Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

0
24

Gündən-günə beynəlxalq nüfuzu artan Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. Belə ki, bu günlərdə Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Qeyd edək ki, bu mötəbər tədbirə ev sahibliyi etməyə namizədlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu-Dehli şəhərləri də olub.

Xatırladaq ki, 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu Beynəlxal Astronavtika Federasiyası kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu tədbir ölkəmizə kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsinə, eləcə də beynəlxalq arenada etibarlı tərəfdaş nüfuzunun daha da möhkəmlənməsinə öz töhfəsini verəcək: “Eyni zamanda, konqres ölkəmizin tarixi-mədəni ənənələrini, multikultural dəyərlərini və turizm potensialını dünyaya nümayiş etdirməklə bərabər, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da böyük əhəmiyyət daşıyacaq. Yeri gəlmişkən onu da bildirim ki, indiyədək ölkəmizdə keçirilən hər bir beynəlxalq tədbirdə qeyd etdiyim sonuncu məsələ həmişə diqqət mərkəzində olub. Bu mənada demək olar ki, kosmik sənayemiz  beynəlxalq əməkdaşlığımızın, həmçinin mövqelərimizin möhkəmləndirilməsinə də xidmət edir”.

Həmsöhbətimiz, həmçinin vurğuladı ki, informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən kosmik sənayenin inkişafı hər bir dövlətin həm iqtisadi, həm də sosial potensialının göstəricilərindən hesab olunur: “Bu, hər şeydən əvvəl, bizim ölkənin iqtisadi qüdrətinin təcəssümüdür. Məlum olduğu kimi, respublikamızda müasir kosmik sənayesinin inkişafına Prezident İlham Əliyevin 2008-ci ilin 4 noyabr tarixində kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında imzaladığı Sərəncam ilə start verilib. Məhz bundan sonra ölkəmizdə bu sahədə ciddi irəliləyişlər qeydə alınıb. Belə ki, 2013-cü ildə “Azerspace-1” telekommunikasiya peyki, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi peyki, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu gün fəxrlə demək olar ki, Azərbaycan peyk layihələri ilə kosmik klubun fəal üzvüdür”.

“Bütün bunlar bizə nə verdi” sözləri ilə söhbətini davam etdirən Milli Məclisin deputatı qeyd etdi ki, hər şeydən əvvəl, informasiya mübadiləsində xarici ölkələrdən asılılığımızı aradan qaldırdı, informasiya təhlükəsizliyimiz təmin edildi: “Bu peyklər Azərbaycan həqiqətlərinin ölkəyə və dünya ictimaiyyətinə maneəsiz çatdırılmasını təmin etməklə ötən əsrin sonlarında ölkəmizin üzləşdiyi informasiya blokadasının yenidən ortaya çıxma riskini tamam aradan qaldırıb. Onu da qeyd edək ki, “Azersky”dan  ölkənin müdafiəsi və təhlükəsizliyi istiqamətində geniş istifadə olunur. Eyni zamanda, “Azersky” peykinin xidmətlərindən ölkəmizdə kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi,  ekologiya, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi və digər sahələrdə istifadə edilir. Kosmik sənayedə əldə olunan uğurlar qeyri-neft sənayesinin davamlı inkişafına da töhfələr verir. Bir sözlə, bu gün “Azerspace-1” və “Azerspace-2”lə bərabər “Azersky” peyki də ölkəmizin iqtisadi, sosial, siyasi baxımdan inkişafında mühüm rol oynayır. 2019-cu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 28 milyon dollar dəyərində xidmət ixrac edilib”.

Milli Məclisin deputatı Azər Badamovun fikrincə, tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil ölkəmiz qısa zaman kəsiyində kosmos ölkələri sırasına daxil olub ki, bu uğura hər bir dövlət nail ola bilmir: “Bu isə o deməkdir ki, Prezident İlham Əliyev siyasəti ilə Azərbaycanı kosmos dövlətinə çevirməyi də bacarıb.  Şübhəsiz, son illər ölkəmizin daha sürətli inkişafı kosmik sənaye sahəsində daha böyük nailiyyətlərə imza atmağa imkan verib. Sevindirici haldır ki, bu gün Azərbaycan peykləri tam şəkildə yerli mütəxəssislər tərəfindən idarə olunur. Bu faktı həm də intellektual imkanlarımızın nümayişidir desək, yanılmarıq. Bu məqamda ölkə Prezidenti İlham Əliyevin bu sözlərini də xatırlamaq yerinə düşərdi: “Azərbaycanın çox möhtəşəm inkişafı hələ qabaqdadır. Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək, beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcək və bütün beynəlxalq təşəbbüslər xalqın maraqlarını müdafiə edəcəkdir”.

Qeyd edək ki, hazırda ölkəmiz MDB məkanında telekommunikasiya peykinə sahib olan 3 dövlətdən biri, Qafqaz regionunda isə ilk peykə sahib ölkədir.

Qvami Məhəbbətoğlu, “İki sahil”