Bu gün milli televiziya və radio günüdür

0
25

Bu gün Azərbaycan televiziyasının 63 və radiosunun 93 yaşı tamam olur.
1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi keçirilir. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi göstərilib.

1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni Teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə Teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanıb. Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.

Hazırda Azərbaycanda 11 ümumrespublika, 13 regional, 17 kabel, 27 internet, 4 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir.