David Tonoyan Nikol Paşinyan kimi populizm xəstəliyinə tutulub

0
46

“Məlum olduğu kimi, bu günlərdə Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistin “Qarabağ konfliktinin həllini necə təsəvvür edirsiniz” sualına cavabında “Qarabağ məsələsi həll edilib” fikrini səsləndirib. Şübhəsiz,  işğalçı ölkə rəsmisinin belə bir açıqlaması hər şeydən əvvəl onun xəstə təxəyyülünün, siyasi həyasızlığının təcəssümüdür. Bir də bu, onun ilk belə açıqlması deyil ki. Əgər xatırlayırsınızsa, bir müddət öncə o, Ermənistan mediasına açıqlamasında heç bir məntiqə əsaslanmadan ölkəsinin hərbi strategiyasının müdafiədən hücuma dəyişməsi ilə bağlı fikir də səsləndirmişdi. Bu mənada David Tonoyanın son açıqlamasını onun növbəti sərsəmləməsi adlandırmaq olar. David Tonoyanının belə sərsəm fikirlər söyləməsinin əsas səbəbi,  şübhəsiz, son illər Azərbaycanın sürətli inkişafı, beynəlxalq aləmdə imicinin getdikcə artmasıdır”.

Bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov “İki sahil” qəzetinə müsahibəsində söylədi.

Bildirdi ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən sonra öz həllini tapacaq: “Buna heç kimin şübhəsi olmasın. Bir də unutmayın ki, David Tonoyan baş nazır Nikol Paşinyana zidd fikir söyləyə bilməz. Bu mənada o da, Nikol Paşinyan kimi populizm xəstəliyinə tutulub desək, səhv etmərik. Zənnimcə, elə bu populism də onların axırına çıxacaq. Onu da qeyd edim ki, hazırda Ermənistanda istər siyasi, istərsə də iqtisadi vəziyyət olduqca acınacaqlıdır. Nəticədə əhali ölkəni tərk etmək məcburiyyətində qalıb. Hətta iş o yerə çatıb ki, əgər belə demək mümkünsə, ölkədə kişi qıtlığı yaranıb. Odur ki, Ermənistan ordusu qadınların yardımına möhtac qalıb.

Ehtiyatda olan polkonvik vurğuladı ki, Dağlıq Qarabağdakı separatçı rejimi heç bir dövlət tanımır və tanımayacaq da: “Bu günlərdə Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə də Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmalarına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşündə Ermənistanın işğalçı dövlət kimi ifşa olunmasına nail olundu. Daha doğrusu, Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcəklər. Şübhəsiz, bu, böyük diplomatik uğurdur”.

Ş. Ramaldanov, həmçinin bildirdi ki, işğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində alternative varianta – güc yoluna əl atacağını da gizlətmir. “Məsələyə bütün parametrlərdən yanaşanda görərik ki, Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində belə bir addım atmağa haqqı vardır. Yəni ordumuz hər an antiterror əməliyyatı apara və işğal altındakı ərazilərimizi azad edə bilər. Onu da deyim ki, Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının sessiyasında səsləndirdiyi “Qarabağ tarixi Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsindən sonra ermənilərin kürkünə birə düşüb. Prezidentimizin Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun əvvəlində Xankəndidə söylədiyi “Qarabağ Ermənistandır və nöqtə” sərsəm, məsuliyyətsiz bəyanatına bu tutarlı cavabı ordumuzu daha da ruhlandırıb. Bu isə o deməkdir ki, ən çətin döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlməyə hər an hazır olan Azərbaycan əsgərinin qələbə əzmi çox yüksəkdir. Yəni danışıqlar heç bir səmərə verməsə, David Tonoyanın sərsəmləmələrindən asılı olmayaraq, son sözün sahibi Cənubi Qafqazın ən güclü ordusu – xalqımızın hər zaman dəstəklədiyi Azərbaycan Ordusu olacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil