Mingəçevirdə Nəsiminin yubileyi ilə bağlı ümumşəhər tədbiri keçirilib

0
141

 Azərbaycan şairi İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbiri Mingəçevir şəhərinin Sahil parkında qeyd edilib.

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, tələbələr, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Yubiley tədbirində qeyd olunub ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Mingəçevir şəhərində də silsilə tədbirlər keçirilir.

Həmin tədbirlərin davamı olaraq Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şəhər tədbirində ali və orta ümumtəhsil məktəblərinin, uşaq bağçalarının, mədəniyyət ocaqlarının, musiqi məktəblərinin ədəbi-bədii kompozisiyası nümayiş etdirilib. Eyni zamanda məktəblilərin əl işləri də sərgilənib.

Həmçinin şəhərin  ümumtəhsil məktəblərinin şagirdlər, Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri böyük şairin qəzəllərini, Mingəçevir U.Hacıbəyli adına 11 illik musiqi məktəbinin  özfəaliyyət kollektivinin üzvləri Nəsiminin qəzəlləri üstə muğam parçaları ifa ediblər.

Tədbir iştirakçıları İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kitab və rəsm sərgisi ilə də tanış olublar.

Təqdim olunan tədbirdən aydın oldu ki, Nəsiminin əsərləri dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutub. Şairin şeir və qəzəlləri bu gün də ədəbi irs kimi qorunub saxlanılır, gənclərə aşılanır. Bir sözlə, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində ciddi əhəmiyyətə malikdir.

Esmira Hidayətova, Mingəçevir