Mingəçevirin 71 yaşı qeyd olunub

0
294

Bu gün Mingəçevir şəhərinin 71 illik yubileyi münasibəti ilə möhtəşəm bayram tədbiri keçirilib. Əvvəlcə  qonaqlar ulu öndər Heydər Əliyevin heykəlini ziyarət ediblər. Daha sonra  şəhərin Mingəçevir Dövlət Dram Teatr meydanında düzənlənmiş idmançıların oyunları nümayiş olunub. Mingəçevirin tarixini əks etdirən eksponatlara, iaşə obyektlərinin, sənaye parkının məhsullarına baxış keçirilib.
Nur şəhəri Mingəçevirin nur üzlü insanları, ziyalılar, qurucular, ictimaiyət nümayəndələri, hüquq-mühafizə orqanları bayramı qeyd etmək üçün teatr meydanına axışmışlar.  Mingəçevirlilərlə birgə bu özəl günü  qeyd etməyə paytaxtdan musiqiçilər də təşrif buyurmuşdular.
Tədbir  Dram Teatrında konsert proqramı ilə davam edib.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı  İlham İsmayılov bu gün münasibətilə hər kəsi təbrik edib. Qeyd edib ki, 1948-ci il noyabrın 11-də şəhər statusu almış, qədim yaşayış məskəni kimi tanınan, bu gün Azərbaycanın həm sənaye, həm də elmi, mədəni turizm mərkəzlərindən biri kimi tanınan doğma Mingəçevirin 71 yaşı tamam olur: “Mingəçevirin tarixini yaradanlar arasında İslam İslamzadənin, Kamran Hüseynovun, Züleyxa Həsənovanın, Sosialist Əməyi Qəhrəmanı Sarvan Salmanovun, Bəhlul Bayramovun, Yaqub Rüstəmovun adlarını xüsusi qeyd etmək lazımdır. Mingəçevir həmişə dövlətə, dövlətçiliyə sədaqətli xidməti, yüksək ehtiramı ilə fərqlənmişdir. Hamımıza məlumdur ki, bugünkü Mingəçevirin uğurlarında Azərbaycan xalqının dahi oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndərimiz Heydər Əliyevin çox böyük xidmətləri olub. Bu gün 71 yaşlı Mingəçevir şəhəri cənab Prezidentimiz regionların inkişafına göstərdiyi qayğı, apardığı düzgün daxili və xarici siyasət nəticəsində öz inkişaf dövrünü yaşayır. Bildirmək istəyirəm ki, AzərEnerji ASC reabilitasiya proqramı çərçivəsində AZ.İES  MMC də yenidənqurma və əsaslı təmir işləri görülməsi məqsədi ilə cənab Prezidentin sərəncamı ilə 48 milyon manat vəsait ayrılıb. Artıq bu sahədə işlərin 70 % görülüb və hazırda işlər davam etdirilir. Hesab edirəm ki, bu, Ulu Öndərin vaxı ilə uzaqgörənliklə Azərbaycanımıza, doğma Mingəçevirimizə bəxş etdiyi əvəzsiz töhfənin daha da inkişafına və ölkə energeikasının inkişafına göstərilən dəstəkdir. Mingəçevirdə quruculuq-abadlıq işləri davam etdirilir. Son bir ildə şəhərimizdə 34 yaşayış binasında təmir bərpa işləri aparılıb. Şəhərdə hündürmərtəbəli binaların liftləri dəyişdirilir. Yeni parklar salınır, yollar asfaltlanır. Bu il Mingəçevirdə 20 nümunəvi məhəllə yaradılıb. Bu gün 71 yaşlı Mingəçevir cənab Prezidentin regionların inkişafına göstərdiyi qayğı, apardığı düzgün daxili və xarici siyasət nəticəsində öz növbəti inkişaf dövrünü yaşayır”.  

Şəhərin ictimai-siyasi həyatında xidmətləri olan bir qrup şəxsə Mingəçevir şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub. Daha sonra paytaxtdan gələn tanınmış müğənillərin ifasında rəngarən musiqi nömrələri səslənib. Şəhərin 71 illik yubileyi hər kəsin qəlbində xoş anlar yaşadıb.

Esmira Hidayətova, Mingəçevir