Qafqaz Müsəlmanları İdarəsi: Gövhərağa məscidini də bərpa edəcəyik

0
34

Təmir-bərpa işləri adı altında ermənilər növbəti təxribata əl atıblar. Belə ki, onlar beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq görkəmli Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağı tərəfindən Şuşada Qarabağ xanı İbrahim Xəlil xanın qızı Gövhərağanın şərəfinə ucaldılmış dini-memarlıq abidəsini -“Yuxarı Gövhərağa” məscidinin tarixi görkəmini dəyişdirib, onun etnik mənsubiyyətini saxtalaşdırıblar. Hətta onun “açılışını” da keçiriblər. Yeri gəlmişkən,  qeyd edək ki, rəsmi məlumatlara görə, işğal altındakı torpaqlarımızda 403 tarixi-dini abidəmiz var. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində milli-mənəvi varlığımızı özündə əks etdirən bütün monumental tarixi-memarlıq abidələrimiz, eləcə də qəbiristanlıqlarımız dağıdılıb. Bununla da Ermənistan bir daha bu ərazilərdə azərbaycanlıların yaşamayacaqlarına özlərini inandırmağa çalışıblar. 

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova mövzu ilə bağlı “İki sahil” qəzetinə müsahibəsində bildirdi ki, zəbt olunmuş ərazilərimizdəki məscidləri, qəbiristanlıqları, digər məbədləri davamlı şəkildə məhv edən erməni quldurları indi təmir-bərpa adı altında dünya ictimaiyyətini, eləcə də beynəlxalq qurumları aldatmaq, özlərini dini abidələrə “qayğı” ilə yanaşan bir ölkə imicində təqdim etmək niyyətindədirlər: “Əslində isə monoetnik erməni dövləti yaratmış Ermənistan işğal olunmuş ərazilərimizdə azərbaycanlılara məxsus mədəni irsin məhv edilməsi ilə məşğuldur. Təəssüf doğuran və bizi narahat edən hal həm də ondan ibarətdir ki, yayılan məlumatlara görə, işgalçı rejim bu işləri qonşu, müsəlman ölkəsi olan İranın “Part Saman Jahan” şirkəti ilə birgə həyata keçirib. Ermənilərin  “bərpa” üçün İran şirkətinin seçməsi də təsadüfi deyil. Belə ki, onlar heç bir mənbəyə əsaslanmadan iddia edirlər ki, guya bu məscidin İran mədəniyyəti ilə sıx bağlılığı var. Başqa sözlə desək, işğal olunmuş torpaqlarımızda tam etnik təmizləməni həyata keçirərək yerli müsəlman azərbaycanlıları öz doğma evlərindən, mülklərindən didərgin salan təcavüzkar ölkənin əsas məqsədi Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaqdır.  Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycandakı dini konfessiya liderləri – Qafqaz Müsəlmanları İdarəsinin sədri Şüyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Alban-udin xristian icmasının sədri Robert Mobili bu təcavüzlə bağlı birgə bəyanatla da çıxış ediblər. Onlar Şuşadakı dini-mədəni abidəyə bu dırnaqarası qayğı kampaniyasını pisləməklə yanaşı, ermənilərin növbəti vandalizm aktını beynəlxalq konvensiyalara meydan oxumaq kimi dəyərləndiriblər. Bir məsələni də diqqətə çatdırmaq istərdim. Ermənilər təkcə İslam abidələrini deyil, eləcə də Qafqaz Albaniyasına aid olan abidələri də təcavüzə məruz qoyurlar, əgər belə demək mümkünsə onları da özününküləşdirirlər. Yeri gəlmişkən, bütün İslam dünyasını özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması ilə əlaqədar dəfələrlə qətnamələr qəbul edilir. Lakin dünyanı öz yalanları ilə ələ almağı bacaran Ermənistan bütün bunlara əsla məhəl qoymur”.

R. Dadaşova daha sonra bu günlərdə Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyevin çıxışından belə bir sitat gətirdi: “Bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur və işğal olunmuş ərazilər, onların böyük bir hissəsi yandırılmış, dağıdılmış torpaqlar, viran qoyulmuş evlər, məktəblər, ictimai binalardır. Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib”. Şübhəsiz, bu təxribatı ilə erməni tərəfi yenə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesindən yayındığını və riyakar əməllərindən əl çəkmədiyini nümayiş etdirir.

Həmsöhbətimiz, həmçinin qeyd etdi ki, ermənilərin işğalçılıq siyasəti nəticəsində İslam abidələrinin məhv edilməsi və ya tarixinin saxtalaşdırılması bütün İslam dünyasına, o cümlədən bəşər mədəniyyətinə qarşı yönəlmiş mənəvi terrordur. Çünki bu mədəniyyət nümunəsi təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə aiddir: “Bir də unutmayaq ki, tarix çox belə talanların və dağıntıların şahidi olub. Ermənilərin işğalı altında olan ərazilərimiz bir gün azad olunacaq və biz onların hər birini bərpa edəcəyik. Məgər erməni vəhşiliyinin şahidi olmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini azad edib bu yurd yerimizə yeni nəfəs vermədikmi? Orada Prezident İlham Əliyevin tapşırığına əsasən digər abadlıq, yenidənqurma işləri ilə yanaşı, Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan  məscid inşa etmədikmı? Bütün bunlar isə o deməkdir ki, gün gələcək Şuşadakı Gövhərağa məscidini də biz özümüz bərpa edəcəyik”. 

Qvami Məhəbbətoğlu