Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılıb

0
20

Azərbaycan Milli İncəsənət Muzeyində Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılıb.

Sərgi Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Təsviri Sənət üzrə Dövlət Ekspert Komissiyasının sədri, professor Çingiz Fərzəliyevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən təsviri sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilməsinə həsr olunub.

Görkəmli mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək Çingiz Fərzəliyevin rəssamlıq fəaliyyətindən danışıb. Bildirib ki, Ç.Fərzəliyev bir rəssam kimi nəyinki Azərbaycanda, həm də ölkəmizdə uzaqlarda tanınır və sevilir.

Çingiz Fərzəliyevin Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru kimi fəaliyyətinə toxunan Fərhad Xəlilov deyib ki, onun gördüyü işlər göz önündədir. O, zövqü, işgüzarlığı, yorulmaz fəaliyyəti nəticəsində muzeyi yüksək səviyyəyə qaldırıb. Burda keçirilən sərgilər, görüşlər çox yüksək səviyyədə təşkil olunur. Bu da Çingiz Fərzəliyevin zəhməti ilə bağlıdır: “Rəssam nə qədər ictimai işlərlə məşğul olsa da, onun həyatı emalatxanasındadır. Bu gün isə biz Çingiz Fərzəliyevin bu həyatı ilə tanış olacağıq”.

Bugünkü sərginin çoxdan gözlənildiyini bildirən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu gün maraqlı bir gündür. Çingiz Fərzəliyevin yubileyi ərəfəsində Prezident İlham Əliyev onun zəhmətini yüksək qiymətləndirərək “Şöhrət” ordeni ilə təltif etdi. O, bir rəssam kimi ölkəmiz üçün xeyli işlər görüb. Təsadüfi deyil ki, onun fəxri adları sırasında müxtəlif ölkələrin nüfuzlu orden və mükafatları yer alır: “Biz bu sərgini çoxdan gözləyirdik. Onun yaradıcılıq yenilikləri bizim hamımızın diqqət mərkəzində idi. Çingiz müəllim öz yaradıcılığını səfərbər edərək, ölkə başçısının qiymətini yüksək dəyərləndirərək bu sərgini təşkil etdi. Əminəm ki, o, bundan sonra da öz yaradıcılığına davam edəcək”.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Gürcüstanın keçmiş Mədəniyyət naziri Valeri Asatiani, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov və başqaları çıxış edərək Çingiz Fərzəliyevin özünəməxsus yaradıcılıq yolundan və bir mədəniyyət xadimi kimi gördüyü işlərdən danışıblar.

Diqqətə çatdırılıb ki, Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Tbilisi Dövlət Rəssamlıq Akademiyasının fəxri doktoru, Özbəkistan Rəssamlıq Akademiyasının, Kembric Universitetinin Beynəlxalq Bioqrafik Mərkəzinin və V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun fəxri professorudur. O, bir çox mükafatlara, orden və medallara layiq görülüb.

Bildirilib ki, tanınmış fırça ustası Çingiz Fərzəliyev muzey rəhbəri kimi böyük təcrübəyə malik olmaqla yanaşı, həm də Azərbaycan incəsənətinə həsr edilmiş silsilə kitabların müəllifidir. O, tədris vəsaitinə çevrilən – XX əsr Azərbaycan təsviri incəsənətinin 45 görkəmli nümayəndəsinə həsr edilmiş 36 kitabdan ibarət “Sərvət” fundamental silsiləsinin, “Azərbaycan rəngkarlığının antologiyası”, “Azərbaycan xalq sənəti”, “Natürmort”, “Mənzərə”, “Portret” və digər fundamental əsərlərin müəllifidir. Müəllifi olduğu bu nəfis nəşrlər incəsənətimizə dəyərli töhfələr verib.

Sonda Çingiz Fərzəliyev çıxış edərək yaradıcılığına verilən qiymətə və Azərbaycan Milli İncəsənət Muzeyinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qonaqlar daha sonra sərgi ilə tanış olublar.

Çingiz Fərzəliyev yaradıcılığının bütün sahələrini əhatə edən sərgidə rəssamın ilk sənət təcrübələri zamanından bu günümüzədək ərsəyə gətirdiyi əsərləri təqdim edilib. Eləcə də, iştirakçılar ekspozisiyada Çingiz Fərzəliyevin tədqiqat fəaliyyəti ilə də tanış olublar.