Yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir

0
41

Ölkəmizdə yol infrastrukturunun daha da təkmilləşdirilməsi, mövcud yolların yenidən qurulması daim diqqət mərkəzindədir. Qeyd edək ki, 2003-cü ildən bəri respublikamızda müasir standartlara cavab verən 16 min kilometrdən çox avtomobil yolu yenidən qurulub, bərpa və təmir edilib. Cari ilin doqquz ayı ərzində ölkədə 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib və istismara tam hazırdır. İlin sonuna kimi bu göstərici 1122 kilometr olacaq. Bununla da ölkəmizdə yenidən qurulan, bərpa və təmir edilən yolların uzunluğu 17 min kilometrdən çox olacaq. Hazırda gələn ilin investisiya proqramının müzakirəsi gedir ki, yol çəkilişi bu proqramda əhəmiyyətli yer tutur. Yol sahəsində əldə edilən uğurlarımız dünyanın beynəlxalq qurumlarının da diqqət mərkəzindədir. 

Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən demişdir: “Şadam ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir”.

Şübhəsiz, növbəti illərdə bu hesabatda  bizim yerimiz daha da irəliləyəcək. Belə qənaətə gəlməyimiz də əbəs deyil. Çünki Prezident İlham Əliyev  yol islahatlarının aparılmasında və davam etdirilməsində israrlıdır və bu işlərin davam etdiriləcəyini də bəyan edib. Bu sahəyə  çox böyük investisiyalar qoyulması və qoyulacağının nəzərdə tutulması da dediklərimizə əyani sübutdur. Yeri gəlmişkən, 2018-ci ildə avtomobil yollarının tikintisi və yenidən qurulması məqsədilə təqribən 750 milyon manat vəsait ayrılıb.

 Prezident İlham Əliyev  cari ilin yanvar ayından bu günə qədər  yol infrastrukturu ilə bağlı 40-dan çox  Sərəncam imzalayıb. Həmin sərəncamlara əsasən Qusar, Masallı, Şəmkir, Göycay, Daşkəsən, Şamaxı, Yevlax, İmişli, Lənkəran, Xızı, Ağdam, Tovuz, Goranboy, İsmayıllı, Kürdəmir, Balakən, Zərdab, Quba, Beyləqan, Qazax, Qəbələ, Ağstafa, Salyan, Ağcabədi, Astara, Ağdaş, Biləsuvar, Qobustan, eləcə də Bakının Pirallahı, Səbail, Suraxanı, Nərimanov, Sabunçu rayonlarında, həmçinin Sumqayıt şəhərində avtomobil yolları inşa olunub və yenidən qurulub. Bu istiqamətdə işlər davam etdirilir. Bu, ilk növbədə, avtomobil yolları ilə də beynəlxalq müstəvidə irimiqyaslı yükdaşımaların həyata keçirilməsində bir dəhliz funksiyasını yerinə yetirən Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların rifahının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olduğunu da nümayiş etdirir. 

Özü də ölkəmizdə magistral yollarla yanaşı, şəhərlərarası, həmçinin qəsəbə və kənd yollarının tikintisinə də ciddi fikir verilir. Məsələn, 2003-cü ildən bəri təkcə Bakıda avtomobil yollarının 1500 kilometrdən çox hissəsində yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib. Bunun 200 kilometrdən çoxu 2019-cu ilin 8 ayında reallaşdırılıb. Yeri gəlmişkən, qeyd edək ki, bu yaxınlarda Kürdəxanı qəsəbəsinin yolları demək olar ki, tam həcmdə təmir olunub. Şübhəsiz, bu gözəl nümunə bütün qəsəbələrdə də öz əksini tapacaq.

Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşdırılıb, 2,2 milyon insanın yol problemi həll olunub. Bununla da  toz-torpaqlı kənd yollarını müasir, rahat şoselər əvəz edib. Kənd həyatına bələd olanlar kənd camaatının əvvəllər yolsuzluqdan necə əziyyət çəkdiyini yəqin ki, yaxşı xatırlayırlar. Hətta paytaxta ən yaxın rayonlarda belə yetişdirilən kənd təsərrüfatı məhsullarını bazara çıxarmaq üçün min bir əziyyətə qatlaşmaq lazım gəlirdi. Hazırda nəinki kəndlərin, hətta bağ və bostanların yanından da rahat asfalt yollar keçir. Bununla da “torpaq yollar” arxivə qovuşub.

Son 4 ildə bu sahədə daha çox irəliləyiş olub. Bu mənada dövlət başçısının “Azərbaycan Respublikasının yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 28 dekabr 2015-ci il tarixli Sərəncamını yol təsərrüfatında yeni dövrün başlanması kimi xarakterizə etmək olar. Bu Sərəncamın imzalandığı vaxtdan keçən qısa dövr ərzində 4 milyon  nəfərdən çox sakinin yaşadığı 1400-ə yaxın yaşayış məntəqəsininin yolları tikilib, yenidən qurulub və təmiri başa çatdırılıb. Şühbəsiz, yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır. Üstəlik, avtomobil yollarının tikintisi və yenidən qurulması insanların rahatlığını təmin etməklə yanaşı, ölkəmizdə turizmin inkişafına da yeni təkan verir.


Qvami Məhəbbətoğlu