Göyçay XIV Nar bayramına hazırlaşır

0
20

Göyçayda noyabrın 9-10-da keçiriləcək XIV Nar bayramına hazırlıq işləri görülür.

XIV Nar bayramı ilə əlaqədar təşkilat komitəsi yaradılıb və tədbirlər planına uyğun olaraq hazırlıq işləri aparılır. Bayram tədbiri şəhərin Heydər Əliyev parkında və prospektində, habelə şahmat və musiqi məktəblərinin qarşısındakı park və küçələrdə təşkil olunacaq. Hazırda Göyçay şəhərində təmizlik-abadlıq işləri görülür, səliqə-sahman yaradılır, mərkəzi küçələrə asfalt vurulur, səkilər təmir edilir, binaların fasad hissələri rənglənir, ərazinin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr hazırlanır.

Bayram tədbirində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək. Tədbirdə qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxacaq, ən böyük nar nümayiş olunacaq. Habelə, festivalda narın satışı da təşkil ediləcək.

Nar bayramına dəvət ediləcək qonaqlar arasında Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və xarici iş adamları da olacaq.