“YARAT” “Üçüncü cənnət”lə Mingəçevirdə

0
82

“YARAT” Müasir İncəsənət Məkanı Mingəçevir Dövlət Rəsm Qalereyasında incəsənət həvəskarlarına səyyar sərgini təqdim edib. Sərgi Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə  həyata keçirilib. Sərgidə Mingəçevir Şəhər icra Hakimiyyətinin nümayəndəsi Tofiq Əsgərov, Rəsm Qalareyasının müdiri Böyükkişi Adilbəyli, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov çıxış edərək bu kimi tədbirlərin Mingəçevirdə keçirilməsinin əhəmiyyətindən danışıblar.

Sərginin açılışı zamanı  seyrçilər “Üçüncü cənnət” simvolunu canlı əks ediblər. Sözügedən simvol, üç halqadan ibarət olan riyazi sonsuzluq işarəsinin yenidən mənalandırılmış formasını ifadə edir. İki qarşı halqalar təbiiliyi və süniliyi vurğulayır, orta halqa isə harmoniya üzərində qurulan yeni insanlığın generativ ana bətnini təmsil edir. Ekspozisiyanın daxilində büzməli kartondan hazırlanmış Mikelancelo Pistolettonun məşhur labirint instalyasiyası ziyarətçiləri öz daxili “məni”ni, kimliyini axtarmasına vadar edir. Labirintin forması uzunmüddətli araşdırma və “fərdi səyahət” üçün metafora kimi istifadə edilib. Burada rəssam, öz yaradıcılıq metoduna sadiq qalaraq, ziyarətçiləri seyrdən yayındırmamaq üçün sadə materiallardan istifadə edir.

 “Yarat” Müasir İncəsənət Məkanının İctimayətlə Əlaqələr Departamentinin rəhbəri Hökümə Kərimova saytımızı cavablandırarkən  bildirib ki, ”Yarat” Müasir İncəsənət Məkanı 2011-ci ildən Bakı şəhərində fəaliyyət göstərir: ”Adı “yaratmaq” sözündən götürülən “YARAT” təşkilatının əsas fəaliyyətlərini sərgi proqramları, təhsil tədbirləri və festivallar təşkil edir. Əsas məqsədimiz müasir incəsənəti ictimayyətə daha da yaxın etməkdir. Artıq 3 ildir ki, bizim səyyar sərgimiz həyata keçirilir. Sırf bu konsepdə isə  Mikelancelo Pistoletto tərəfindən ərsəyə gətirilmiş “Üçüncü cənnət” (Third Paradise) nəzəriyyəsini müzakirə etməklə, 4-cü sərgimizi həyata keçiririk. Mingəçevir şəhərində isə ilk dəfədir ki, bu konsepdə sərgi təşkil edirik.

Esmira Hidayətova, Mingəçevir