Təqaüdçülərin minnətdarlığı: “Belə məkanları yaradanların əlləri var olsun”

0
131

Bu gün Mingəçevir şəhəri təbiətin möcüzəsi olan qızılı payıza bürünüb. Sanki parklara, bağlara, xiyabanlara sarı, qızılı rəngli xalılar döşənib. İnsan əli ilə daha da füsunkarlaşdırılmış bu məkanlar bu  gözəlliyi ilə görənləri heyran edir.  Şəhər sakinlərinin dilindən isə bu sözləri tez-tez eşitmək olur: ”Belə cənnət məkanları yaradanların əlləri var olsun”.

 Bu günlərdə şəhərin “Dosluq” parkında olarkən orada istirahət edən şəhər sakinlərinin üzlərində məmnunluq gördük. Hiss etdik ki, bu məmnunluq vətəndaşlar üçün park və bağlarda yaradılmış şəraitlə bağlıdır. Bəli, gəldiyimiz qənaətimizdə yanılmamaşdıq. Belə ki, parkda qarşılaşdığımız təqaüdçü nənələr bu yaraşıqlı, insanı valeh edən mənzərələrin şəkillərini çəkdiyimizi görüb bizdən ayaq saxlamağımızı xahiş etdilər. Onlar sözləşiblərmiş kimi, bir ağızdan: “Bala, bizim də minnətdarlığımızı bu gözəllikləri yaradanlara çatdırın”, – dedilər.

 Fəzilə  Salamova isə bildirdi ki, bir neçə il bundan əvvəl  “Dostluq” parkının ərazisi o qədər də xoşagəlimli deyildi: ”Odur ki, biz istirahət etmək məqsədilə evimizdən çox uzaqda olan Sahil parkına üz tuturduq. Amma  evimizin arxasında bu parkın yaradılması sanki bizim ürəyimizdən xəbər verdi. Yeri gəlmişkən, onu da deyim ki, bu gün Mingəçevirimiz daha abad, daha gözəl şəhərə çevrilib, burada insanların istirahəti üçün hər cür şərait yaradılıb. Buna görə də Prezidentimizə, icra başçımız İlham ismayılova minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, su elektrik stansiyasının inşası ilə əlaqədar salınan Mingəçevir şəhərinin bu yaxınlarda  71 yaşı tamam olur. Əsası 1945-ci ildə qoyulan, 1948-ci il noyabrın 11-də isə şəhər statusu verilən Mingəçevir zəhmətkeş insanların əməyi sayəsində gündən-günə inkişaf edərək, gözəl bir şəhərə çevrilib. Hazırda respublikamızın iri sənaye mərkəzlərindən biri olan Mingəçevir şəhəri bugünkü görkəmi üçün onun təməlini qoyan və bu işdə fəal iştirak edən insanlara borcludur.

Esmira Hidayətova, Mingəçevir