Azərbaycanın ötən aydakı diplomatik uğurları və yaxud Ermənistanı məyus edən oktyabr

0
38

Son bir ayda Azərbaycan bir-birindən əlamətdar tarixi günlər yaşadı. Belə ki, oktyabrın 3-də dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan  “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Xankəndidə söylədiyi “Qarabağ Ermənistandır və nöqtə” sayıqlamasına kəsərli cavab verərək, ölkəmizin ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini bir daha bəyan etdi. Daha doğrusu, “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajını verdi. Bunu  isə təkcə işğalçı Ermənistana deyil, həm də beynəlxalq qurumlara, dünya ictimaiyyətinə ünvanlanmış bir mesaj kimi dəyərləndirmək olar. Yeri gəlmişkən, qeyd edək ki, bir aydır ölkəmizin hər yerində hamı qürurla dövlət başçımızın bu tarixi ifadəsini səsləndirir. Artıq bu fikir devizə, hərəkata çevrilib. Bu bəyanat səngərdəki əsgərlərimizin qələbə əzmini, eləcə də ölkə gəncləri arasında milli ruhu gücləndirib.

Oktyabrın 11-də  Aşqabadda – MDB Dövlət Başçıları Şurasının sammitində Prezident İlham Əliyev dünyanın diqqətinə çatdırdı ki, Ermənistan faşizmi dövlət səviyyəsində təbliğ edir. Faşizmə dəstək verən erməniyə  abidə ucaldan Ermənistan Azərbaycana münasibətdə də faşist siyasəti yürüdür. Nikol Paşinyanın iştirak etdiyi həmin tədbirdə Prezident İlham Əliyev digər  postsovet ölkələri üçün belə bir siyasətin olduqca təhlükəli olduğunu bildirdi və bununla həm də Ermənistan rəhbərliyinin faşist xislətini bir daha açıb göstərdi. Tanınmış fransalı tarixçi Maksim Qaui “Njdeizm Ermənistanda hələ də rəsmi olaraq yaşadılmaqdadır” başlıqlı məqaləsində bu məsələyə belə reaksiya verib: “2019-cu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Njde kimi faşistləri dəstəkləyənlərə sayğı göstərdiyi üçün Nikol Paşinyanı ittiham edəndə, o, müqavimət göstərməyə çalışdısa da, özünü təkzib etdi”.

Oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə isə Prezident İlham Əliyev  bir daha Ermənistanın işğalçı siyasətini türk dünyasına bəyan etdi və eyni soydan olan ölkələrə səslənərək bildirdi ki, dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz. Çünki dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini aydın göstərir.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşü  Azərbaycanın olduqca mühüm beynəlxalq siyasi uğuru, qlobal miqyasda dəstəklənməsi kimi yaddaşlara həkk olundu. Bu tədbir Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dünya miqyasında daha da gücləndirdi. Belə ki, həmin Zirvə Görüşündə qəbul edilmiş sənədlərdə Ermənistan növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanındı.

Beynəlxalq konfrans və forumların, zirvə görüşlərinin, sammitlərin keçirildiyi məkan kimi tanınan paytaxtımız Bakı şəhəri oktyabrın 30-da daha bir mühüm toplantıya – MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının 77-ci iclasına ev sahibliyi etdi. Nazirləri qəbul edən Prezident İlham Əliyev Ermənistanda nasizmin dövlət səviyyəsində təbliğini bir daha diqqətə çatdırdı. Şübhəsiz, Prezident İlham Əliyevlə keçirilən görüşdə səslənən fikirlər bir daha təsdiq etdi ki, aparılan müzakirələr, qəbul edilən qərarlar tərəflər arasındakı əməkdaşlığın daha da möhkəmlənməsinə kömək edəcək.

Dövlət başçımızın oktyabr ayında beynəlxalq tədbirlərdə səsləndirdiyi fikirlər, bəyanatlar, çağırışlar Ermənistanı bir daha silkələdi. Məsələn, cənab İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışını şərh edən bəzi erməni mətbuatı, o cümlədən siyasətçilər bununla Nikol Paşinyanın nokauta düşdüyünü  söylədilər. Sosial şəbəkələr  isə: “Bugünkü Ermənistan bədbəxtdir”, “Nikolun rəhbərliyi altında Ermənistanı tam məhvolma gözləyir”, “İlham Əliyev bütün sahələrdə Ermənistan üçün böyük qorxu yaradıb” kimi statuslarla Azərbaycanın bu uğurundan qorxuya düşdüklərini gizlətmədilər. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşünün yekun sənədinə isə Ermənistan Xarici İşlər Nazirliyi 28 oktyabr 2019-cu il tarixli bəyanatı ilə “cavab” verdi. Həmin bəyanatda Ermənistan rəhbərliyinin Qoşulmama Hərəkatının üzv dövlətlərini məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham etməsi işğalçı ölkənin təlaş içərisində olduğunun göstəricisidir. Çünki onlar başa düşürlər ki, həmin sənəd işğalşı ölkənin beynəlxalq manevr imkanlarını məhdudlaşdırır, qondarma soyqırımından istifadə etməklə oyunlar qurmaq imkanlarının qarşısını alır. Şübhəsiz, 120 dövlətin  Ermənistanın işğalçı  dövlət olduğunu rəsmən təsdiqləməsi təcavüzkar ölkədə demokratiyanın, beynəlxalq hüququn norma və prinsiplərinin yoxluğundan da bir daha xəbər verir. Bütün bunlar isə həm də o deməkdir ki, Azərbaycanın atdığı addımlar Ermənistanın iflasını daha da sürətləndirir. Bir sözlə, oktyabr ayında işğalçı ölkə Azərbaycanın uğurlu diplomatik addımları sayəsində, əgər belə demək mümkünsə, növbəti  dəfə nokauta salındı.

Bu məqamda oktyabrın 28-də Ağdaşda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Prezident İlham Əliyevin söylədiklərini xatırlatmaq yerinə düşər: “Təkcə bu ay ərzində Azərbaycan iki önəmli təşkilata sədrliyi öz üzərinə götürüb. Oktyabrın ortasında Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb və biz bir il bu təşkilata rəhbərlik edəcəyik. Oktyabrın 25-də isə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışıq… Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir”.  Yeri gəlmişkən, qeyd edək ki, bütün bu diplomatik uğurları Prezident İlham Əliyevin yürütdüyü siyasətə beynəlxalq səviyyədə göstərilən yüksək ehtiram, dəyər kimi qiymətləndirmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”