Qlobal ekoloji problemlərin mənfi təsirlərini azaltmaq prioritet məsələdir

0
46

Oktyabrın 31-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib.

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıqdan danışan Muxtar Babayev ətraf mühitin mühafizəsi və ekoloji layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyət proqramı imzalandığını, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirildiğini bildirib. Layihənin çox böyük səmərə verəcəyinə əminliyini ifadə edən nazir deyib: “Bu əməkdaşlıq bizim üçün həm ictimai nəzarət, həm də böyük layihələrin icrasına dəstəkdir”.

Nazirliyin fəaliyyət istiqamətləri barədə məlumat verən Muxtar Babayev qlobal ekoloji problemlərin ətraf mühitə mənfi təsirlərini azaltmağın prioritet məsələ olduğunu bildirib. Qeyd edib ki, havanın çirklənməsinin əsas səbəbkarları böyük müəssisələr və nəqliyyat sektorudur. Atmosferə atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə ölkənin böyük şəhərlərindəki 500-ə yaxın iri ictimai-iaşə obyektində təmizləyici qurğuların quraşdırılması təmin olunub. Hazırda istismar olunan 1 milyon 402 mindən çox nəqliyyat vasitəsindən 35 faizi 10 il, 23 faizi 20 il, 19,1 faizi 30 ildən əvvəl istehsal olunmuş avtomobillərdir. 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı beş dəfədən çox artıb. Nəqliyyat sektorunun ətraf mühitə zərərli təsirlərinin azaldılması üçün avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər. Ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb.

Ölkənin su ehtiyatlarından söhbət açan nazir deyib: “Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın su ehtiyatlarının 15 faizini təşkil edir. Su ehtiyatlarımız son onilliklər ərzində azalıb və beynəlxalq iqlim modellərinə əsasən bu ehtiyatların gələcəkdə də azalma ehtimalı var. Odur ki, əhali sudan səmərəli istifadə etməli, israfçılığa yol verilməməlidir.

Muxtar Babayev bildirib ki, Kür çayının aşağı axımında suyun səviyyəsi müxtəlif məntəqələrdə 2018-ci il ilə müqayisədə 20 santimetrdən 100 santimetrədək aşağı düşüb. Mingəçevir su anbarının səviyyəsi təkcə oktyabr ayı ərzində 33 santimetr azalıb və hazırda 68,54 metr təşkil edir. Ölkədə il ərzində 12.8 milyard kubmetr suyun 3.6 milyard kubmetri (28 faiz) itkiyə gedir. Əsas su itkiləri suvarma kanallarında və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir. Suların dəqiq uçotunun aparılması, eləcə də tullantı suların təkrar dövriyyəyə qaytarılaraq texniki məqsədlər üçün istifadə olunmasına qədər bütün sistemin təkmilləşdirilməsinə ehtiyac var.

Dünyada baş verən iqlim dəyişikliklərinə toxunan Muxtar Babayev deyib ki, sürətli istiləşmə tendensiyası ölkəmizdə də özünü büruzə verir. Hava-iqlim prosesləri ilə bağlı risklər artır. Araşdırmalar göstərir ki, 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,40 dərəcə yüksəlib. İki dövr arasında – 1961-1990 və 1991-2017-ci illər üzrə aparılmış müqayisəli təhlillərə görə, Azərbaycanda atmosfer yağıntılarının miqdarı orta hesabla 14 faiz azalıb. Bu proseslərin qarşısını almaq mümkün olmasa da, əvvəlcədən xəbərdarlıq etməklə onların fəsadlarını nisbətən yumşaltmaq olar. Təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlığı təmin etmək məqsədilə ölkədə erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb. Hidrometeoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinə təminat verən müasir müşahidə sistemləri olan radarların, atmosferdə müxtəlif hündürlüklər üzrə baş verən dəyişmələri izləmək üçün radiozondların, dəniz avtomat hidrometeorloji stansiyaların tətbiqi və modernləşdirilməsi işləri görülür.

Nazir bildirib ki, hazırda prioritet istiqamətlərdən biri də meşələrin artırılması və mühafizəsidir: “Ölkə ərazisinin 95 faizinin qazla təmin olunması hesabına meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb. Meşə fondunun açıq sahələri ərzaq təhlükəsizliyini təmin etmək və ərzaq bolluğu yaratmaq məqsədilə hüquqi və fiziki şəxslərə aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilir. Meşələrin mühafizəsini və yanğından təhlükəsizliyini təmin etmək üçün Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında müşahidə kameraları quraşdırılıb və bu istiqamətdə işlər davam edir. Meşələrin dayanıqlı inkişafını təmin etmək məqsədilə kənar təsirlərə daha çox məruz qalan yerlərdə yüngül konstruksiyalı çəpərləmə işləri aparılır”.

Muxtar Babayev, həmçinin xatırladıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ilin payız əkin mövsümündə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi planlaşdırılır. “Ağacların əkilməsi ilə iş bitmir, əkilən ağacların bitiş faizinin yüksək olması, onların böyüyüb yaşıllıq zolağına çevrilməsi üçün aqrotexniki qulluq tələb olunur. Əkilən ağaclara müntəzəm nəzarət olunmalıdır. Biz bu işə ictimai təşkilatları da dəvət edirik”, – deyə M.Babayev ictimaiyyəti bu işdə aktiv olmağa səsləyib.

Ətraf mühitə mənfi təsir göstərən digər qlobal problem plastik tullantılardır. Bu barədə danışan nazir “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın icrası istiqamətdə görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, hazırda geniş yayılmış plastik torbalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və torbaların alternativ materiallardan hazırlanması üçün tədbirlər görülür. Bununla bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi isə razılaşdırma mərhələsindədir.

Ekoturizmin inkişafı məsələlərinə toxunan Muxtar Babayev məlumat verib ki, xüsusi mühafizə olunan ərazilərin genişləndirilməsi çərçivəsində Qızılağac Milli Parkı yaradılıb, həmçinin Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer qoruğun yaradılması və turizm potensialı olan ərazilərdə ekoturizmin inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Milli Parklara bu ilin 9 ayı ərzində 82 min 680 nəfər səfər edib, turist sayı orta hesabla 3 dəfəyədək artıb. Milli parklarda 111 turizm marşrutu yaradılıb, beynəlxalq ekspertlərin iştirakı ilə “Milli parklarda ekoturizmin davamlı inkişafına dair” 2020-2023-cü illər üzrə Fəaliyyət Planının işlənilməsinə başlanılıb.

Nazir ölkədə həyata keçirilən reintroduksiya proqramı barədə də məlumat verərək bildirib ki, Heydər Əliyev Fondunun və IDEA ictimai birliyinin dəstəyi ilə 12 baş Avropa bizonu Azərbaycan təbiətinə buraxılıb. Ceyranların tarixi ərazilərinə köçürülməsi işləri davam etdirilib və reintroduksiya olunmuş ceyranların sayı 220 başa çatdırılıb. azərtac