

2 noyabr

15:30 “Qəbələ” — “Bakı”

Qəbələ. Şəhər stadionu

Təbii ki, matçın favoriti “Qəbələ”dir. Cari mövsümdən gənclərə etimad göstərən “Bakı” səfərdə rəqibinə layiqli müqavimət göstərməyə çalışacaq. “Qəbələ”nin heyətində Ruslan Əmircanov zədəlidir. Təcrübəli müdafiəçi hələ 1 həftədən sonra komanda ilə birgə məşqlərə başlayacaq. Onun yoxluğunda Müşfiq Teymurovun yer alacağı gözlənilir. “Qəbələ” son turlardakı qələbə seriyasını bu görüşdə də davam etdirməyə çalışacaq. 10 oyundan sonra 10 xal toplayan “Bakı” isə səfərdən 1 xalla qayıda bilsə, bu, “zolaqlılar” üçün yaxşı nəticə sayılacaq.

16:00 “Sumqayıt” — “İnter”

Sumqayıt. “Kapital Bank Arena”

Həftəiçi görüşlərdə “İnter” ağır oyundan çıxıb. “Qarabağ”la qarşılaşan Kaxaber Sxadadzenin yetirmələri qolsuz heç-heçə ediblər. “Sumqayıt” isə öz meydanında “Xəzər Lənkəran”a uduzub. Adına və heyətinə görə “İnter”i matçın favoriti adlandırmaq olar. Ancaq unutmayaq ki, “Sumqayıt” cari mövsümdə boyundan yuxarı tullanmağa çalışır. Bu mənada, “İnter” səfər qarşılaşmasında xal itkisi ilə üzləşə bilər. “Sumqayıt” doğma meydan amilindən istifadə etməyə çalışacaq. Öz növbəsində, “İnter”i də xal itkisi razı sala bilməz. Qarşısına çempionluq missiyası qoyan paytaxt klubunu “Sumqayıt”la oyunda yalnız qələbə razı sala bilər.

17:00 “Xəzər Lənkəran” — “Simurq”

“Xəzər Lənkəran” mərkəzi stadionu

Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların duelində kimin qalib gələcəyi maraq doğurur. Cari mövsümdə qeyri-stabil çıxış göstərən “Xəzər Lənkəran” öz meydanında qələbə qazanmaqla, azarkeşlərini sevindirmək istəyir. Ancaq cənub klubuna bu heç də asan başa gəlməyəcək. Çünki “Simurq” Lənkərana asan təslim olmaq üçün yox, səfərdən xal və ya xallarda qayıtmaq üçün yollanıb. Bu mənada, azarkeşləri gərgin və maraqlı oyunun gözlədiyini əminliklə söyləmək olar. Çox güman ki, oyunda daha çox hücum edən tərəf “Xəzər Lənkəran” olacaq. “Simurq”un isə əks-hücumlara bel bağlayacağı inandırıcı görünür.

17:15 “Neftçi” — AZAL

Bakı. “Baksell Arena”

Ötən mövsüm ümidləri doğrultmayan AZAL cari mövsümdə də uğursuz çıxışı ilə yadda qalır. Təsadüfi deyil ki, “təyyarəçilər” turnir cədvəlində 10-cu pillədə qərarlaşıblar. Bu onu göstərir ki, indiki vəziyyətdə AZAL-ın əsas hədəfi Premyer Liqada qalmaqdır. “Neftçi” isə çempionluğu hədəfləyib. Ehtiyatında bir oyun olan “flaqman” AZAL-la oyunda xal itkisinə yol vermək istəmir. Arif Əsədovun yetirmələri 3 xalı hədəfləyiblər. Cəzasını başa vuraraq əsas heyətə qaytarılan və “Bakı” ilə matçda qol vuran Araz Abdullayevdən məşqçilər korpusu bu görüşdə də çox şey gözləyəcək. Tərlan Əhmədov vaxtilə oynadığı və çalışdırdığı “Neftçi”ni büdrəcə biləcəkmi? Bunu zaman göstərəcək.

19:30 “Qarabağ” — “Araz Naxçıvan”

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Liderlə autsayder komandanın duelində favoritin kim olduğunu deməyə ehtiyac yoxdur. Onsuz da, hamı “Qarabağ”la “Araz Naxçıvan” arasındakı səviyyə fərqindən xəbərdardır. Bir komanda çempionatın lideri olmaqla yanaşı, Avropa Liqasının qrup mərhələsində iştirak edir, digər komanda isə ölkə çempionatında qalmaq uğrunda mübarizə aparır. “Araz Naxçıvan”la matçdakı xal itkisi “Qarabağ” üçün faciə sayıla bilər. Qurban Qurbanov çox güman ki, Naxçıvan klubu ilə oyuna əsas heyətin bir neçə üzvünü buraxmayacaq. İstənilən halda, “Qarabağ”ın batalıqda çabalayan “Araz Naxçıvan”a qalib gəlmək şansı yüksəkdir.

RUSLAN SADIQOV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here