Azərbaycan fəal investisiya siyasəti həyata keçirir

0
27

Bu gün Azərbaycan  əlverişli biznes, investisiya mühiti ilə seçilən ölkələrdəndir. Hətta Dünya Bankının “Doing Business 2020” hesabatına görə ölkəmiz ötən il olduğu kimi, bu il də 20 ən islahatçı ölkə sırasında yer alıb.

Şübhəsiz, iqtisadiyyatın dinamik inkişafını təmin edən başlıca şərtlərdən biri kapital qoyuluşudur. Ümumilikdə müstəqillik illərində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollar olub ki, bunun da 50 faizdən çoxu xarici sərmayələrdir. Bu günlərdə Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə – Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edərkən demişdir ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik: “İqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır”.

Şübhəsiz, indiyədək qoyulan sərmayələr, hər şeydən əvvəl, xarici investorların ölkəmizə, onun perspektivlərinə olan inamının göstəricisidir. MDB məkanında ən çox sərmayə yatırılan ölkə kimi tanınan və hər nəfərə düşən sərmayə həcminə görə regionun lider dövləti sayılan respublikamızın güclü maliyyə resurslarına malik olması, həm də regionda  ən iri kommunikasiya-infrastruktur layihələrinin reallaşmasının təşəbbüskarı kimi iştirakı xarici investorları daha böyük maraqla iqtisadiyyatımıza cəlb etməkdədir. Elə son illər ölkəmizə rəsmi səfərə gələn xarici dövlətlərin nümayəndə heyətlərinin tərkiblərində biznesmenlərin təmsil olunmaları da dediklərimizə əyani misaldır. Məsələn, bu ayın 10-da Prezident İlham Əliyevlə görüşən Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt ölkəsinin dünyada məşhur texnologiya şirkətlərini Azərbaycana gətirmək fikrində olduqlarını bildirib. İqtisadiyyat Nazirliyində isə  əlverişli biznes və investisiya mühitindən yararlanmaqla, ölkəmizdəki sənaye parkları və məhəllələrinə investisiya yatıra bilmələrindən danışılıb.

Onu da qeyd edək ki, Azərbaycan şirkətlərinin xarici bazarlara çıxması, investisiya qoyması məsələsi də dövlət siyasətimizin əsasını təşkil edir. Bu gün Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Polşa kimi ölkələr Azərbaycan investisiyalarının potensial hədəfləri sırasında yer alır. Ölkəmizin ən çox investisiya yatırdığı ölkə isə Türkiyədir. Məlumatlara görə,  ölkəmizin Türkiyə iqtisadiyyatına investisiyaları 15,1 mlrd. dollar təşkil edir. Hazırda davam edən layihələrlə bu rəqəmin 19,5 milyard dollara yüksələcəyi proqnozlaşdırılır. Qeyd edək ki, hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Azərbaycan tərəfindən  Rusiya iqtisadiyyatına isə 1,2 milyard dollar sərmayə yatırılıb. Ölkəmizdə Rusiya ilə birgə layihələr də reallaşdırılır. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasındakı işbirliyi, helikopterlərin təmiri və texniki xidmət mərkəzinin, Hacıqabulda izolyasiya materialları istehsalının təşkili layihələri Azərbaycan-Rusiya sənaye-investisiya əməkdaşlığının önəmli nümunələri sayıla bilər.

Bu mənada demək olar ki, qlobal enerji təhlükəsizliyi sahəsində mühüm nailiyyətlərə imza atan Azərbaycan hazırda fəal investisiya siyasəti həyata keçirir. İndi bir sıra xarici dövlətlər Azərbaycan investisiyasının öz ölkələrinə gəlişində daha maraqlı tərəf kimi çıxış edirlər. Elə bu səbəbdən də ölkəmiz dünyanın ən aparıcı potensial investorlarından birinə çevrilməkdədir.

Qoyulan bu sərmayələr Azərbaycanın iqtisadi cəhətdən daha da güclənməsinə yol açmaqla bərabər, onun ümumi maraqlarının təmin edilməsində vacib rol oynayır. Ölkə başçısı İlham Əliyev çıxışlarının birində demişdir ki, xaricə qoyduğumuz milyardlarla ölçülən investisiyalar Azərbaycanın maraqlarını təmin edir. Şübhəsiz, bu, həm də ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Çünki, iqtisadi amillərə əsaslanan bu sərmayələrin gələcəkdə bizə çox gəlir gətirəcəyi şəksizdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”