Prezidentin Ağdaş və Qəbələyə səfərləri bir daha təsdiqlədi ki…

0
23

Fəaliyyətini xalqa xidmət prinsipi üzərində quran Prezident İlham Əliyev bu günlərdə Qəbələ və Ağdaş rayonlarına səfəri çərçivəsində ənənəsinə uyğun olaraq sakinlərlə də söhbətləşdi. Sadə vətəndaşlar bu görüşlərin timsalında bir daha ölkə rəhbərinin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarını gördülər. Rayon sakinlərinin söylədikləri fikirlər də bunu deməyə tam əsas verir: “Siz Azərbaycanda o qədər qlobal işlər görmüsünüz ki, bunu görməmək üçün gərək kor olasan. Biz Sizinlə fəxr edirik və sevinirik ki, Siz qiymətli vaxtınızı ayırıb bizimlə görüşə gəlmisiniz”. Şübhəsiz, bu etimadın kökündə Prezidentin həyata keçirdiyi siyasətin dövlətin və xalqın maraqlarını layiqincə təmin etməsi dayanır.

Daim vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, onların problemlərini həssaslıqla dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən dövlət başçısının atdığı addımlar xalqın Prezidentinə olan etimadını daha da artırır.  Məsələn, dövlətimizin başçısı Ağdaş rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdir ki, artıq rayonda elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur, icməli su layihəsi də icra edilib, qazlaşdırma 80 faiz səviyyəsindədir: “Mənə dedilər ki, cəmi 19 kənddə hələ qaz yoxdur. İndi Azərbaycan Dövlət Neft Şirkətinə tapşırıq verirəm ki, o 19 kəndə də qısa müddət ərzində qaz xətləri çəkilsin”. Şübhəsiz, Prezidentin bu göstərişi qısa zaman kəsiyində öz həllini tapacaq. Bu da rayon sakinlərinə növbəti bir töhfə olacaq.

Yeri gəlmişkən, onu da qeyd edək ki, səfər çərçivəsində Qəbələ və Ağdaşda 9 yeni obyektin açılışına xeyir-dua verən dövlətimizin başçısı Ağdaşın Orta Ləki kəndində yeni ümumtəhsil məktəb binasının inşası, iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini Qəbələ şəhərinin mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran,  Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası, eləcə də  “Qarabəy karvansarayı”nda ötən əsrin ortalarında məskunlaşmış sakinlərin, Qəbələ şəhərində isə istismar müddəti başa çatmış 3 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sərəncamlar da imzalayıb. Bütün bunlar isə  o deməkdir ki, Prezident İlham Əliyev mövcud problemləri  vətəndaşların arzu və istəkləri əsasında reallaşdırmağa, bu niyyətlə də bölgələrə mütəmadi səfərlər etməyə üstünlük verir. “Vətəndaşlara xidmət etmək bizim borcumuzdur. Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir” deyən dövlət başçısının hər il 30-35 rayonda olması da dediklərimizə əyani sübutdur.

Şübhəsiz, Prezidentin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, verilən tapşırıqların icrası ilə yerində maraqlanması, ölkə rəhbərinin tapşırığı ilə mərkəzi hakimiyyət qurumları başçılarının regionlarda mütəmadi keçirdikləri görüşlər xalqın dövlət institutlarına etimadını daha da yüksəldir. Odur ki, xalq-iqtidar birliyi bizim inkişafımızı getdikcə sürətləndirir. 

Xalq–iqtidar birliyini möhkəmləndirən amillər arasında bir məqamı da vurğulamaq yerinə düşərdi. Bu da Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti – əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələrinin, veteranların sosial müdafiəsi ilə bağlıdır. Odur ki,  vətəndaşlarımız  Prezident İlham Əliyevə böyük etimad bəsləyirlər.

Ölkəmizdə  xalq–iqtidar birliyi beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, Davos Dünya İqtisadi Forumunun son hesabatında hakimiyyətə olan inam baxımından biz dünya miqyasında ön sıralardayıq, daha doğrusu, ilk onluqdayıq. Elə bu fakt da Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın mövcudluğunu bir daha təsbit edir.

Prezidentin Ağdaş və Qəbələ rayonlarına səfərləri bir daha təsdiqlədi ki, bu birlik heç bir zaman pozulmayacaq və xalq-iqtidar tandemi bundan sonra xarüqələr yaradacaq. Bu isə o deməkdir ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək, xalqı narahat edən bütün problemlər tezlikə öz həllini tapacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”